Şriftin ölçüsü :

Saytın rəngi :

Bayrağımızın bayram təntənəsi

11 noyabr 2013 | 16:00

Təxminən iki il bundan qabağın söhbətidir. Rayonun idarə və müəssisə nümayəndələrini Kür çayının sahilinə dəvət  etdilər. Onda kol-kos basmış, dərəli-təpəli bu ərazidə abadlıq işlərinə yenicə başlanırdı. Aydın oldu ki, sahil boyunca gözəl bir bulvar salınacaq, daha sonra ərazidə Bayraq Meydanı inşa olunacaq. Hər iki obyektin layihəsinə baxdıq. Layihələr doğrudan da gözəl idi. Burada insanların mədəni istirahəti üçün çoxlu tədbirlər nəzərdə tutulmuşdu. O vaxt inşaat işlərinə ilkin olaraq sahil boyunca güclü mühafizə zolağının-hündür qalın beton divarın çəkilməsindən başlanmışdı. Bu heç də təsadüfi deyildi. Gələcək daşqınları, subasmaları nəzərə almadan belə böyük işlərə başlamaq doğrudan da mənasız olardı.
Az sonra ərazidə daha möhtəşəm bir layihənin-hər bir neftçalalının, rayon sakininin qürur mənbəyinə çevriləcək Bayraq Meydanının tikintisinə start verildi. Nə gizlədək, son illərdə Neftçala, neftçalalılar belə genişmiqyaslı işləri, tədbirləri, layihələri görmədiklərindən çoxları bunların reallaşacağına, gerçəkləşəcəyinə inana bilmirdi. Ancaq bu gün artıq bunlar reallıqdır. Hər iki obyektdə-Bulvarda və Bayraq Meydanında işlər demək olar ki, başa çatıb. Qısa vaxtda belə möhtəşəm layihələri həyata keçirmək heç də asan deyildi. Rayon rəhbərliyi ilə insanlar arasındakı birlik olmasaydı, yəqin ki, bunları həyata keçirmək olmazdı.
Noyabrın 9-da havanın küləkli, yağışlı olmasına baxmayaraq Kür çayının sahilindəki Bayraq Meydanı insanlarla dolu idi. Hamının çöhrəsində sonsuz sevinc vardı. Niyə də olmayaydı?! Axı, bu gün çox əziz, unudulmaz göndür-Dövlət Bayrağı Günüdür. Rayon rəhbərliyi başda olmaqla neftçalalılar öz doğma bayraqlarını məhz belə əlamətdar gün ərəfəsində qaldırmışdılar səmaya. Onun postamentlə ümumi hündürlüyü 43 metr idi. Bayraqlar içində seçilirdi, fərqlənirdi Neftçalanın üçrəngli bayrağı. Adamları sevindirən, qürurlandıran, ürəklərini, qəlblərini iftixar hissi ilə dolduran da elə bu idi. Bayram iştirakçılarından götürdüyümüz ayaqüstü müsahibələr, onların söylədikləri ürək sözləri bunu bir daha əyani şəkildə təsdiqləyirdi. Neftçalalılar rayonumuzda həyata keçirilən geniş abadlıq və quruculuq işlərini, ayrı-ayrı sahələrdə qazanılan müsbət nəticələri Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi kimi dəyərləndirirdilər. Əmin olduqlarını bildirirdilər ki, qarşıdakı beş il onlara daha böyük qələbələr, uğurlar gətirəcəkdir.
Belə gözəl, əlamətdar gündə bu böyük uğurlarımızın təməlini qoyan, müstəqilliyimizi qoruyub saxlayaraq onu əbədi edən, Azərbaycanı dünyaya tanıdan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməmək, bu dahi insana ehtiram göstərərək ruhu qarşısında baş əyməmək mümkün deyildi. Bayraq Meydanındakı və bulvardakı izdihamlı gəzintidən sonra rayon sakinlərini abidə önünə gətirən də ulu öndərə olan dərin ehtiram, böyük sevgi idi. Rayon İcra Hakimiyyətinin başçısı hörmətlə İsmayıl Vəliyev başda olmaqla neftçalalıların abidə önünə dözdükləri ətirli tər çiçəklər də bu böyük sevgidən, ehtiramdan irəli gəlirdi.
Sonra hamı birlikdə Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Məmmədovun adını daşıyan şəhər Mədəniyyət və İncəsənət sarayına yollandı. Əlamətdar günlə-Dövlət Bayrağı Günü ilə əlaqədar rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı böyük konsert neftçalalıların əhval-ruhiyyəsini daha da yüksəltdi, onların qəlbində uzun müddət yaşayacaq xoş təəssürat oyatdı.

Keçidlər