Regionlarda həyata keçirilən müasir infrastruktur quruculuğu böyük iqtisadi və sosial əhəmiyyət daşıyır
“Regionlarda həyata keçirilən müasir infrastruktur quruculuğu böyük iqtisadi və sosial əhəmiyyət daşıyır” mövzusunda təşkil olunan tədbirdə son 17 ildə reallaşdırılan layihələrin ölkə üzrə iqtisadi aktivliyin artmasına və insanların həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyi diqqətə çatdırılıb.
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edib. Müsabiqə çərçivəsində KİVDF tərəfindən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq 19 istiqamət üzrə layihə-təkliflər təqdim olunub.
Belə onlayn “dəyirmi masa” avqustun 27-də “Regionlarda həyata keçirilən müasir infrastruktur quruculuğu böyük iqtisadi və sosial əhəmiyyət daşıyır” mövzusunda keçirilib. “Yeni Azərbaycan” qəzetinin müxbiri, layihə rəhbəri Mübariz Abdullayevin moderatorluğu ilə keçirilən “dəyirmi masa”da 113 saylı Şəki şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilən Vüqar İskəndərov, Daşkəsən Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Vüqar Məmmədov və Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Mirhəsən Talıbov iştirak ediblər.
“Dəyirmi masa”da çıxış edənlər ölkəmizdə 2004-cü ildən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının yüksək səviyyədə yerinə yetirilməsinin məntiqi nəticəsi olaraq bölgələrdə müsbət reallıqların yarandığını diqqətə çatdırıblar. Vurğulanıb ki, bəhs olunan Dövlət proqramları çərçivəsində reallaşdırılan layihələr sayəsində ölkə üzrə infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bildirilib ki, son 17 ildə reallaşdırılan layihələr ölkə üzrə iqtisadi aktivliyin artmasına, məşğulluq imkanlarının genişlənməsinə və insanların həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərib.
Xüsusi olaraq diqqətə çatdırılıb ki, regional inkişaf proqramları çərçivəsində bölgələrdə infrastruktur quruculuğu bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. Sonradan investorlar yaradılan imkanlardan bəhrələnərək məmnuniyyətlə müxtəlif sahələrə sərmayələr yönəldirlər.
Sonda onlayn “dəyirmi masa” iştirakçıları aparılan müzakirələrin önəmini vurğulayaraq belə tədbirlərin gələcəkdə də keçirilməsinin zəruriliyini əsaslandırıblar.