Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

15 fevral 2014 | 16:00

13 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə  həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayonu İcra  Hakimiyyətinin 2013-cü ildə gördüyü işlər, 2014-cü ildə qarşısında duran məsələlər barədə Rayon İcra Hakimiyyəti başçısının hesabatı keçirilmişdir. Hesabatda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev çıxış edərək bildirmişdir ki, 2013-cü ildə rayonda ümumi məhsul istehsalının həcmi 2012-ci ilə nisbətən 9,7 %  artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 191,9 milyon manat olmuşdur ki, bu da 2012-ci  ilin göstəricisi ilə  müqayisədə 16,9  milyon manat çoxdur. 2013-cü ildə ümumi məhsulun tərkibində sənaye məhsulu 27,4 milyon manat və ya ümumi məhsulun 14,3 %-i qədər, kənd təsərrüfatı məhsulu 80 milyon 263,1 min manat və ya 41,8 %, nəqliyyat xidməti 1 milyon 838,0 min manat  və ya 0,9 %, rabitə xidməti 506,6 min manat  və ya 0,3 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 65 milyon 804,4 min manat və ya 34,3 % , tikinti işlərinin həcmi 16 milyon 52,3 min manat və ya 8,4 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2012-ci ilə nisbətən 7,5 % artaraq 87,3 %-ə çatmışdır. Adambaşına 2320,9 manatlıq və ya  2012-ci ilə nisbətən 3,8 % çox məhsul istehsal edilmişdir.
2013-cü ildə rayonda 5 yeni müəssisə yaradılmış, 1 müəssisənin fəaliyyəti bərpa edilmiş, 601 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 8, fəaliyyəti bərpa edilmiş müəssisədə 5, fiziki şəxslər üzrə 601, mövcud müəssisə və təşkilatlarda 67 olmaqla, cəmi 681 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 184 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 1211 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
        Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 27,4 milyon  manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 86,5 % təşkil etmişdir.
        2013-cü ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 614,0 min ton yük,  6 milyon 816,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2012-ci ilə nisbətən yük daşınması 5,3 %, sərnişin daşınması isə 7,2 % artmışdır.
        Hesabat dövründə  rabitə müəssisələri tərəfindən  əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 506,6  min manatlıq rabitə xidməti göstərilmişdir.  Göstərilən rabitə xidmətlərinin həcmi 2012-ci illə müqayisədə 17,3 % artmışdır. Ümumi xidmətin 94,9 %-i bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 62  ədəd telefon aparatı düşür.
        Hesabat dövründə əhalinin nominal pul gəlirləri 54 milyon 147,0 min manat olmuş, 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8,9 % artmışdır. Adambaşına düşən pul gəlirləri 7,6 % artaraq  655,0  manat olmuşdur. Rayon üzrə  bir işçinin orta aylıq əmək haqqı 259,7 manat təşkil edir. Bu isə 2012-ci ilə müqayisədə 2,4 % çoxdur. İlin əvvəlindən əhaliyə 154,5 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 7,7 % artaraq 130,3 milyon manata, pullu xidmətlərin həcmi 8,6 % çoxalaraq 21,6 milyon manata, iaşə xidmətlərinin həcmi 6,9 % artaraq 2,6 milyon manata çatmışdır.
       2013-cü il üçün rayonun yerli gəlirləri 4 milyon 513,0 min manat, xərcləri isə 15 milyon 348,1 min manat təsdiq olunmuşdur. 2013-cü ildə büdcəyə 4 milyon 513,0 min manata qarşı 4 milyon 626,7 min manat  vəsait daxil olmuş və ya 102,5 % icra olunmuş, yerli xərclər 15 milyon 348,1 min manata qarşı 14 milyon 980,7 min manat və ya 97,6 % icra olunmuşdur.
         01 yanvar 2014-cü il tarixə pensiya və müavinət alanların sayı 13262 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 1369 ailə olmuş, 144 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir.
         2013-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 nəfər müharibə əlilinə pulsuz avtomobil verilmişdir. 
2013-cü il ərzində Rayon Məşğulluq Mərkəzi  tərəfindən 350 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş, 29 nəfər peşə hazırlığı kursuna cəlb olunmuş və 35 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. 47 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən 3 bank və 1 bank olmayan kredit təşkilatlarının filialları tərəfindən sahibkarlara və vətəndaşlara ümumilikdə 6 milyon 372,1min manat kredit verilmişdir ki, bu da 2012-ci il ilə müqayisədə 75,0 % çoxdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 23 nəfər sahibkara 257,0 min manat məbləğində kredit verilmişdir.     
        2013-cü ildə Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona  140,5 milyon kvt. saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 45,4 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 85,5 faizi ödənilmişdir. Bu da 2012-ci illə müqayisədə 5,0 % çoxdur. Əhali abonentlərinin sayğaclaşdırılması 98,9 % təşkil edir.
          2013-cü ildə Rayon Qaz İstismar Sahəsi tərəfindən 9 milyon 864,2  min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 8 milyon  892,5 min kub metr olmuş, bunun da  dəyərinin 103,2 % ödənilmişdir ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 13 % çoxdur. Əhali abonentlərinin sayğaclaşdırılması 99,0 % təşkil edir. Rayonda qaz təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müxtəlif ölçüdə 5830 metr boru xətləri çəkilmişdir. Hazırda rayonun qazlaşdırılması işləri davam etdirilir.
          2013-cü ildə rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 3 milyon 461,7 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2012-ci ilin müvafiq göstəricidən 20,6 % çoxdur.
Rayonda 2013-cü ildə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, 2013-cü ildə əvvəlki illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu artaraq 80 milyon 686 min manat olmuşdur. Göstərilən dövrdə diri çəkidə 10766,5 ton ət,  23733,8 ton süd, 4205 min ədəd yumurta, 253,3 ton yun istehsal olunmuş, ötən illə müqayisədə ət istehsalı 4476,4 ton, süd istehsalı 865 ton, yumurta istehsalı 189 min ədəd, yun istehsalı 16,7 ton artmışdır.
2013-cü ilin məhsulu üçün 42944,2 hektar sahəyə taxıl əkilmiş, sahələrdən 110,9 min  ton məhsul toplanmışdır.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su və  Meliorasiya təşkilatları tərəfindən 511 km suvarma kanalları, 172,2 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 71 ədəd, kollektor-drenlərdə 65 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 01 yanvar 2014-cü il tarixə iri buynuzlu mal-qaranın baş sayı 41839 baş, qoyun və keçilərin baş sayı 128299 başa çatdırılaraq ötən ilə müqayisədə müvafiq olaraq  560 və 5223   baş artmışdır.
Məhsul istehsalçılarının maddi marağını artırmaq məqsədilə hesabat ilində rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına 2 milyon manatdan çox vəsait verilmişdir ki, bu da rayonda kənd təsərrüfatı məhsullarının ilbəil artmasına gətirib çıxartmışdır.
Rayonun Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin müvafiq sərəncamı ilə Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisi 2006-ci ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında “Əhalinin Ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı”na daxil edilmiş, kanalın 2008-2013-cü illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən 2013-cü ilin sonunadək  həmin kanalın tikintisinə 10 milyon manat vəsait sərf olunmuşdur. Layihənin icrasının sürətləndirilməsinə  ciddi ehtiyac vardır.
Rayon İcra Hakimiyyəti 2013-cü ildə rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə   xüsusi önəm vermişdir.
Hesabat dövründə rayonun təmir-tikinti təşkilatları və xidmətləri tərəfindən yerinə yetirilmiş işin həcmi 11 milyon 45 min manat olmuşdur  ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  5 milyon 583 min manat çox olmuşdur.
Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, yeni parkların salınması, prospekt boyunca yol kənarlarının abadlaşdırılması, tikilməkdə olan, Heydər Əliyev mərkəzinin inzibati binasının, “Bayraq” meydanının, “Şəhidlər Kompleksi”nin, Kür  çayı sahilində “Bulvar”ın  tikintisi, yeni müasir saat qülləsinin tikintisi, uzunluğu 3,7 km olan Neftçala şəhərini iki hissəyə ayıran “Axmaz Göl”ün ekoloji cəhətdən sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi, Kür çayı sahilində, Bankə  qəsəbəsi ərazisində mini futbol meydançasının inşası uğurla davam etdirilir.  Hazırda  rayonun “Şorsulu-  Xolqarabucaq Xəzərkənd” avtomobil yolu, Hüseyn Cavid parkında müasir standartlara cavab verən mini futbol meydançası istifadəyə verilmiş,  Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisində son tamamlama işləri aparılır. Rayonun Kürkənd kənd 200 şagird yerlik, Yuxarı Qaramanlı kənd 360 şagird yerlik məktəb binalarının və Aşağı Surra kənd tam orta məktəbin əsaslı təmiri və  10 əlavə sinif otaqlarının tikintisi davam etdirilir. Həmçinin  Qarabağ və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 90 mənzilli binanın inşası və “İdman Kompleksi”nin tikintisi ilə əlaqədar ərazilər də ayrılmış və “İdman Kompleksi”nin tikintisi ilə bağlı işlərə başlanılmışdır.
Hazırda Neftçala şəhəri Ağaşirin Cəfərov küçəsində bina 3a-nın, Heydər Əliyev prospekti 33 ünvanında Mərkəzləşdirilmiş Kitabxana Sistemi binasının, Heydər Əliyev prospekti 38 ünvanında rayon Gündoğar qəzeti redaksiyasının, Heydər Əliyev prospekti 32 ünvanında Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının  fasad hissəsinin poliuretan üzlük məmulatlarla üzlənməsi və Heydər Əliyev Prospektində, 20 Yanvar, Ağaşirin Cəfərov, Məhəmməd Əsədov küçələrində yerləşən binaların dam örtüklərinin dəyişdirilməsi həyata keçirilir.
39 saylı Yol İstismar İdarəsi 2013-cü  ildə yerinə yetirilmiş yol təmiri işləri və yolların saxlanmasına 666,0 min manat vəsait sərf edilmişdir.
Neftçala şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2013-cü  ildə  275303 min manatlıq, o cümlədən sanitar təmizliyə  184876 min  manatlıq, yaşıllaşdırma işlərinə  90427  min manatlıq vəsait sərf etmişdir.
Hesabat dövründə Neftçala rayonu İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsi, normativ hüquqi aktların əhali arasında təbliği, dövlət rəmzlərinin tərtibatı və mühafizəsi sahəsində müəyyən işlər görülmüş, dövlətimizin hümanitar siyasət xəttinin həyata keçirilməsi məsələlərinə xüsusi fikir verilmiş, içtimai təşkilatlarla və siyasi partiyalarla əlaqəli işlər gücləndirilmiş, təhsil, səhiyyə, mədəniyyət, gənclərlə iş və idman sahələrində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, mməktəblərin infrastrukturunun yeniləşdirilməsi məqsədilə  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  təsdiq edilmiş "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı"na uyğun olaraq 2013-cü il ərzində rayonda 260 yerlik Xəzər kənd tam orta məktəbi üçün yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Hazırda isə 2 məktəbin - 200 yerlik Kürkənd kənd ümumi orta və 360 yerlik Yuxarı Qaramanlı kənd tam orta məktəblərinin tikintisi və Aşağı Surra kənd tam orta məktəbinin isə əsaslı təmiri və 10 əlavə sinif otağının tikintisi davam etdirilir. Bütün bunlarla yanaşı, rayonda ümumtəhsil məktəblərinin əksəriyyətinin əsaslı təmirinə və yeni məktəb binalarının tikintisinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyacı vardır. Rayonda 5 məktəb və 5 uşaq bağçası qəza vəziyyətindədir. Ümumtəhsil məktəblərində informasiya və kommunikasiya texnologiyalarından müasir tələblərə uyğun istifadə olunması, müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı" na müvafiq olaraq aparılmışdır. Rayon Təhsil Şöbəsi və 11 məktəb sürətli internetə qoşulmuş, daha 14 məktəbin isə sürətli internetə qoşulması üçün lazımi texniki işlər görülmüşdür.
Hesabat ilində Rayon Təhsil Şöbəsi və təhsil müəssisələri tərəfindən gənc nəslin təlim-tərbiyəsinin və mənəviyyatının yüksəldilməsi məsələlərinə ciddi fikir verilmiş və tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması  məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, məktəblərdə tədrisin keyfiyyəti və dərsə davamiyyət yoxlanılmış, buraxılış sinif şagirdlərinin bilik səviyyəsinin yüksəldilməsi məqsədilə sınaq işləri və test yoxlamaları keçirilmiş, monitorinqlər aparılmış nəticələr təhlil olunaraq  məktəb rəhbərlərinə və fənn müəllimlərinə əməli göstəriş və tövsiyələr verilmişdir. Ötən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarının nəticəsində 733 nəfər XI sinif şagirdi attestat, 1007 nəfər isə IX sinif şagirdi ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamə almışdır. Buraxılış imtahanlarında şəhər 1 və 4 saylı, Həsənabad qəsəbə, Xolqaraqaşlı, Mürsəqulu, Ərəbqardaşbəyli, Cəngan və II Qaralı kənd  tam orta məktəbləri daha yaxşı nəticə göstərmişlər. 
Ali məktəblərə tələbə qəbulunda bu il uğurlar daha da artmışdır. Rayon üzrə 733 məzunun 384 nəfəri ali məktəbə qəbul üçün ərizə vermiş, sənəd verənlərdən 204 nəfəri  tələbə adını qazanmışdır. Qəbul olunanların 33 nəfəri 500-lə 600 bal arasında, 10 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. 600-dən yuxarı bal toplayanlar Neftçala şəhər 4 saylı, Qədimkənd, Aşağı Surra və Qaçaqkənd kənd tam orta məktəblərinin şagirdləri olmuşlar. Məzun və abituriyent sayına görə qəbul faizi də ötən illə müqayisədə artmış, uyğun olaraq bu rəqəm rayon üzrə 27,8 % və 53,1 % təşkil etmişdir. Ali məktəblərə tələbə qəbulu göstəricilərinə görə ən yaxşı göstərici Neftçala şəhər 1 və 4 saylı, Ərəbqardaşbəyli, Mürsəqulu, Xıllı qəsəbə 1 saylı və Qədimkənd kənd tam orta məktəblərinin  payına düşür.  Rayon Təhsil Şöbəsində rayon üzrə ali məktəblərə qəbulun vəziyyəti təhlil olunaraq müzakirə olunmuş, yaxşı nəticə göstərmiş məktəb rəhbərlərinin işi qeyd edilmiş, nəticəsi aşağı olan məktəb rəhbərlərinə isə konkret tapşırıq və göstərişlər verilmişdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ölkənin təhsil sisteminin daha da modernləşdirilməsi, təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması ilə bağlı müxtəlif genişmiqyaslı tədbirlərin həyata keçirilməsinin istiqamətləri müəyyən edilmiş, bu sahədə qarşıya mühüm vəzifələr qoyulmuşdur.  
Hesabat dövründə rayonun səhiyyə obyektləri tərəfindən əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür.
Hesabat ilində rayon üzrə 1113 körpə  doğulmuş, doğulan  körpələrin  99,9 %-i  doğum evlərində yoluxucu xəstəliklərə qarşı peyvənd olunmuşdur. 2013-cü ildə rayon üzrə 0-1 yaşda  3 uşaq ölümü olmuş, 0-14 yaşda olan uşaq kontingentinə aparılan vaksinasiya və immunizasiya  tədbirləri planı  98,7 % yerinə yetirilmişdir.  İl ərzində rayonda  uşaqlar arasında difteriya, göyöskürək, poliomielit, tetanus, qızılca kimi yoluxucu infeksion xəstəliklər qeydə  alınmamışdır.
Ötən dövrdə xəstələr tərəfindən ambulator müraciətlərin sayı 152936 olmuş, stasionar müalicəyə 1310 xəstə daxil edilmişdir.
Xəstəxananın maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması və personalın iş şəraitinin müasir tələbata uyğun şəkildə qurulması istiqamətində də bir sıra addımlar atılmış, ötən ilin avqust ayından Mərkəzi Xəstəxananın əsaslı təmiri işlərinə başlanılmışdır. Xəstəxana korpuslarının yenidən qurululması və  burada müasir standartlara cavab verən bir kompleksin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Hazırda əsaslı təmir işləri davam etdirilir. Bütün bunlarla yanaşı rayonun əksər səhiyyə müəssisələrinin əsaslı təmirinə,  uyğunlaşdırılmış binalarda yerləşən həkim məntəqələri üçün isə yeni binaların tikintisinə ehtiyac vardır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına  dair Dövlət Proqramı” na müvafiq olaraq rayonumuzda da müəyyən işlər görülmüş və bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlarla yanaşı rayonda turizmin inkişafı ilə bağlı müasir infrastruktura malik otel və istirahət guşələrinin, dəniz sahilində müalicəvi sanatoriyanın tikintisinə də böyük ehtiyac vardır.
Hesabat ilində rayonun mədəniyyət obyektləri əhaliyə göstərilən mədəni-maarif xidmətini daha da yüksəltmək məqsədilə bir sıra əməli tədbirlər həyata keçirilmiş, tarixi hadisələr, bayramlar və yubileylərlə bağlı geniş və maraqlı mədəni-kütləvi tədbirlər, anım mərasimləri, ədəbi-bədii gecələr, görüşlər, kitab sərgiləri, oxucu konfransları və konsertlər təşkil olunmuşdur.  Belə ki, 2013-cü ildə mühüm ictimai-siyasi tədbir olaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı rayonda silsilə tədbirlər keçirilmiş, yubiley ilə bağlı yekun tədbirdə rayonun H.Cavid  adına Mədəniyyət və İstirahət parkında  respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə gözəl konsert proqramı və atəşfəşanlıq təşkil edilmiş, bayram tədbiri  rayon sakinlərinin böyük marağına səbəb olmuşdur. 
Ötən əsrin 50-ci illərində rayonumuza rəhbərlik etmiş, bir çox rəhbər orqanlarda çalışmış, görkəmli siyasi xadim Kamran Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin müvafiq sərəncamına əsasən respublika əhəmiyyətli qonaqların iştirakı ilə Rayon Mədəniyyət və İncəsənət Sarayında geniş yubiley tədbiri də təşkil edilmişdir.   
Mərkəzi Kitabxana Sistemində əlamətdar günlər və respublikanın görkəmli şəxslərinin yubileyləri ilə bağlı maraqlı tədbirlər təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" nın icrası istiqamətində müvafiq işlər  həyata keçirilmişdir.
Rayonda qeydiyyatdan keçmiş 22 tarixi abidə mühafizə olunur. Onlardan 4-ü arxitektura abidəsi, 2-si bağ-park manumental və xatirə abidələri, 4 ədəd yerli əhəmiyyətli arxeoloji abidə, 12-si isə ölkə əhəmiyyətli tarixi abidələrdir.
Hesabat  dövründə rayonun H. Cavid  adına Mədəniyyət və İstirahət   parkında  yenidənqurma və abadlıq işləri aparılmışdır. Əhalinin asudə vaxtının səmərəli keçməsi üçün parkda lazımı şəraitin yaradılması, Mədəniyyət və Turizm şöbəsi tərəfindən maraqlı konsert  proqramlarının keçirilməsi əhali tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.
Lakin bunlarla yanaşı rayon ərazisində olan əksər tarixi abidələrin, mədəniyyət evlərinin, Xıllı qəsəbə 1№-li mərkəzi kitabxanasının, eləcə də Uşaq İncəsənət məktəbinin əsaslı təmir olunmasına, Neftçala şəhər Mədəniyyət və İncəsənət Sarayının, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Tarix-Diyarşünaslıq Muzeyinin istilik sistemlərinin çəkilməsinə və onların maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyac vardır.
Hesabat dövrü ərzində rayonda gənclərlə işin təşkili sahəsində, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, rayonun  H.Cavid adına Mədəniyyət və İstirahət parkında yeni mini futbol meydançası gənclərin istifadəsinə verilmiş,  Bankə qəsəbəsində Kür çayı sahilində isə tikintisi davam etdirilir.  01 - 10 may 2013-cü il tarixlərində rayonun İdarə və təşkilatlar arasında Ümummilli liderimiz H.Əliyevin xatirəsinə həsr olunmuş mini- futbol üzrə rayon birinciliyi keçirilmişdir.
2013-cü il idman sahəsində əlamətdar hadisələrdən biri kimi Neftçala  rayonunda Olimpiya  İdman Kompleksinin tikintisi işlərinə başlanılmasını qeyd etmək olar.
İl ərzində rayon ərazisində ictimai-siyasi sabitliyi qoruyub saxlamaq və demokratik prinsiplərə əməl etmək məqsədilə siyasi partiyalar və qeyri-hökumət təşkilatlarla əlaqəli işlər gücləndirilmiş, onların fəaliyyəti ilə bağlı işlərə diqqət artırılmışdır. Rayonda 13 siyasi partiya, 19 qeyri-hökümət təşkilatı fəaliyyət göstərir.
Rayonda fəaliyyət göstərən Dini Komissiyanın üzvləri din xadimləri ilə müntəzəm olaraq görüşmüş, onlara "Dini etiqad azadlığı haqqında" Qanunla və dövlətçilik maraqları çərçivəsində fəaliyyət göstərmələri tövsiyə olunmuşdur. Rayonda dini durum da daim nəzarətdə saxlanılmış, xaricdən istiqamətləndirilən missioner fəaliyyəti aşkar edilməmişdir. Fəaliyyətdə olan 45 məsciddən 25-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən rəsmi qeydiyyatdan keçmişdir.
İnzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, idarə, müəssisə və təşkilatlarda yaradılmış təbliğat və təşviqat qrupları müntəzəm olaraq əhali ilə görüşmüş, ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət, respublikada sosial-iqtisadi və demokratik istiqamətdə əldə edilən yüksək nəticələr onlara çatdırılmışdır.
Ölkəmizin ictimai-siyasi həyatında mühüm əlamətdar  hadisə hesab edilən Prezident seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsi üçün respublikamızın hər yerində olduğu kimi rayonumuzda da lazım olan bütün tədbirlər  görülmüş və bütün görülən bu işlərin sonunda rayon ictimaiyyətinin böyük fəallığı ilə baş tutan prezident seçkilərində səsvermə hüququna malik rayon seçiciləri xalqımızın layiqli oğlu, özlərinin xoşbəxt gələcəklərinin təminatçısı cənab İlham Heydər oğlu Əliyevə səs  vermişlər.  
Rayonda fəaliyyət göstərən "Gündoğar" rayon qəzetində Respublika Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət təbliğ olunmuş, sosial-iqtisadi məsələlər geniş işıqlandırılmış, milli-mənəvi dəyərlərin təbliğinə dair materiallar dərc edilmişdir.
Ordu sıralarına çağırışla əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına uyğun olaraq çağırışın vaxtında və keyfiyyətlə keçirilməsini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti ilə Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsi tərəfindən müəyyən tədbirlər həyata keçirilmiş, rayonda çağırışla bağlı fərmanların icrasına daim vaxtında əməl olunmuşdur. Hərbi çağırışçıların vətənpərvərlik ruhunun yüksəldilməsi və onların hərbi çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında, xüsusən də gənclər arasında söhbətlər aparılır, təbliğat işləri həyata keçirilir.
2013-cü ildə Rayon Səfərbərlik və  Hərbi  Xidmətə  Çağırış  şöbəsi  tərəfindən 526 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur
2013-cü ildə Rayon Polis Şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 89 cinayət  hadisəsi  qeydə alınmışdır.   Aparılmış  əməliyyat  axtarış   tədbirləri nəticəsində baş vermiş  cinayət  hadisəsinin 65- nın üstü açılmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılma faizi 85,5  % təşkil edir.
Rayon Polis Şöbəsi tərəfindən keçirilmiş kompleks əməliyyat - axtarış və profilaktiki tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin əkilib becərilməsinin və yayılmasının qarşısının alınması üçün tədbirlər keçirilmiş və 2013-cü ildə 17  fakt aşkar olunmuşdur. 2012-ci ilə nisbətən  2013-cü ildə narkomaniya ilə bağlı 1 cinayət hadisəsi çox aşkarlanmışdır. Ümumilikdə rayon üzrə ümumi cinayətlərin sayı  2012-ci ilə nisbətən 2013-cü ildə 40  fakt azalmışdır.
Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhv edilməsi üzrə Rayon Komissiyası tərəfindən 2013-cü ildə 2,047  qram tiryək, 9,13 qram həşiş, 1,468 qram heroin, 68,54 qram marixuana  yandırılaraq məhv edilmişdir.
2013-cü il  ərzində  rayonda bələdiyyələrin işlərinin əlaqələndirilməsi və möhkəmləndirilməsi sahəsində bəzi tədbirlər həyata keçirilmişdir. Rayonda 19 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələr tərəfindən hər il olduğu kimi bu il də  "Azərbaycanda yerli demokratiya həftəsi" layihəsi uğurla həyata keçirilmişdir. 2013-cü ildə Respublika üzrə keçirilən "Bir bələdiyyə azı bir layihə" təşəbbüsünə rayonun bələdiyyələri də fəal qoşulmuşlar. 2013-cü ildə ümumi dəyəri 163.4 min manat proqnozlaşdırılan müxtəlif sahələri əhatə edən layihələrin  icrası nəzərdə tutulmuş və ümumilikdə il ərzində 107,6 min manat həcmində layihələr həyata keçirilmişdir.
Bələdiyyə torpaqlarından və mülkiyyətində olan əmlakdan qanunvericiliyə uyğun olaraq istifadənin vəziyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, rayon üzrə 145 min 171 hektar ümumi torpaq sahəsinin 50 min 87 hektarı bələdiyyələrin mülkiyyətindədir. Bələdiyyələr ötən ildə mülkiyyətlərində olan torpaqlardan səmərəli istifadə etməyə çalışmışlar.
2013-cü ildə Rayon İcra Hakimiyyəti başçısı aparatı ərazidə nizam-intizamı, qayda-qanunu möhkəmləndirmək, kadrların tapşırılmış iş üçün məsuliyyət hissini artırmaq məqsədilə  hesabat dövründə başçı yanında  24 şura iclası hazırlayıb keçirmiş, həmin tədbirlərdə  27 məsələ müzakirə olunmuş və aparatın şöbələri tərəfindən şura iclasının qərarlarının icrası nəzarətə götürülmüşdür.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyarı görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafik tərtib olunmuşdur.
2013-ci ildə  Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qrafikə uyğun olaraq yerlərdə əhali ilə 43 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 5137 nəfər iştirak etmişdir. Keçirilən bu görüşlərdə 229 nəfər  143 tənqidi qeyd və təkliflə çıxışlar etmişlər ki, bunlardan 30-u yolların əsaslı təmiri, 20-si yaşayış məntəqələrinin qazlaşdırılması, 27-si suvarma və drenaj kanallarının lildən təmizlənməsi , 19-u içməli su təminatının yaxşılaşdırılması, 21-i elektrik təchizatının yaxşılaşdırılması, 5-i təmizlik və abadlıq, 4-ü məktəblərin əsaslı təmiri və 17-si digər məsələlərdən  ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyatı üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər  qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin  aradan qaldırılmasından ötrü tədbirlər həyata keçirilmişdir
Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kəndlər üzrə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin 2013-cü ildə gördükləri işlərə dair yekun hesabatları keçirilmiş və bu hesabatlarda vətəndaşlar tərəfindən səslənən təkliflər, tənqidi qeydlər ümumiləşdirilmiş və həlli rayon səviyyəsində mümkün olan məsələlərin həllinə çalışılmış, digər məsələlərlə bağlı aidiyyatı yuxarı orqanlara müraciət edilmişdir. Belə ki, qrafikə uyğun olaraq 18 inzibati ərazi nümayəndəliyinin hər birində Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvlərinin və İcra Hakimiyyətinin məsul işçilərinin iştirakı ilə hesabat yığıncaqları keçirilmiş və bu yığıncaqlarda  1857 nəfər iştirak etmiş, 80 təklif verilmişdir .
İnzibati ərazi dairələri üzrə nümayəndəliklər öz işlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-ci il 6 iyun tarixində 648 nömrəli fərman ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq qurmağa çalışmışlar. Ərazi nümayəndəliklərində sənədləşmə və  kargüzarlıq işinin təşkili dövlət orqanlarında kargüzarlığın aparılmasına dair təlimatın tələblərinə və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu”na müvafiq olaraq qurmağa səy göstərmişlər. Bir sıra ərazi nümayəndələrinə sənədləşmə və kargüzarlığın aparılmasına dair qanuna müvafiq tövsiyələr verilmişdir
  Qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya  və kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında 16 yanvar 2013-cü il tarixli 2664 nömrəli sərəncam imzalamışdır. Bu sahədə operativ idarəetmə mərkəzlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir.
       Operativ idarəetmə mərkəzlərinin yaradılması ilə bağlı Rayon İcra Hakimiyyətində operativ idarəetmə mərkəzi olacaq inzibati ərazi dairələri üzrə nümayəndəliklərdən ibarət 7 mərkəz yaradılmışdır ki, digər qonşu olan 11 inzibati ərazi dairələri üzrə nümayəndəliklər də bu  mərkəzlərdən istifadə edəcəkdir.
2013-cü il ərzində Rayon İcra Hakimiyyəti başçısı aparatına vətəndaşlar tərəfindən 797 ərizə, şikayət və təklif daxil olmuşdur ki, bunlardan 234 müraciət, o cümlədən 9 müraciət nəzarət qaydasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 24 müraciət Azərbaycan Respublikasının Milli Məclisindən, 7 müraciət Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, 45 müraciət Respublikanın digər təşkilatlarından daxil olmuşdur. 487 ərizə, şikayət və təklif isə bilavasitə vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır. 
Daxil olmuş müraciətlər mövzular üzrə araşdırılarkən 119 müraciət sahibkarlığın inkişafına dair məsələləri, 141 müraciət  kənd təsərrüfatı məsələləri, 14 müraciət təhsil məsələləri, 6 müraciət səhiyyə məsələləri, 19 müraciət Rayon İcra Hakimiyyətinin fəaliyyəti, 11 müraciət bələdiyyələrin fəaliyyəti, 15 müraciət nəqliyyat məsələləri, 6 müraciət  mədəniyyət, idman və turizm məsələləri, 86 müraciət əmək və əhalinin sosial müdafiəsi məsələləri, 16 müraciət enerji və istilik təchizatı məsələləri, 7 müraciət su və kanalizasiya  məsələləri, 248 müraciət mənzil məsələləri, 5 müraciət hüquq məsələləri, 33 müraciət ailə və məişət məsələləri, 71 müraciət digər məsələləri ilə əlaqədar olmuşdur.
2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 234 müraciət, o cümlədən 9 müraciət nəzarət qaydasında daxil olmuşdur. Müraciətlər mövzular  üzrə araşdırılarkən 32 müraciət Kür çayının daşması nəticəsində evinə dəymiş ziyan və evinin qəzalı olması, 71 müraciət mənzil məsələləri, 25 müraciət kənd təsərrüfatı məsələləri, 48 müraciət əmək və əhalinin  sosial müdafiəsi məsələləri, 58 müraciət  kommunal, hüquqi və digər məsələlər barədə olmuşdur.
2013-cü ildə Rayon İcra Hakimiyyəti başçısı aparatında İcra başçısı tərəfindən 227 vətəndaş qəbul olunmuşdur ki, onlarında müraciətləri xarakterinə görə araşdırılarkən  18 müraciət mənzillə təmin olunma, 42 müraciət işlə təmin olunma, 20 müraciət ünvanlı sosial yardım və  maddi yardım edilməsi, 23 müraciət kommunal məsələlər, 20 müraciət  tikinti materialları ilə əlaqədar köməklik, 28 müraciət evinin qəzalı olması, 40 müraciət kənd təsərrüfatı və torpaq məsələləri, 36 müraciət digər məsələlər barədə olmuşdur.
Qəbullarda müraciət edən hər-hansı bir vətəndaşa məhdudiyyət qoyulmadan  sərbəst müraciət etməsinə şərait yaradılmışdır. Həmçinin Rayonu İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu cədvəli və qəbulla bağlı əlaqə telefon nömrələri vətəndşların hər zaman  nəzərinə çatdırılır.  Milli Qəhrəmanlar və onların ailə üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ əlilləri və digər imtiyazlı vətəndaşlar müraciət etdikdə növbədənkənar qəbul olunurlar.
        Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların ərizə, şikayət və müraciətlərinə baxılmasının səmərəliliyinə artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.

Keçidlər