Neftçala rayonu İcra Hakimiyyəti başçısının 9 aylıq hesabatı
21 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayonu İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir. İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev hesabat məruzəsini təqdim etməzdən öncə 09 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyevi bütün Neftçala seçiciləri adından və şəxsən öz adından təbrik etmişdir, ona uzun ömür, can sağlığı, gələcək dövləti fəaliyyətində uğurlar arzu etmişdir.
19 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar andiçmə mərasimindəki nitqində öz xalqına, dövlətinə bağlı olduğunu belə ifadə etmişdir: “İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, Prezident vəzifəsinə seçmiş doğma Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm”.
Hesabatda İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev çıxış edərək bildirmişdir ki, 2013-cü ilin doqquz ayında rayonda ümumi məhsul istehsalının həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 7,7 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 147,1 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 milyon manat çoxdur. 2013-cü ilin doqquz ayında ümumi məhsulun tərkibində sənaye məhsulu 21,0 milyon manat və ya ümumi məhsulun 14,3 %-i qədər, kənd təsərrüfatı məhsulu 66 milyon 516,0 min manat və ya 42,5 %, nəqliyyat xidməti 1 milyon 372,0 min manat və ya 0,9 %, rabitə xidməti 374,4 min manat və ya 0,3 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 47 milyon 383,0 min manat və ya 32,2 % , tikinti işlərinin həcmi 14 milyon 479,0 min manat və ya 9,8 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2012-ci ilin doqquz ayına nisbətən 8,9 % artaraq 88,4 %-ə çatmışdır. Adambaşına 1780,0 manatlıq və ya 2012-ci ilin müvafiq dövrünə nisbətən 6,5 % çox məhsul istehsal edilmişdir.
2013-cü ilin doqquz ayında rayonda 3 yeni müəssisə yaradılmış, 1 müəssisənin fəaliyyəti bərpa edilmiş, 466 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 6, fəaliyyəti bərpa edilmiş müəssisələrdə 5, fiziki şəxslər üzrə 466, mövcud müəssisə və təşkilatlarda 41 olmaqla, cəmi 518 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 184 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 1211 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 21,0 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 86,7 % təşkil etmişdir.
2013-cü ilin doqquz ayında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 468,0 min ton yük, 4 milyon 990,0 min nəfər sərnişin daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən yük daşınması 6,6 %, sərnişin daşınması isə 7,8 % artmışdır.
Hesabat dövründə rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 374,4 min manatlıq rabitə xidməti göstərilmişdir. Göstərilən rabitə xidmətlərinin həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,4% artmışdır. Ümumi xidmətin 80,5 %-i bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 62 ədəd telefon aparatı düşür.
Cari ilin doqquz ayında əhalinin nominal pul gəlirləri 38 milyon 503,0 min manat olmuş, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,0 % artmışdır. Adambaşına düşən pul gəlirləri 2,8 % artaraq 465,7 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 253,0 manat təşkil edir. Bu isə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2 % çoxdur. İlin əvvəlindən əhaliyə 111,8 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 6,5 % artaraq 94,7 milyon manata, pullu xidmətlərin həcmi 6,9 % çoxalaraq 15,2 milyon manata, iaşə xidmətlərinin həcmi 5,9 % artaraq 1,9 milyon manata çatmışdır.
013-cü il üçün rayonun yerli gəlirləri 4 milyon 513,0 min manat, xərcləri isə 15 milyon 348,1 min manat təsdiq olunmuşdur. 2013-cü ilin doqquz ayında büdcəyə 3 milyon 275,4 min manata qarşı 3 milyon 304,8 min manat vəsait daxil olmuş və ya 100,9 % icra olunmuş, yerli xərclər 10 milyon 812,7 min manata qarşı 10 milyon 199,6 min manat və ya 94,3 % icra olunmuşdur.
01 oktyabr 2013-cü il tarixə pensiya və müavinət alanların sayı 13251 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 1135 ailə olmuş, 143 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir.
2013-cü ilin doqquz ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 nəfər müharibə əlilinə pulsuz avtomobil verilmişdir.
2013-cü ilin 9 ayı ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 275 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş, 14 nəfər peşə hazırlığı kursuna cəlb olunmuş və 35 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. 47 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olumuşdur. Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən 3 bank və 1 bank olmayan kredit təşkilatlarının filialları tərəfindən sahibkarlara və vətəndaşlara ümumilikdə 4 milyon 584,5 min manat kredit verilmişdir ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 77,7 % çoxdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 20 nəfər sahibkara 220,0 min manat məbləğində kredit verilmişdir.
2013-cü ilin doqquz ayında Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona 104,8 milyon kvt. saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 31,5 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 91,2 faizi ödənilmişdir. Bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 % çoxdur. Əhali abonentlərinin sayğaclaşdırılması 98,9 % təşkil edir.
2013-cü ilin 9 ayı ərzində Rayon Qaz İstismar Sahəsi tərəfindən 7 milyon 121,2 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 6 milyon 417,2 min kub metr olmuş, bunun da dəyərinin 106,0 % ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövründən 8,9 % çoxdur. Əhali abonentlərinin sayğaclaşdırılması 99,9 % təşkil edir. Rayonda qaz təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müxtəlif ölçüdə 5830 metr boru xətləri çəkilmişdir. Hazırda rayonun qazlaşdırılması işləri davam etdirilir.
2013-cü ilin doqquz ayında rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 3 milyon 461,7 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2012-ci ilin müvafiq dövründə olan göstəricidən 20,6 % çoxdur.
Rayonda hesabat dövründə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, cari ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu artaraq 62 milyon 516 min manat olmuşdur. Göstərilən dövrdə diri çəkidə 7322,6 ton ət, 5078,7 ton süd, 3 milyon 166 min ədəd yumurta, 253,5 ton yun istehsal olmuş, ötən ilin 9 ayı ilə müqayisədə ət istehsalı 2793,2 ton, süd istehsalı 398,7 ton, yumurta istehsalı 236 min ədəd, yun istehsalı 16,8 ton artmışdır.
2013-cü ilin məhsulu üçün 42944,2 hektar sahəyə taxıl əkilmiş, sahələrdən 110,9 min ton məhsul toplanmışdır.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 01 oktyabr 2013-cü il tarixə iri buynuzlu mal-qaranın baş sayı 41355 baş, qoyun və keçilərin baş sayı 128353 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 760 və 4197 baş artmışdır.
Rayonun Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunması üçün Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında “Əhalinin Ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı”na daxil edilmiş və 2006-ci ildən kanalın tikintisinə başlanılmışdır. 2006-cı ildən 2013-cü ilin doqquz ayınadək həmin kanalın tikintisinə 10 milyon 144 min manat vəsait sərf olunmuşdur. Kanalın tikintisi aparılan ərazidə iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulmuşdur.
Rayon İcra Hakimiyyəti 2013- cü ilin 9 ayında rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir.
Hesabat dövründə rayonun təmir-tikinti təşkilatları və xidmətləri tərəfindən yerinə yetirilmiş işin həcmi 5 milyon 475 min manat olmuşdur ki, buda ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 245 min manat çox olmuşdur.
Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, yeni parkların salınması, prospekt boyunca yol kənarlarının abadlaşdırılması, tikilməkdə olan, Heydər Əliyev mərkəzinin inzibati binasının, “Bayraq” meydanının, “Şəhidlər Kompleksi”nin, Kür çayı sahilində “Bulvar”ın tikintisi, yeni müasir saat qülləsinin tikintisi, uzunluğu 3,7 km olan Neftçala şəhərini iki hissəyə ayıran “Axmaz Göl”ün ekoloji cəhətdən sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi, Kür çayı sahilində, Bankə qəsəbəsi ərazisində mini futbol meydançasının inşası uğurla davam etdirilir. Hazırda rayonun “Şorsulu-Xolqarabucaq-Xəzərkənd” avtomobil yolu, Hüseyn Cavid parkında müasir standartlara cavab verən mini futbol meydançası istifadəyə verilmiş, Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisində son tamamlama işləri aparılır. Rayonun Kürkənd kənd 200 şagird yerlik, Yuxarı Qaramanlı kənd 360 şagird yerlik məktəb binalarının və Aşağı Surra kənd tam orta məktəbin əsaslı təmiri və 10 əlavə sinif otaqlarının tikintisi davam etdirilir. Həmçinin Qarabağ və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 90 mənzilli binanın inşası və “İdman Kompleksi”nin tikintisi ilə əlaqədar ərazilərdə ayrılmışdır.
2013-cü il 9 ay ərzində şəhərin Heydər Əliyev prospekti, M. Ə. Rəsulzadə, 20 Yanvar, M. Əsədov və digər küçələrinin təmirinə 3 milyon 515 min manat, cari təmir və yolların saxlanılmasına 535 min manat dəyərində vəsait sərf etmişdir.
Hesabat dövründə Neftçala Rayonu İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir. Cari ilin doqquz ayında Rayon Təhsil Şöbəsi tərəfindən tədrisin keyfiyyətinin eləcə də maddi-texniki bazasının daha da yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür.
Rayon fənn olimpiadalarında I mərhələnin 42 nəfər qalibi II mərhələdə iştirak etmiş, onlardan 7 nəfəri I yerə layiq görülərək Respublika turunda iştirak etmişlər. Bunlar Xıllı qəsəbə 1 saylı, Bankə qəsəbə 2 saylı, Qədimkənd, Qırmızıkənd, Mirqurbanlı və Cəngan kənd tam orta məktəblərin şagirdləri olmuşlar. Bankə qəsəbə 2 saylı tam orta məktəbinin şagirdi Azərbaycan tarixi fənni üzrə IV yeri tutaraq Respublika qalibi olmuşdur.
İyun ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarının nəticəsində 733 nəfər XI sinif şagirdi attestat, 1007 nəfər isə IX sinif şagirdi ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamə almışdır. Buraxılış imtahanlarında şəhər 1 və 4 saylı, Həsənabad qəsəbə, Xolqaraqaşlı, Mürsəqulu, Ərəbqardaşbəyli, Cəngan və II Qaralı kənd tam orta məktəbləri daha yaxşı nəticə göstərmişlər.
2013-cü ildə rayon üzrə ali məktəblərə tələbə qəbulu keyfiyyətcə bir qədər də yaxşılaşdırılmışdır. Attestat alan 733 məzunun 384 nəfəri ali məktəbə qəbul üçün ərizə vermiş, onlardan 204 nəfəri tələbə adını qazanmışdır .Onlardan 33 nəfəri 500-600 bal arasında , 10 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Məzun və abituriyent sayına görə qəbul faizi də ötən illə müqayisədə artmış, uyğun olaraq bu rəqəm rayon üzrə 27,8 % və 53,1 % təşkil etmişdir. Ali məktəblərə tələbə qəbulu göstəricilərinə görə ən yaxşı göstərici şəhər 1 və 4 saylı, Ərəbqardaşbəyli, Mürsəqulu, Xıllı qəsəbə 1 saylı və Qədimkənd kənd tam orta məktəblərinin payına düşür.
Hesabat dövründə həmçinin Rayon Təhsil işçilərinin növbəti konfransı keçirilmiş və konfransda ötən dərs ilinin yekunları təhlil edilərək müzakirə edilmiş, qarşıda duran yeni vəzifələr müəyyənləşdirilmiş, Respublika müəllimlərinin qurultayına nümayəndələr seçilmişdir.
Ötən dövr ərzində Yeni dərs ilinə hazırlıqla əlaqədar əməli işlər görülmüş, 1037 nəfər şagird I sinfə qəbul edilmişdir. O, cümlədən Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu qaydaları"na uyğun olaraq Rayon Təhsil şöbəsində komissiya yaradılmış komissiyaya daxil olmuş 129 müraciətdən 112-nə müsbət rəy verilmişdir.
Hesabat dövründə Neftçala Mərkəzi Rayon Xəstəxanasında əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayonda ümumi stasionar 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi və 4 tibb məntəqəsi fəaliyyət göstərir.
2013-cü ilin 6 ayı ərzində Mərkəzi Rayon Xəstəxanasının xidmət ərazisi üzrə 868 körpə doğulmuş, doğulan körpələrin 99,9 %-i doğum evlərində yoluxucu xəstəliklərə qarşı peyvənd olunmuşdur. 0-1 yaşda cəmi 2 uşaq ölümü olmuşdur. 9 ay ərzində 692 uşaq üçün “Elektron Sağlamlıq Kart”ı alınmış və uşaqların sağlamlıq vəziyyətini əks etdirən bütün tibbi məlumatlar həmin kartlara yüklənərək Səhiyyə Nazirliyinin ümumi lokal bazasına yerləşdirilmişdir.
Ötən dövrdə xəstələr tərəfindən ambulator müraciətlərin sayı 113430 olmuş, stasionar müalicəyə 1773 xəstə qəbul olunmuşdur. Hazırda Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işi davam etdirilir.
Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi öz işini əhaliyə mədəni-xidmətin keyfiyyətli təşkili əsasında qurmağa çalışaraq bu sahədə bir sıra işlər həyata keçirmişdir. Hesabat dövrü ərzində tarixi hadisələr, bayramlar və yubileylərlə bağlı geniş və maraqlı mədəni-kütləvi tədbirlər, ədəbi-bədii gecələr, görüşlər, kitab sərgiləri, oxucu konfransları və konsertlər təşkil olunmuşdur. Keçən dövr ərzində diqqəti cəlb edən böyük miqyaslı tədbirlər – 20 Yanvar münasibəti ilə anım mərasimi keçirilmiş, Şəhidlər məzarlığı ziyarət edilmişdir. 26 fevral Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Xocalı abidəsi önünə tər çiçək dəstələri qoyulmuş, abidə önündə məktəblilər ilə birlikdə hazırlanmış ədəbi-bədii kompozisiyalara baxılmışdır. Həmçinin 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə “Xatimə” şadlıq sarayında musiqili əyləncəli tədbir, “Yurdumuza bahar gəlir” mövzusunda kütləvi teatrlaşdırılmış ümumrayon Novruz bayramı şənliyi keçirilmiş, 31 mart Dünya Azərbaycanlılarının soyqırımı münasibəti ilə sarayın akt zalında tədbir təşkil edilmiş, o illərə aid sənədli filmə və fotosərgiyə baxış keçirilmişdir.
Hazırda rayonumuzda Heydər Əliyev mərkəzinin tikintisi sürətlə davam etdirilir.
Mərkəzi Kitabxana Sistemi də ötən müddət ərzində xeyli maraqlı müxtəlif mövzularda tədbirlər həyata keçirmişdir. Mərkəzi Kitabxana Sistemi 2013-cü ilin 9 ayı ərzində Ulu öndər H.Əliyev irsinin öyrənilməsi və anadan olmasının 90 illiyi ilə əlaqədar V Ümumrespublika Kitab bayramı keçirilmiş, bir sıra mövzularda oxucularla söhbətlər aparılmış, informasiya məlumat günləri keçirilmiş, sərgilər hazırlanmışdır.
Ümummilli lider H.Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar rayon gənclərinin iştirakı ilə "Ümummilli Liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğ edilməsi" mövzusunda dəyirmi masa keçirilmişdir.
Bütün bunlarla yanaşı rayonun təhsil, səhiyyə və mədəniyyət obyektlərinin, mövcud idman qurğularının bərpa və əsaslı təmirinə, bu obyektlərin lazımi avadanlıqlarla təchizatına, gənclərin asudə vaxtının səmərəli keçirmələri üçün rayonda "Gənclər Evinin" tikintisinə ehtiyac vardır.
Hesabat dövründə ərzində rayon ərazisində ictimai-siyasi sabitliyin qorunub saxlanılması işlərinə də diqqət yetirilmiş, partiyalar və qeyri-hökumət təşkilatları ilə bir sıra əlaqəli işlər aparılmışdır. Rayonda 14 siyasi partiya, 19 qeyri-hökümət təşkilatı fəaliyyət göstərir. Eyni zamanda rayonda dini durum da daim nəzarətdə saxlanılmış, din xadimləri ilə müntəzəm əlaqələr zamanı "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət olunması onlara tövsiyə olunmuşdur.
Hesabat dövründə Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, əlil qadınlar və digər kateqoriyadan olan insanlara diqqət və qayğı göstərilmiş, bayram günləri ərəfəsində onların ailələrinə bayram sovqatları paylanılmışdır.
2013-cü ilin doqquz ayında hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsi tərəfindən 2013-cü ilin doqquz ayında 422 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. Hərbi çağırışçılar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2013-cü ilin doqquz ayı ərzində rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 71-cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 85 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı 2012-ci ilin doqquz ayına nisbətdə 2013-cü ilin doqquz ayında 47-cinayət faktı az olmuşdur.
2013-cü ilin doqquz ayında İcra hakimiyyəti başçısı tərəfindən qrafikə uyğun olaraq yerlərdə əhali ilə 35 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 3937 nəfər iştirak etmişdir. Keçirilən bu görüşlərdə 189 nəfər 121 tənqidi qeyd və təkliflə çıxışlar etmişlər ki, bunlardan 25-i yolların əsaslı təmiri, 17-si yaşayış məntəqələrinin qazlaşdırılması, 24-ü suvarma və drenaj kanallarının lildən təmizlənməsi , 15-i içməli su təminatının yaxşılaşdırılması, 18-i elektrik təchizatının yaxşılaşdırılması, 5-i təmizlik və abadlıq, 2-si məktəblərin əsaslı təmiri və 15-i digər məsələlərdən ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyatı üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılmasından ötrü tədbirlər həyata keçirilmişdir.
2013-cü ilin doqquz ayında Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 610 ərizə, şikayət və təklif daxil olmuşdur. O cümlədən Prezident Administrasiyasından 167, Milli Məclisdən 15, Mərkəzi Orqanlardan 38, Nazirlər Kabinetindən 2 ərizə daxil olmuşdur. 388 ərizə bilavasitə vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır.
2013-cü ilin birinci yarısında İcra Hakimiyyəti başçısı tərəfindən 391 vətəndaş qəbul edilmişdir. O cümlədən İcra Hakimiyyəti başçısı aparatında 202 nəfər, səyyarı qəbullarda 189 nəfər vətəndaş qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul olunmuş vətəndaşların müraciətləri mövzular üzrə araşdırılarkən 14 müraciət mənzil ilə təmin olunma, 41 müraciət işlə təmin olunma, 33 müraciət torpaq məsələləri, 14 müraciət kommunal məsələləri, 25 müraciət evinin qəzalı olması, 22 müraciət enerji, qaz və su təchizatı məsələləri, 10 müraciət sosial müdafiə məsələləri, 26 müraciət tikinti məsələləri, 17 müraciət digər məsələlər barədə olmuşdur.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub öz fəaliyyətini daha da genişləndirəcək, bütün sahələrdə inkişafa və tərəqqiyə nail olmaq üçün lazımi tədbirlər görəcəkdir.