Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonu İcra Hakimiyyəti başçısının 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı keçirilmişdir

25 iyul 2013 | 15:00

       23 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının  sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi irsinə əsaslanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirmişdir.
         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 18 iyul 2013-cü il tarixli iclasındakı nitqində demişdir: ”İlin altı ayı çox müsbət keçib, göstəricilər çox müsbətdir. Bu altı  ayda Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub. Bu göstəricilər deməyə əsas verir ki, bu müsbət dinamika ilin sonuna qədər də qorunacaqdır. Ən  əsas iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu ildə dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artmışdır və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin,  düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünki bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib.
2013-cü ilin birinci yarısında rayonda ümumi məhsul istehsalının həcmi 2012-ci ilin müvafiq dövrünə  nisbətən 24,6 %  artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 101,2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 20,0  milyon manat çoxdur. 2013-cü ilin birinci yarısında ümumi məhsulun tərkibində sənaye məhsulu 14 milyon 406,7 min manat və ya ümumi məhsulun 14,2 %-i qədər, kənd təsərrüfatı məhsulu 44 milyon 244,0 min manat və ya 43,7 %, nəqliyyat xidməti 907,3 min manat  və ya 0,9 %, rabitə xidməti 242,1 min manat  və ya 0,2 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 29 milyon 545,3 min manat və ya 29,2 % , tikinti işlərinin həcmi 11 milyon 901,8 min manat və ya  11,8 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2012-ci ilin birinci yarımilinə nisbətən   5,6% artaraq 86,4%-ə çatmışdır. Adambaşına 1224,6 manatlıq və ya  2012-ci ilin müvafiq dövrünə nisbətən 23,1 % çox məhsul istehsal edilmişdir.
        2013-cü ilin birinci yarısında rayonda 3 yeni müəssisə yaradılmış, 350 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 6, fiziki şəxslər üzrə 350, mövcud müəssisə və təşkilatlarda 35, cəmi 391 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 184 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 998 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 11 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 14 milyon 406,7 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 86,4 % təşkil etmişdir.
      2013-cü ilin birinci yarısında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 293,0 min ton yük,  3 milyon 396,0 min nəfər sərnişin daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən yük daşınması 6,5 faiz, sərnişin daşınması isə 7,7  faiz artmışdır.
        Hesabat dövründə  rabitə müəssisələri tərəfindən  əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 242,1  min manatlıq rabitə xidməti göstərilmişdir.  Göstərilən rabitə xidmətlərinin həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,4% artmışdır. Ümumi xidmətin 80,6 %-i bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 61  ədəd telefon aparatı düşür.
        Cari ilin birinci yarısında əhalinin nominal pul gəlirləri 25 milyon 231,0 min manat olmuş, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 % artmışdır. Adambaşına düşən pul gəlirləri 1,5 % artaraq  274,3  manat olmuşdur. Rayon üzrə  bir işçinin orta aylıq əmək haqqı 252,4 manat təşkil edir. Bu isə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 % çoxdur. İlin əvvəlindən əhaliyə 72,6 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 5,1 % artaraq 61,7 milyon manata, pullu xidmətlərin həcmi 6,5 % çoxalaraq 9,7 milyon manata, iaşə xidmətlərinin həcmi 4,5 % artaraq 1,2 milyon manata çatmışdır.
       2013-cü il üçün rayonun yerli gəlirləri 4 milyon 513,0 min manat, xərcləri isə 15 milyon 348,1 min manat təsdiq olunmuşdur. 2013-cü ilin birinci yarısında büdcəyə 2 milyon 128,7 min manata qarşı 2 milyon 176,9 min manat  vəsait daxil olmuş və ya 102,3 % icra olunmuş, yerli xərclər 6 milyon 950,5 min manata qarşı 6 milyon 138,1 min manat və ya 88,3 % icra olunmuşdur.
         01 iyul 2013-cü il tarixə pensiya və müavinət alanların sayı 13234 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 1042 ailə olmuş, 145 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir.
         2013-cü ilin birinci yarısında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 nəfər müharibə əlilinə pulsuz avtomobil verilmişdir. 
2013-cü ilin birinci yarısında Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona  69,3 milyon kvt. saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 21,6 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 91,9 faizi ödənilmişdir. Bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur. Əhali abonentlərinin sayğaclaşdırılması 99,2% təşkil edir.
      2013-cü ilin 6 ayı ərzində Rayon Qaz İstismar Sahəsi tərəfindən 6 milyon 243,0  min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 5 milyon  662,8 min kub metr olmuş, bunun da  dəyərinin 101,6 % ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövründən 6,4 % çoxdur. Əhali abonentlərinin sayğaclaşdırılması 99,8% təşkil edir. Rayonda qaz təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müxtəlif ölçüdə 4560 metr boru xətləri çəkilmişdir. Hazırda rayonun qazlaşdırılması işləri davam etdirilir.
     2013-cü ilin birinci yarısında rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 3 milyon 461,7 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2012-ci ilin müvafiq dövründə olan göstəricidən 20,6 % çoxdur.
Rayonda hesabat dövründə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, cari ilin birinci yarısında kənd təsərrüfatının ümumi məhsulu 44 milyon 244 min manat olmuşdur ki, bu da  ötən  ilin müvafiq dövrü ilə müqayisədə 24,3 % artmışdır. Göstərilən dövrdə diri çəkidə 4752,2 ton ət, o cümlədən quş əti 2853,7 ton, 9672,3 ton süd, 2 milyon 842 min ədəd yumurta istehsal olunmuş, 2012-ci ilin birinci yarısı ilə müqayisədə ət istehsalı 1941,8 ton, süd istehsalı 112,2 ton, yumurta istehsalı 505 min  ədəd artmışdır.
       2013-cü ilin məhsulu üçün taxıl əkini sahəsi xeyli genişləndirilərək 42944 hektara çatdırılmışdır.

     Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Cari ilin birinci yarısında 336,0  km suvarma kanalları, 52,0  km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 32 ədəd, kollektor-drenlərdə 36 ədəd hidrotexniki qurğular,  3 nasos stansiyası və aqreqatları  əsaslı və cari təmir edilmişdir.
      Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 01 iyul 2013-cü il tarixə iri buynuzlu mal-qaranın baş sayı 42062 başa, qoyun və keçilərin baş sayı 134555 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə 683 və 4393 baş artmışdır.
      Fermer və sahibkarları texnika və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq məqsədilə Respublika “Aqrolizinq” ASC-nin Neftçala “Aqroservis” filialının fəaliyyəti genişləndirilərək müxtəlif növ texnikaların sayı 127 ədədə çatdırılmış, torpaq istifadəçilərinin mineral gübrələrlə təminatında müsbət irəliləyişlərə nail olunmuşdur.
        Rayonun Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin yaxından köməyi nəticəsində Kür çayından Xol zonasına  25 km uzunluğunda “Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi”nə 2006-ci ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında “Əhalinin Ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı”na daxil edilmiş, kanalın 2008-2013-cü illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən hal-hazıradək kanalın tikintisinə 7,8 milyon manat vəsait sərf olunmuşdur. Hazırda bu işlərin davam etdirilməsi üçün  2013-cü ildə kanalın tikintisinə 1 milyon 186 manat vəsait ayrılmış və bu həcmdə işlər görülmüşdür.
      Rayon İcra Hakimiyyəti 2013-ci ilin birinci yarısında rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə   xüsusi önəm vermişdir.
Hesabat dövründə rayon ərazisində tikinti, təmir, yol çəkilişində 2 milyon 33,4  min manatlıq, kommunal və sair xidmətlər sahəsində 1 milyon 959 min manatlıq iş həcmi yerinə yetirilmişdir.
       Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, yeni parkların salınması, prospekt boyunca yol kənarlarının abadlaşdırılması, tikilməkdə olan Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev mərkəzinin inzibati binasının, “Bayraq” meydanının, “Şəhidlər Kompleksi”nin, Kür  çayı sahilində “Bulvar”ın  tikintisi, yeni müasir saat qülləsinin tikintisi, uzunluğu 3,7 km olan Neftçala şəhərini iki hissəyə ayıran “Axmaz Göl”ün ekoloji cəhətdən sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi, “İdman Kompleksi”nin tikintisi ilə əlaqədar ərazinin hazırlanması,  “Şorsulu-Xolqarabucaq-Xəzərkənd” avtomobil yolunun əsaslı təmiri, Yuxarı Qaramanlı kənd 360 şagird yerlik tam orta məktəbin tikintisinin inşası uğurla davam etdirilir.
    Hesabat dövründə Neftçala Rayonu İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir. Cari ilin birinci yarısında Rayon Təhsil Şöbəsi tərəfindən təhsil müəssisələrinə rəhbərlik, nəzarət və metodiki köməklik sahəsinə ciddi fikir verilmiş və tədrisin keyfiyyətinin eləcə də maddi-texniki bazasının daha da yaxşılaşdırılması  məqsədilə bir sıra işlər görülmüşdür.
 Yanvar ayının 13-də fənn olimpiadalarının rayon mərhələsinin  ikinci turu keçirilmiş, rayon fənn olimpiadalarında I mərhələnin 42 nəfər qalibi II mərhələdə iştirak etmiş, onlardan 7 nəfəri I yerə layiq görülərək Respublika turunda iştirak etmişlər. İştirakçılardan Bankə qəsəbə 2 saylı tam orta məktəbin XI sinif şagirdi Ələkbərova Əsmər Əfqan qızı Azərbaycan tarixi fənni üzrə IV yeri tutaraq Respublika qalibi olmuşdur.

    Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi də diqqət mərkəzində saxlanılmışdır. Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə ulu öndərin həyatı və fəaliyyətinə həsr olunmuş inşa - yazı müsabiqəsinin rayon turu keçirilmiş, Xıllı qəsəbə 1 saylı  tam orta məktəbin IX sinif şagirdi Yaqubova Nüşabə İsmayıl qızı ən yüksək nəticə göstərərək Respublika turuna vəsiqə almışdır. O, aprelin 6-da Bakı şəhərində keçirilmiş Respublika inşa-yazı müsabiqəsində iştirak edərək IV yer tutmuş və mükafatlandırılmışdır. Onun inşa yazısı "Ümummilli lider Heydər Əliyev uşaqların gözü ilə" kitabına daxil edilmişdir.
      Hesabat  dövründə həmçinin rayonun 3 nəfər şagirdi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı il dönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda keçirilmiş rəsm müsabiqəsində iştirak etmiş, onlardan ikisi, Qədimkənd kənd tam orta məktəbin IX sinif şagirdi Gözəlov Məzahim Ehtiram oğlunun və Aşağı Qaramanlı  kənd ümumi orta məktəbin IV sinif şagirdi İmanov Şamil Nizami oğlunun rəsm işləri qalib hesab edilərək xüsusi kataloqa daxil edilmişdir.
   Bundan başqa əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın unudulmaz xatirəsinə həsr olunmuş "Ana-müqəddəslik zirvəsi" mövzusunda inşa və rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə I yer tutmuş Qırmızıkənd kənd tam orta məktəbin XI sinif şagirdi Söylü Ağazadə və Mirqurbanlı kənd tam orta məktəbin X sinif şagirdi Aysel Hüseynovanın inşa-yazı işləri, Qədimkənd kənd tam orta məktəbin XI sinif şagirdi Aysunur  Gözəlovanın  rəsm işi Respublika müsabiqəsinə təqdim edilmişdir.
     Respublika Fövqəladə Hallar Nazirliyinin Təhsil Nazirliyi ilə birgə “Fövqəladə Hallar uşaqların gözü ilə” Respublika müsabiqəsinin rayon turu uğurlu olmuş, 9 rəsm işi, 6 plakat, 4 ədəd yanğın və qəza xilasetmə texnikasının modeli, 5 şer və 5 əl işi Respublika Təşkilat Komitəsinə təqdim edilmişdir.
   İdman yarışlarında Rayon Uşaq Gənclər İdman məktəbinin nailiyyətləri daha yüksək olmuşdur. Məktəblilərin Respublika boks birinciliyində məktəbin 6 nəfər şagirdi zona yarışlarında I yeri tutaraq Respublika final yarışlarında da iştirak edərək II və III yerləri tutmuşlar. Məktəbin yetirməsi Murad Əliyev isə Azərbaycan çempionatında III yeri tutmuşdur. 
    Rayonumuzun məktəblilərindən təşkil olunmuş komandaları Sabirabad şəhərində keçirilmiş məktəblilərin VII Respublika Spartakiadasında müvəffəqiyyətlə iştirak edərək zona üzrə "Atletika " yarışlarında I yer, futbol yarışlarında II yer, voleybol yarışlarında isə III yeri tutmuşdur.
İyun ayında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarının nəticəsində 733 nəfər XI sinif şagirdi attestat, 1007 nəfər isə IX sinif şagirdi isə ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamə almışdır.   
     Ötən müddətdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində saxlanılmışdır. Bu müddətdə Xəzər kənd tam orta məktəbi üçün inşa edilən 260 yerlik yeni məktəb binasının tikintisi artıq başa çatmışdır. Yuxarı Qaramanlı kənd tam orta məktəbi üçün tikilən 360 yerlik  yeni məktəb binasının inşası davam etdirilir.
    Hesabat dövründə Neftçala Mərkəzi Rayon Xəstəxanasında əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayonda ümumi stasionar 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi və 4 tibb məntəqəsi fəaliyyət göstərir
     2013-cü ilin 6 ayı ərzində Mərkəzi Rayon Xəstəxanasının  xidmət ərazisi üzrə 591 hamilə qadın qeydiyyata  götürülmüş,  556  körpə  doğulmuş, doğulan  körpələrin  99,9 %-i  doğum evlərində yoluxucu xəstəliklərə qarşı peyvənd olunmuşdur. 0-1 yaşda cəmi 1 uşaq ölümü olmuşdur. 6 ay ərzində 494 uşaq üçün Elektron Sağlamlıq Kartı alınmış və uşaqların sağlamlıq vəziyyətini əks etdirən bütün tibbi məlumatlar həmin kartlara yüklənərək Səhiyyə Nazirliyinin ümumi lokal bazasına yerləşdirilmişdir.
   Ötən dövrdə xəstələr tərəfindən ambulator müraciətlərin sayı 75341 olmuş, stasionar müalicəyə 1113 xəstə qeydiyyata alınmışdır. 
   Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi öz işini əhaliyə mədəni-xidmətin keyfiyyətli təşkili əsasında qurmağa çalışaraq bu sahədə bir sıra işlər həyata keçirmişdir. Hesabat dövrü  ərzində tarixi hadisələr, bayramlar və yubileylərlə bağlı geniş və maraqlı mədəni-kütləvi tədbirlər, ədəbi-bədii gecələr, görüşlər, kitab sərgiləri, oxucu konfransları və konsertlər təşkil olunmuşdur. Keçən dövr ərzində diqqəti cəlb edən  böyük miqyaslı tədbirlər – 20 Yanvar münasibəti ilə anım mərasimi keçirilmiş, Şəhidlər məzarlığı ziyarət edilmişdir. 26 fevral Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Xocalı abidəsi önünə tər çiçək dəstələri qoyulmuş, abidə önündə məktəblilər ilə birlikdə hazırlanmış ədəbi-bədii kompozisiyalar keçirilmişdir. Həmçinin 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə “Xatimə” şadlıq sarayında musiqili əyləncəli tədbir, “Yurdumuza bahar gəlir” mövzusunda  kütləvi  teatrlaşdırılmış ümumrayon Novruz bayramı şənliyi keçirilmiş, 31 mart Dünya Azərbaycanlılarının soyqırımı münasibəti ilə sarayın akt zalında  tədbir təşkil edilmiş, o illərə aid sənədli filmə və fotosərgiyə baxış keçirilmişdir.
   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin keçirilməsinə başlanılmış, bu münasibətlə millət vəkili Hüseynbala Mirələmovun "Böyük adamların həyatı" kitabının təqdimat mərasimi keçirilmişdir. Hesabat dövründə rayonun H.Cavid  adına Mədəniyyət və İstirahət parkında  respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təşkil edilmişdir. Tədbirin sonunda geniş atəşfəşanlıq olmuşdur. 
     Bundan başqa 9 May Qələbə, 28 May Respublika və 15 İyun Milli Qurtuluş günləri münasibətilə də maraqlı kütləvi tədbirlər həyata keçirilmişdir. Ötən ay Cəfər Cabbarlı adına "İrəvan Dövlət Dram teatrı" özündə ötən əsrin 90-cı illərini canlı əks etdirən "Qurtuluş dastanı" adlı iki hissəli etik-tarixi dramı ilə,  rayonumuzda olmuş,  Rayon Mədəniyyət və İncəsənət Sarayında tamaşaçılar qarşısında gözəl tamaşa nümayiş etdirmişlər.
  Hərbi hamilik işi də diqqət mərkəzində saxlanılmış, hərbi çağırış məntəqələrində yolasalma mərasimlərinin keçirilməsi zamanı və hərbi hissədə konsert proqramları təşkil olunmuşdur.
    Neftçala Rayon Gigiyena və Epidemiologiya Mərkəzi 2013-ci ilin 6 ayı ərzində fəaliyyət sahələri üzrə bir sıra tədbirlər həyata keçirmiş, əhali arasında aşkar olunan yoluxucu xəstəliklər, onlara qarşı aparılan profilaktiki tədbirlərin, eyni zamanda mərkəz tərəfindən mövcud obyektlərdə sanitar-gigiyenik qaydaların yerinə yetirilməsinə nəzarət olunmuş, bu sahədə işlərin lazımi səviyyədə qurulmasına səy göstərilmişdir.
    Hesabat dövründə rayonda 19 vərəm, 2 Hepatit-a, 6 kəskin bağırsaq   xəstəlikləri aşkar olunmuş, xəstəlik mənbələrində əks-epidemik tədbirlər həyata keçirilmişdir.
Hesabat dövrü ərzində Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonda gənclərlə işin təşkili sahəsində, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
  Hesabat dövründə əlamətdar günlər münasibətilə  inşa yazı və rəsm müsabiqələri, müxtəlif aktual mövzularda dəyirmi masalar,  sosioloji rəy sorğuları,  bilik yarışları və viktorinalar keçirilmiş, həmçinin gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədilə bir sıra silsilə tədbirlər təşkil edilmişdir.

   Ümummilli lider H. Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar rayon gənclərinin iştirakı ilə "Ümummilli Liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğ edilməsi" mövzusunda  dəyirmi masa keçirilmişdir.
  Həmçinin rayon gəncləri Biləsuvar rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Gənclərin intellektual yaradıcılıq festivalın" da iştirak etmişlər. Belə ki, festivalda rəsm müsabiqəsində Ümidov Şamxal Elçin oğlu II yerə, şer müsabiqəsində İmanova Lumu Ağabala qızı isə III yerə layiq görülmüşdür.
  2013- cü ilin 6 ayı ərzində Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsi, normativ hüquqi aktların əhali arasında izahı, təbliği, dövlət rəmzlərinin tərtibatı və mühafizəsi sahəsində müəyyən işlər görülmüş, dövlətimizin humanitar siyasət xəttinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, ictimai təşkilatlarla və siyasi partiyalarla əlaqəli işlər gücləndirilmişdir.
  Hesabat dövründə Heydər Əliyev Mərkəzinin işinin təkmilləşdirilməsi sahəsində də bir sıra işlər görülmüşdür. Heydər Əliyev Mərkəzinin başlıca  vəzifəsi Ulu öndərin həyat və fəaliyyətinin araşdırılmasından, onun təbliğatından ibarətdir. Bu məqsədlə Mərkəzin tərkibində fəaliyyət göstərən 12 nəfərlik tədqiqat qrupu 2013-cü ilin 6 ayı ərzində də Heydər Əliyev irsinin araşdırılması sahəsində elmi tədqiqat işlərini davam etdirmiş, Ulu öndərlə görüşmüş şəxslərin xatirələrini toplamış, bu xatirələri diskə köçürmüşdür.
  2013-cü ilin 6 ay ərzində rayon ərazisində ictimai-siyasi sabitliyin qorunub saxlanılması işlərinə  də diqqət yetirilmiş, partiyalar və qeyri-hökumət təşkilatları ilə bir sıra əlaqəli işlər aparılmışdır. Rayonda 14 siyasi partiya, 19 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Dini durum daim nəzarətdə saxlanılmışdır. Fəaliyyətdə olan 45 məsciddən 25–i Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmişdir. Ümumilikdə rayonda dini durum sabitdir. Hesabat dövründə qanunazidd, neqativ halların xaricdən istiqamətləndirilən missionerlərin  fəaliyyəti qeydə alınmamışdır. Rayonda fəaliyyət göstərən "Gündoğar" rayon qəzetində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət təbliğ olunmuş, sosial-iqtisadi məsələlər geniş işıqlandırılmış, milli-mənəvi dəyərlərin təbliğinə dair materiallar dərc edilmişdir.
  Cari ilin birinci yarısında  ictimai tədbirlər- Rayon Ağsaqqallar Şurasının və rayon qadınlarının konfransları keçirilmiş, konfransda bu sahələrdə görülən işlər barədə hesabat dinlənilmiş, respublika ağsaqqallarının
və respublika qadınlarının qurultaylarına nümayəndələr seçilmiş və onların respublika qurultaylarında iştirakı təmin edilmişdir.
Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsi tərəfindən 2013-cü ilin altı ayında 230 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. Hərbi çağırışçılar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların çağırışdan yayınmasının
qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2013-cü ilin 6 ayı ərzində rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 50 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 71,8 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı 2012-ci ilin 6 ayına nisbətdə 2013-cü ilin  birinci yarısında 39 cinayət faktı az olmuşdur.

2013-cü ilin birinci yarısında Rayon İcra Hakimiyyəti başçısı aparatı ərazidə nizam-intizamı, qayda-qanunu möhkəmləndirmək, kadrların tapşırılmış iş üçün məsuliyyət hissini artırmaq məqsədilə  yerli icra orqanları ilə öz işini əlaqədə qurmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyarı görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur.
2013-cü ilin birinci yarısında  İcra Hakimiyyəti başçısı tərəfindən qrafikə uyğun olaraq yerlərdə əhali ilə 23 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 2705 nəfər iştirak etmişdir. Keçirilən bu görüşlərdə 123 nəfər  81 tənqidi qeyd və təkliflə çıxışlar etmişlər ki, bunlardan 16-sı yolların əsaslı təmiri, 11-i yaşayış məntəqələrinin qazlaşdırılması, 15-i suvarma və drenaj kanallarının lildən təmizlənməsi, 11-i içməli su təminatının yaxşılaşdırılması, 11-i elektrik təchizatının yaxşılaşdırılması, 4-ü təmizlik və abadlıq, 2-si məktəblərin əsaslı təmiri və 11-i digər məsələlərdən  ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyatı üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər  qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin  aradan qaldırılmasından ötrü tədbirlər həyata keçirilmişdir
Rayon İcra Hakimiyyəti  vətəndaşların qəbulu və müraciətləri ilə bağlı müəyyən tədbirlər həyata keçirmişdir
2013-cü ilin birinci yarısında Rayon İcra Hakimiyyəti başçısı aparatına  ümumilikdə   432 ərizə, şikayət və təklif daxil olmuşdur.  O cümlədən Prezident Administrasiyasından 111, Milli Məclisdən 11, Nazirlər Kabinetindən 2, Mərkəzi Orqanlardan 29  ərizə daxil olmuşdur. 279 ərizə bilavasitə vətəndaşlar tərəfindən  Rayon İcra Hakimiyyətinə  ünvanlanmışdır.
    Müraciətlər mövzular üzrə araşdırılarkən mənzil məsələləri üzrə 21 və ya 4,9%, torpaq məsələləri üzrə 71 və ya 16,4 %, tikinti məsələləri üzrə 104 və ya 24%, əmək məsələləri üzrə 44 və ya 10,1 %, təbii texnogen hadisələr üzrə 43 və ya 10 %, digər məsələlər üzrə 50 və ya 11,6 %, enerji, qaz və su təchizatı  üzrə 21 və ya 4,9 %, kənd təsərrüfatı məsələləri üzrə 19 və ya 4,4 % , bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 3 və ya 0,6% , birdəfəlik maddi yardım və məişət problemi 40 və ya 9,3 % , qəbul haqqında 8 və ya 1,9 %, minnətdarlıq barədə 2 və ya 0,4 % , sosial məsələlərlə bağlı 6 və ya 1,3 %  təşkil etmişdir.
Hesabat dövründə Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlər 2012-ci ilin birinci yarısı ilə müqayisədə 32 müraciət az olmuşdur.
2013-cü ilin birinci yarısında Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 111 müraciət, o cümlədən 6 müraciət nəzarət qaydasında daxil olmuşdur. Daxil olmuş müraciətlərin 13 və ya 11,7 %-i tikinti barədə, 17 və ya 15,3 %-i evinin qəzalı olması, 20 və ya 18,0 %-i mənzillə təmin olunması və tikinti materialı ilə köməklik edilməsi, 13 və ya 11,7 %-i torpaq məsələləri, 17 və ya 15,3  %-i əmək məsələləri , 5 və ya 4,5 %-i qəbul barədə, 26 və ya 23,4 %-i  sosial, kommunal və digər məsələlər barədə olmuşdur.
Ümumilikdə rüb ərzində ərizə, şikayət və təkliflərdən 18 müraciət kollektiv, 17 müraciət təkrar xarakterli olmuşdur. Kollektiv müraciətlərdən 10 ərizə bilavasitə vətəndaşlardan, 2 ərizə Mərkəzi Orqanlardan,  6 ərizə Prezidenti Administrasiyasından daxil olmuşdur. Daxil olmuş kollektiv müraciətlərdən 5 müraciət torpaq, 2 müraciət tikinti, 2 müraciət nəqliyyat, 2 müraciət kənd təsərrüfatı, 7 müraciət kommunal məsələlər barədə olmuşdur.
   Təkrar müraciətlərdən 2 ərizə Mərkəzi Orqanlardan, 15 ərizə Prezidenti Administrasiyasından daxil olmuşdur. Müraciətlərdən 4 müraciət torpaq, 7 müraciət tikinti, 5 müraciət mənzil və evin qəzalı olması, 1 müraciət kənd təsərrüfatı məsələləri barədə olmuşdur.

   2013-cü ilin birinci yarısında İcra Hakimiyyəti başçısı tərəfindən 285 vətəndaş qəbul edilmişdir. O cümlədən  İcra Hakimiyyəti başçısı aparatında 162 nəfər, səyyarı qəbullarda 123   nəfər vətəndaş qəbul edilmişdir.
    Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul olunmuş vətəndaşların müraciətləri  mövzular üzrə araşdırılarkən  13 müraciət mənzil ilə təmin olunma, 34 müraciət  işlə təmin olunma, 21 müraciət torpaq məsələləri, 13 müraciət kommunal məsələləri, 24 müraciət evinin qəzalı olması, 18 müraciət enerji, qaz və su təchizatı məsələləri, 9 müraciət sosial müdafiə məsələləri, 17 müraciət tikinti məsələləri, 13 müraciət digər məsələlər barədə  olmuşdur.
    Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub öz fəaliyyətini   daha da genişləndirəcək, bütün sahələrdə inkişafa və tərəqqiyə nail olmaq üçün lazımi tədbirlər görəcəkdir.

Keçidlər