Şriftin ölçüsü :

Saytın rəngi :

5 dekabr – Beynəlxalq Könüllülər Günüdür

06 dekabr 2020 | 09:12

BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.

Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.

Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib.

“Neftçala rayon könüllüləri” də rayonda keçirilən tədbirlərdə hər zaman fəal iştirak edirlər. Könüllülərimiz koronavirus (COVİD- 19) pandemiyasının ilk vaxtlarından yaşı 65-dən yuxarı olan şəxslərə sosial xidmətlərin göstərilməsində, onların təqaüdlərinin, gündəlik ərzaq təminatlarının və dərmanlarının alınıb çatdırılmasında, digər təşkilatlar tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələr üçün göndərilən yardımların paylanmasında, “ BizBirlikdəGüclüyük ” yardımlarının paylanmasında, Neftçala rayonunda içməli su problemi olan dövrlərdə əhalinin içməli suya olan tələbatının təmin olunmasında yaxından iştirak ediblər.

“Beynəlxalq Könüllülər Günü” münasibətilə bütün könüllüləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Keçidlər