"Təmiz hövzələr" aksiyası çərçivəsində sahilboyu ərazilər tullantılardan təmizlənib
Neftçala Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə aksiya təşkil olunub. Aksiyada Neftçala RİH, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yeni Azərbaycan Partiyasının, GİKM-nin, Gİİ-nin və digər təşkilatların könüllüləri iştirak edib.
"Təmiz hövzələr" aksiyası çərçivəsində Xəzər dənizinin sahil akvatoriyası, Kür çayı su hövzələrinin sahilboyu ətraf əraziləri tullantılardan təmizlənib.
"Təmiz hövzələr" aksiyasının keçirilməsində məqsəd daxili su hövzələrinin sahilboyu ətraf ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və bu işlərə daha geniş kütləni cəlb etməklə ölkənin sahilboyu ərazilərinin təmizliyinə nail olmaqdır.