Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Təhsil işçilərinin növbəti konfransı keçirildi

11 sentyabr 2013 | 15:00

10 sentyabr 2013-cü il tarixində Neftçala rayonunun təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abdisəi önünə gül dəstələri qoydular. Daha sonra konfrans Neftçala şəhər 1 saylı tam orta məktəbin akt zalında öz işinə başladı. Neftçala şəhər 1 saylı tam orta məktəbin direktoru Alim Abdullayev “2012-2013-cü dərs ilinin yekunları, 2013-cü ildə qarşıda duran vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış edib. Daha sonra konfransın işi məruzə ətrafında müzakirələrlə davam etdirilib.
Məruzə və çıxışlarda qeyd edilib ki, 2012-2013-cü dərs ilində rayonda 1632 nəfər müəllim heyətini özündə birləşdirən 52 ümumtəhsil məktəbi, o cümlədən 28 tam, 17 ümumi orta, 7 ibtidai məktəb fəaliyyət göstərib. Son illərdə Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikanın bütün bölgələrində olduğu kimi Neftçala  rayonunda da təhsilin inkişafı istiqamətində xeyli iş görülüb. Çox sevindirici haldır ki, 2012-2013-cü il tədris ilində rayonda yeni 260 şagird- yerlik Xəzər kənd və II Qaralı kənd tam orta məktəbləri istifadəyə verilmiş, Yuxarı Qaramanlı kənd tam orta məktəbi üçün tikilən 360 şagird-yerlik yeni məktəb binasının inşası davam etdirilir. Bu il qəbul imtahanlarının nəticələri də ötən ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. 600–dən cox bal toplayan məzunların sayı 10 nəfər, 500-dən çox bal toplayanların sayı isə 33 nəfər olmuşdur. Ümumilikdə rayon üzrə ali məktəblərə qəbul olanların sayı 222 nəfərə çatmışdır. Məruzə və çıxışlardan sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev çıxış edərək yeni tədris ili münasibəti ilə rayon təhsil işçilərini təbrik etdi. Sonda Respublika Müəllimlərinin növbəti qurultayına 6 nəfər müəllim nümayəndə seçildi. Sonra rayonun təhsil sahəsində çalışan bir qrup müəllim heyətinə Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin Fəxri Fərman və Diplomları təqdim edildi. Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev tərəfindən rayonda 600-dən çox bal toplamış 10 nəfər məzuna noutbuklar təqdim olundu.

Keçidlər