Neftçalada Konstitusiya Günü qeyd olundu
Konstitusiya hər bir dövlətin, xalqın yol göstərən, istiqamətləndirən mayakıdır desək, yəqin ki, yanılmarıq. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkənin əvvəlki totalitar qanunlarla idarə olunması nəinki onun demokratik inkişafına, hüquqi dövlət quruculuğuna mane olurdu, eyni zamanda beynəlxalq aləmə inteqrasiyasının qarşısına da sədd çəkir, ciddi əngəllər törədirdi.
Ölkənin demokratik dəyərləri özündə əks etdirən milli Konstitusiyasını yaratmadan bütün bunları həll etmək, Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxarmaq mümkün deyildi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılan komissiya məhz bu ali məqsədə xidmət edirdi. Böyük dövlətçilik təcrübəsinə malik bu dahi insanın bilavasitə rəhbərliyi altında işləyən, fəaliyyət göstərən komissiya üzərinə düşən şərəfli vəzifənin öhdəsindən bacarıqla gəldi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-Referendum yolu ilə qəbul olunan milli Konstitusiyamızı dünya dövlətləri, beynəlxalq təşkilatlar, tanınmış ekspertlər yüksək dəyərləndirirdilər. Məhz bundan sonra ölkədə genişmiqyaslı hüquqi-demokratik dövlət quruculuğuna başlandı. Azərbaycan durmadan inkişaf etməyə, yeni-yeni uğurlar, nailiyyətlər qazanmağa başladı.
Xalqımızın, millətimizin bu əziz günü-12 noyabrı həmişə bayram etməsi, xoş duyğularla yaşaması da bununla bağlıdır. Həmin gün rayonumuzda da yüksək əhval-ruhiyyə vardı. Rayon rəhbərliyi başda olmaqla neftçalalılar ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək buraya tər çiçəklər düzdülər, milli Konstitusiyamızın yaradıcısını böyük minnətdarlıq hissi ilə yad etdilər.
Rayonun idarə və müəssisələrində, məktəblərdə, mədəniyyət obyektlərində, uşaq tərbiyə müəssisələrində keçirilən rəngarəng tədbirlər bu gözəl günü daha da təravətləndirdi.