Şriftin ölçüsü :

Saytın rəngi :

Azyaşlı qızların kabusu – erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri: Maarifləndirmə önəmlidir

19 dekabr 2020 | 01:12

Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır. Eyni zamanda, Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Azərbaycanda uşaqların, o cümlədən qızların hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülmüş, gələcəkdə görüləcək tədbirlər artıq müəyyən edilmişdir. “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunları bu sahədə olan problemlərin həllinə yönəlib. 2011-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırılması bu sahədə aparılan dövlət siyasətinin ən mühüm göstəricilərindən biridir.
Qanunvericiliyə görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Erkən nikah qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaradır. Eyni zamanda erkən yaşda ərə verilən qızlar 18 yaşdan aşağı olduğu üçün heç bir hüquqi zəmanət olmadan ailə qururlar. Boşanmalar baş verdikdə isə rəsmi nikah olmadığından həmin insanlar heç bir mülkiyyət hüquqi əldə edə bilmirlər. Erkən nikahlar psixoloji fəsadlar yaratdığından, maaarifləndirmə işləri həm də, insanlarla psixoloji aspektdə aparılmalıdır. Erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Bu isə öz növbəsində ciddi psixoloji pozğunluğa yol açır kı, sonradan növbəti bir erkən nikaha zəmin yaranır. Erkən yaşda ailə quran qızlar təhsildən də kənarda qalırlar. Təhsil çox vacib amildir. Ən azından ibtidai təhsilli bir xanımla, orta məktəbi tam olaraq bitirmiş bir xanımın ailəsində çox böyük fərqlər olur. Bu qarşılıqlı münasibətdə, övlad yetişdirməkdə özünü çox aydın biruzə verir. Təhsil  həm  psixoloji,  həm  sosioloji, həm də fiziki  cəhətdən təsiredici amil kimi qiymətləndirilir. Buna görə də, valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə şərait yaratmalıdırlar.

Bu gün Neftçala Rayonu İcra Hakimiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” nın 6.1.11-ci maddəsinə uyğun olaraq səlahiyyətləri çərçivəsində məsələni ciddi nəzarətdə saxlayır. Tərəfimizdən erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri probleminə yanaşarkən ən əsas onu yaradan səbəblər araşdırılır. Aparılmış təşkilatı və maariflənmə işləri nəticəsində cari ildə rayonumuzda müsbət istiqamətdə xeyli irəliləyişlər əldə olunmuşdur. Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri ilə bağlı maarifləndirmə tədbirlərinə yalnız şagirdlər deyil, daha effektli olması üçün birbaşa bu işdə cavabdeh olan valideynlər də cəlb olunur. Həyata keçirilən tədbirlər dünyada baş verən yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə bağlı ölkəmizdə tətbiq edilən karantin qaydalarına uyğun aparılır. Bu sahədə Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya, həmçinin Neftçala Rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası aidiyyəti qurumlarla əlaqəli şəkildə fəaliyyət göstərməklə, həssas məsələni hər zaman xüsusi diqqətdə saxlayır. Qeyd edək ki, uşaq hüquqlarının qorunması məsələsi Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi Komissiyanın əsas fəaliyyət istiqaməti hesab edilir. Bu isə eyni zamanda yetkinlik yaşına çatmayan qızların hüquqlarının qorunması anlamına gəlir. Qeyd edək ki, ötən il Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya “Neftçala rayonunda erkən nikah, zərərləri, yaradan səbəblər və qarşısının alınması istiqamətində görülmüş işlər barədə” məsələni müzakirəyə çıxarmış, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Hazırda əsasən online formada əyata keçirilən görüş və seminarlarda erkən nikahın və qohumlar arasında nikahın zərərləri, yaradan səbəblər və hüquqi tərəfləri barədə şagirdlər və valideynlərə ətraflı məlumatlar verilir. Maarifləndirmə tədbirlərində erkən nikaha məcbur etmənin cinayət tərkibi yaratdığı valideynlərin nəzərinə çatdırılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176.1.2-ci maddəsində nikah yaşına çatmayan qadının nikaha daxil olmağa məcbur edilməsinə görə çox ciddi cəzalar nəzərdə tutulmuşdur. Belə hal baş verərsə şəxsə 4 (dörd) ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər. Bu zaman valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaqdır. Hesab edirik ki, insanlar hərtərəfli məlumat aldığı zaman övladlarını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqdır.

Həyata keçirilən tədbirlərdə erkən nikah və qohumlar arasında nikahın tibbi əks göstərişləri barədə mühazirələr söylənilir, sağlam ailə planlaşdırılması və reproduktiv sağlamlıq istiqamətində maarifləndirici söhbətlər aparılır. Bu mənada tədbirlər, “Ailə dəyərlərinin təbliği”, “Ailə planlanması və reproduktiv sağlamlıq” “Sağlam həyat naminə erkən nikaha yox deyək” devizi altında həyata keçirilir. Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən də geniş maarifləndirmə işləri aparılır. Xüsusilə bu kimi qanundan kənar baş vermiş hadisələr barəsində dərhal tədbirlər görülməsi üçün toy və mərasim evlərinin rəhbərliyinə ciddi xəbərdarlıqlar edilməsi məqsədəmüvafiq hesab olunur. Aktual problemlə mübarizədə Rayon İcra Hakimiyyəti ilə birlikdə aidiyyəti idarə və təşkilatlar, Rayon Polis Şöbəsi, Rayon Təhsil Şöbəsi, “Neftçala Rayon Mərkəzi Xəstəxanası” PHŞ, Rayon Gənclər və İdman İdarəsi, “Neftçalada  Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi” əlaqəli fəaliyyət göstərir. Neftçala Rayonu  İcra  Hakimiyyəti olaraq  hesab edirik ki,  problemin həll  olunması onu yaradan səbəblərin aradan qaldırılmasından və ciddi maarifləndirmə işlərinin aparılmasından keçir. Erkən nikahlarla bağlı maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaqdır. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, o, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və uşaqların valideynləri (xüsusilə uşaqların atalarını) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Bildiririk ki, bu sahədə həyata keçirilən kompleks tədbilər məsələnin köklü surətdə həllinə kömək olacaqdır.

Keçidlər