Neftçala rayonunda daha yeni bir məktəb binası tikilib istifadəyə verildi
15 sentyabr–Bilik Günü Respublikanın hər yerində olduğu kimi, Neftçala rayonunda da əsl bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Ən sevindirici hal o idi ki, rayonumuzun ən ucqar kəndlərindən olan Xəzər kəndində müasir tələblərə cavab verən 260 yerlik tam orta məktəbi tikilərək şagirdlərin istifadəsinə verildi. Yeni məktəbin açılışında Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev və Milli Məclisin deputatı cənab Arif Rəhimzadə də iştirak edirdilər.İlk öncə Xəzər kənd tam orta məktəbin direktoru Araz Əsədov çıxış edərək yığıncaq iştirakçılarını salamladı və Bilik Günü münasibəti ilə məktəbliləri təbrik etdi. Sonra Araz Əsədov tikilən təzə məktəb haqqında qonaqlara məlumat verdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və müəllimləri təbrik etdi. Məktəb həyatına yeni qədəm basan birincilərə uğurlar arzuladı.
Dövlət başçısı İlham Əliyevin təhsilə xüsusi diqqət və qayğısının təzahürü olaraq ölkəmizin bütün bölgələrində yeni tədris ocaqlarının tikildiyini vurğulayan icra başçısı bu qayğıdan Neftçalada da böyük töhfə düşdüyünü qeyd etdi. Bildirildi ki, rayon mərkəzindən uzaq kəndlərdə müasir tipli məktəblərin istifadəyə verilməsi deyilənlərə bariz nümunədir.
Milli Məclisin deputatı cənab Arif Rəhimzadə də əlamətdar gün münasibətilə məktəbliləri təbrik edərək hər cür lazımi avadanlıqla təmin olunmuş yaraşıqlı sinif otaqlarından ibarət məktəblərin istifadəyə verilməsini ölkə rəhbərliyinin təhsil sahəsinə olan insan amilinə verdiyi yüksək dəyərin məntiqi nəticəsi kimi qiymətləndirdi, yaradılmış şəraitdən məktəblilərin düzgün istifadə edərək biliklərini artırmalarının, gələcəkdə layiqli vətəndaş olmaq üçün yaxşı oxumalarının vacibliyini vurğuladı.