Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

02 dekabr 2020 | 06:12

Azərbaycan Respublikasının II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir.Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımızı- Qarabağı mənfur erməni işğalından azad etdi. Vətən yolunda şəhidlik zirvəsinə ucalanlar da oldu, qazi adını alanlar da. Allah şəhid olanlara rəhmət eləsin, yaralılara şəfa versin.
Ermənistan işğal tarixindən 27 sentyabr 2020-ci il tarixinədək Azərbaycan dövlətinə qarşı təhdidlərlə çıxış edirdi. Düşmən ölkə rəhbərliyi “yeni ərazilər uğrunda yeni müharibə” aparmaq iddiasında idi.Nəticədə düşmənin bu fikri iflasa uğradı, anladılar ki, Azərbaycan artıq 90-cı illərdəki Azərbaycan deyil. Bəli, Azərbaycan dövləti artıq əvvəlki deyil, bu gün onun etibarlı müttəfiqləri var, Azərbaycan güclü dövlətdir, ən müasir silahlarla silahlanmış ordusu var.Azərbaycan müstəqil siyasət yürüdür. Ali Baş Komandanın müharibə ərzində televiziyada xalqa müraciəti zamanı işğalçıları “itiqovan kimi qovuruq” ifadəsi hər bir vətəndaşın dilində məşhur aforizmə çevrilmişdir. 27 sentyabr 2020-ci il tarixdən davam edən hərbi əməliyyatlarda Azərbaycan ordusu böyük şücaət göstərərək üstünlük əldə etdi. Üçtərəfli bəyannamənin imzalanmasına qədər 44 günlük müharibə ərzində təqribən 300 yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə , çoxsaylı strateji yüksəkliklər düşməndən azad edildi. Düşmən dövlət müharibə gedişində hər cür çirkin əməllərə əl atdı, mülki əhalini atəşə tutdu, Gəncədə, Bərdədə və digər yerlərdə insan tələfatı ilə nəticələnən terror aktı törətdi, yaşayış mənzilləri bombalandı.Əslində baş verən bütün bu hadisələr düşmənin olduqca rəzil, gücsüz durumda olduğunu göstərirdi.Azərbaycan dövləti isə tam əksi olaraq beynəlxalq hüquq normalarına, müharibə qaydalarına riayət edərək, öz torpaqları uğrunda haqq savaşı apardı.Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər bir daha gördülər ki, Azərbaycanda xalq-dövlət birliyi mövcuddur.Bu birlik yumruq halında birləşmişdir. Cənab Prezidentin dediyi kimi “bu yumruq düşmənin başını əzən yumruqdur, qələbəni dəmir yumruq hesabına qazandıq, düşməni qova-qova dayandıq torpağımızda.Düşmən diz çökdü”.Müharibə nəticəsində Ermənistan təkcə hərbi cəhətdən sarsılmadı, iqtisadiyyatı da çökdü, ölkəni xaos bürüdü, xalq və dövlət qarşıdurması baş verdi. Ermənistan bir ölkə olaraq təkcə regionda deyil, dünyada nüfuzunu itirdi.
Biz tolerant ölkəyik. Cənab Prezident dəfələrlə çalışdı ki, məsələ sülh yolu ilə həllini tapsın. Müsahibəsinin birində demişdir “Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə biz istənilən vaxt dayanmağa hazırıq”. 10 noyabr 2020-ci il tarixdə Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoyuldu. İmzalanmış 3 tərəfli bəyanat məsələnin həllində son nöqtəni qoydu. Böyük qələbənin sevincini xalqa yaşatdığı üçün cənab Ali Baş Komandana minnətdarıq. Zəfər sevincinə görə vətən uğrunda canlarından keçən şəhid oğulların da ruhu şad oldu, 10 noyabr Böyük qələbə günü kimi Azərbaycan tarixinə həkk olundu. Tarixi qələbə sevinci respublikanın bütün regionlarında olduğu kimi Neftçala rayonunda da böyük coşqu ilə qarşılandı. Tarixi qələbə günü münasibətilə rayonda təntənəli tədbir keçirildi,rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri tədbirdə böyük sevinc hissilə iştirak etdilər.Qələbə münasibətilə xalq təbrik ünvanlayan tədbir iştirakçıları arasında şəhid valideynləri də vardı. Neftçala rayonu hələ 90-cı illərin əvvəllərində Qarabağ müharibəsində vətənpərvər oğullarının iştirakı ilə seçilən rayonlardan olmuş, xeyli sayda şəhidlər vermiş, qazi adını qazananlar olmuşdur. II Qarabağ savaşında da Neftçala rayonunun igid vətənpərvər oğulları könüllü olaraq cəbhəyə yollanmış vətən torpaqlarının düşmən tapdağından azad edilməsi yolunda böyük şücaət göstərmişlər. Cəbhədə düşmənlə üz-üzə döyüşən rayon sakinləri  Qarabağ döyüşlərinin iştirakçısı olmuş sələflərinin, aprel döyüşlərində şəhidlik məqamına ucalmış Milli Qəhrəman mayor Samid İmanovun, şəhid gizir Elimdar Səfərovun getdiyi yolu müqəddəs saymış və bu yolda canlarından keçmişlər.

Bütün şəhidləri dərin hörmətlə anır, ruhları qarşısında baş əyirik.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər