Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
25 may tarixində Neftçala Rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiya qaydalarına uyğun olaraq Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, şəhid valideynləri və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edib.
Konfransdan öncə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib gül dəstələri düzüblər və ruhlarına dualar oxunub.
Daha sonra Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, həmçinin hesabat dövründə dünyasını dəyişmiş ağsaqqal və ağbirçəklərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsi və məsləhətinin xüsusi əhəmiyyət kəsb etdiyini, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözünün, xeyir-duasının həmişə ən ali həyat məramı olduğunu bildirib. Ağsaqqallıq ənənələrinin inkişaf tarixinin başlanğıcı məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə əlaqədardır. 1993-cü ildə ölkəmiz parçalanmaq təhlükəsi ilə üzləşəndə Ulu Öndərə Azərbaycanı xilas etmək üçün müraciət edənlərin böyük əksəriyyəti də elə ağsaqqallar olmuşdu. Ulu Öndərin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyev də ağsaqqallarımıza güvənir və hər zaman onlara öz inamını bildirib.
Sonra Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Çıxışlarda Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verilib və tövsiyələri çatdırılıb yeni seçiləcək heyətə uğurlar arzulanıb.
Konfransda rayon Ağsaqqallar Şurasının üzvləri şəhid atası Təhmasib Məlikov, Abasqulu İskəndərli, Orucəli Hüseynov və Telman Quliyev çıxış edib, onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdiblər.
Konfransda sonra təşkilati məsələlərə baxılıb Neftçala Rayon Ağsaqqallar Şurasının Əsasnaməsi təsdiq edilib, Əbülfəz Ağayev Ağsaqqallar Şuranın yeni sədri seçilib, həmçinin İdarə heyətinə Gülağa İmanov, Bahəddin Leysanov, Elçin Əsədov, Vidadi İsmayılov, Rəşid Manafov, Oktay Kərimov, Hüsniyyə Ələkbərova üzv seçiliblər. Təftiş komissiyasına isə Telman Quliyev, Abasqulu İskəndərov və Orucəli Hüseynov yeni tərkibə üzv seçiliblər.