Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Komitəsinin sədri Neftçalada vətəndaşları qəbul edib

10 noyabr 2013 | 16:00

08 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Neftçala şəhərində, vətəndaşlar üçün qəbul keçirib. Qəbulda Neftçala ilə yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak ediblər.

Vətənlaşları qəbul edən Dövlət Komitəsinin sədri onları narahat edən məsələləri dinləyib və müvafiq istiqamətdə tapşırıqlar verib. Müraciətlər əsasən dini ibadət yerlərinin tikilməsi və təmir bərpası, dini icmaların dövlət qeydiyyatına alınması, icmaların nəzdində quran kurslarının açılması, dini mərasimlərdə, xüsusən də Aşura mərasimlərinin keçirilməsi üçün maarifləndirmə işinin gücləndirilməsi istiqamətində olub. Vətəndaşlar bildiriblər ki, bəzi kənd və qəsəbələrdə məscidlər uzaq olduğu üçün gündəlik, xüsusən də cümə namazlarında iştirak etmək çətinləşir. Vətəndaşlar daha yaxın yerlərdə ibadət evlərinin tikilməsi üçün müvafiq razılığın verilməsi məsələsini qaldırıblar. Eyni zamanda vətəndaşlar Aşura mərasimlərində qanvermə aksiyaların keçirilməsi üçün şəraitin yaradılması, o cümlədən Aşuranın hörmətinə xələl gətirən başyarma, qançıxartma kimi xurafat elemetlərinin qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsini Dövlət Komitəsinin sədrinin diqqətinə çatdırıblar.

Vətəndaşları narahat edən məsələləri dinləyən E. İskəndərov məscidlərin tikintisi üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq işlərin aparılacağını, həmçinin Quran kurslarının yaradılması üçün icmaların savadlı din xadimləri tərəfindən hazırlanmış proqramların Qafqaz Müsəlmanları İdarəsinə təqdim edilməli olduğunu və QMİ tərəfindən həmin proqramların təsdiqləndikdən sonra Dövlət Komitəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq kursların yaradılması üçün hüquqi sənədin veriləcəyini vətəndaşların diqqətinə çatdırıb. Dövlət Komitəsinin sədri vətəndaşların qaldırdıqları digər məsələ - Aşura mərasimlərinə də toxunub. Qeyd edib ki, Aşura mərasiminin dinimizin qaydalarına uyğun şəkildə keçirilməsi məqsədilə Dövlət Komitəsinin hazırladığı tədbirlər planına uyğun olaraq bütün bölgələrdə maarifləndirmə işləri aparılır. Eyni zamanda qanvermə aksiyalarının keçirilməsinə də Komitə öz dəstəyini verir.

Bəzi dini icmaların dini ədəbiyyata ehtiyacı olması barədə də məsələ qaldırılıb. Dövlət Komitəsinin sədri bildirib ki, Komitənin kitabxanasının hesabına həmin dini icmalar qısa zamanda dini ədəbiyyatla təmin olunacaqdır.

Sonda vətəndaşların şikayətləri əsasında Elşad İskəndərov Dövlət Komitəsinin müvafiq struktur rəhbərlərinə tapşırıqlarını verib.

Keçidlər