Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada əsl bayram sevinci yaşandı

11 oktyabr 2013 | 15:00

Neçə vaxt idi çox ciddi sınaq qarşısında idik. Ölkəmiz özünün növbəti prezident seçkilərinə hazırlaşırdı. Bununla bağlı hər yerdə olduğu kimi Neftçala rayonunda da geniş tədbirlər həyata keçirilirdi. 38 səsvermə məntəqəsinin hamısı lazımi şəkildə qaydaya salınaraq burada səsvermənin ədalətli, şəffaf həyata keçirilməsi üçün demokratik şəraitin yaradılması çəkilən birgə zəhmətin bəhrəsi idi.
Rayonda səs verəcək seçicilərin ümumi sayı 40526 nəfərdir. Onların 1064 nəfəri ilk dəfə əllərinə seçki bülleteni alaraq səs verəcək gənclərdir. 80-la 100 yaş arası seçicilərin sayı 810, 100 yaşdan yuxarı isə 3 nəfər səsvermədə iştirak edəcəkdir. Dairəyə daxil olan 5 səsvermə məntəqəsində - 3, 7, 8, 14, 37 saylı məntəqələrdə veb kameralar quraşdırılmışdır. Qeydiyyatdan keçmiş 457 nəfər yerli müşahidəçi səsvermənin gedişini izləyəcəkdir.
Oktyabrın 9-da rayonun hər yerində əsl bayram əhval-ruhiyyəsi yaşanırdı. Ölkənin bütün ictimai-siyasi tədbirlərində özlərinin yüksək fəallıqları, dövlətə, dövlətçiliyə sədaqətləri ilə seçilən neftçalalılar seçki günüdə ənənələrinə sadiq qalaraq səsvermədə yüksək fəallıq nümunələri göstərdilər xoş ovqat içində olan neftçalalılar dəstə-dəstə seçki məntəqələrinə gələrək inandıqları, etibar etdikləri namizədə səs verirdilər.
Şəhər  Mədəniyyət və İncəsənət sarayında yerləşən 3 saylı məntəqə mərkəzdə yerləşdiyindən burada canlanma xüsusilə böyük idi. Səsvermə salonunda çoxlu sayda adam var idi. Əksəriyyəti gənclər idi. Hamısının çöhrəsində xoş təbəssüm, sevinc var idi. Ölkəmizdəki böyük inkişaf, tərəqqi onların da qəlbini fərəh hissi ilə doldurmuşdu. Neftçala şəhər sakini Ülvi Fərzəliyev neftçalalı gənclərin fikirlərini belə ifadə etdi:
- Müstəqil Azərbaycanın misli görülməmiş şəkildə inkişaf edərək sözün əsl mənasında gözəllik diyarına çevrilməsi hər birimizi təkcə sevindirmir, həmdə  xoş sabaha, işıqlı gələcəyə qanadlandırır. O sabaha ki , biz orada daha xoş günlərimizi , xoşbəxt gələcəyimizi görürük. Müxtəlif beynəlxalq tədbirlərlə əlaqədar respublikamızın paytaxtına gələn əcnəbi qonaqların heyrətlərini gizlədə bilməmələrini görmək necədə xoşdur. Öz möhtəşəm tikililəri müasir görkəmi ilə böyük heyranlıq doğuran Bakımız doğurdanda gözəldir. Elə regionlarımız da əvvəlki region deyil. Onlar da tanınmaz dərəcədə deyişərək müasirləşib. Bu dəyişikliyi, inkişafı rayonumuzda da görürük. Doğma Neftçalamızın sabahını gözümüzün önünə gətirəndə sevincimiz aşıb daşır, böyük qürur hiss keçiririk. Bax, elə buna görə bu gün mən xoşbəxt sabahımıza, firavan gələcəyimizə səs verəcəyəm.
Belə xoş ovqat, yüksək əhval-ruhiyyə şəhər musiqi məktəbində yerləşən 4 saylı məntəqəyə də hakim kəsilmişdi. Burada da yüksək fəallıq əsl mütəşəkkillik var idi. Adamlar böyük həvəslə səsvermədə iştirak edirdilər. Rayon veteranlar  şurasının sədri Əlixan Əliyev dedi:
- Yaşım doxsanı ötüb Bu, böyük ömürdür. Mən bu böyük ömrümdə çoxlu sayda rəhbər seçkiləri, əlamətdar günləri görmüşəm. Amma həmin günlərin ümumxalq bayramına, ümumxalq sevincinə çevrilməsinin son illərdə şahidiyəm. Yaşlı nəslin nümayəndəsi olsam da əsl bayram əhval-ruhiyyəsi ilə keçən bu prezident seçkiləri məndə gənclik sevincini, qurub-yaratmaq əzmini, yaşam həvəsini yenidən qanadlandırdı.
Həmin gün rayonun bütün seçki məntəqələrində səsvermə beləcə yüksək mütəşəkkilliklə, xoş ovqatla, əsl bayram əhval ruhiyyəsi ilə davam etdi. İnsanlar seçki məntəqələrinə böyük həvəslə gələrək Vətən qarşısındakı, gələcəyimiz qarşısındakı vətəndaşlıq borclarını layiqincə yerinə yetirdilər, öz xoşbəxt sabahlarına, gələcəklərinə səs verdilər.

Keçidlər