Bakı şəhərinin işğaldan azad edilməsindən 102 il ötür
Bakı şəhərinin işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar bu gün – sentyabrın 15-də Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, Rayon Hüquq Mühafizə Orqanlarının rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi, rayon ağsaqqalları və ziyalılarla Neftçala rayonu Bankə qəsəbəsində yerləşən “Seyidlər” qəbiristanlığında dəfin olunan 7 türk əsgərinin məzarını və “Türk Şəhidlərinin” xatirəsinə ucaldılmış abidəni ziyarət edib, tər çiçəklər qoyub və onların ruhlarına dualar oxunub.
Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi isə 1918-ci il sentyabrın 15-də Bakının azad olunması olub. Yüksək hərbi peşəkarlıqla planlaşdırılan əməliyyat qısa zamanda müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakının azad edilməsi ilə nəticələnib. 102 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bakının erməni-bolşevik işğalından azad edilməsi zamanı düşmənin çoxlu sayda silah-sursatı da müsadirə edilib. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusu əsgər və zabitlərinin sayını 14 minə çatdırıb. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit olub. Bakı uğrunda döyüşlərdə 5-ci Qafqaz diviziyası 1300-ə qədər şəhid verib. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-dək Qafqaz İslam Ordusunda döyüşlər zamanı şəhid olanların sayı isə təxminən 4000 nəfər olub.
Azәrbaycanın Bakı, Şәki, Şamaxı, Qobustan, Kürdәmir, Neftçala, Hacıqabul vә Quba şәhәrlәrindә Qafqaz İslam Ordusuna tabe olan әsgәrlәrin dәfn edildiyi 14 Türk Şәhidliyi var.