“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədi ilə Ombudsmanın iştirakı ilə ictimai dinləmə keçirilmişdir
01 iyun 2013-cü il tarixdə Neftçala rayonunun Mədəniyyət və İncəsənət sarayında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə ictimai dinləmə keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, ərazi icra nümayəndələrinin, məhkəmə, polis, prokurorluq orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, fəal gənclər, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova çıxış edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının qorunması sahəsində islahatların yeni bir mərhələsidir. Ötən illərdə ölkəmizdə həyata keçirilən demokratik, hüquqi, sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halı daha da yaxşılaşmış, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilmiş, Azərbaycanın hər bir şəhər və rayonu inkişaf etmişdir. Qeyd edilmişdir ki, respublikamızın hər bir bölgəsində insan hüquq və azadlıqlarının tətbiqi və təbliği vəziyyətinin monitorinqi, eyni zamanda əhalinin hüquqi maarifləndirilməsi istiqamətində ictimai dinləmələr mühüm əhəmiyyət kəsb edir. Elmira Süleymanova respublikamızın yeni inkişaf mərhələsində əsas hədəfinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatının formalaşdırılması, sosial sahədə önləyici inkişaf səviyyəsinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldiyini, habelə elmin, mədəniyyətin tərəqqisində, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasının insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr verdiyini bildirmişdir. Müvəkkilin təşəbbüsü ilə ölkənin bütün ərazisində 18 iyun – İnsan Hüquqları Günü ərəfəsində “İnsan hüquqları aylığı” elan edildiyi, aylıq çərçivəsində tədbirlərin keçirildiyi xüsusi vurğulanmışdır. Ombudsman 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili olduğunu xatırladaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, ölkə Prezidentinin seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq sərəncamlarının əhəmiyyətini, bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd etmiş, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Tədbirin sonunda Elmira Süleymanova Ombudsman Aparatının qaynar xətləri barədə məlumat verərək, vətəndaşların müraciətlərinə dərhal baxıldığını vurğulamışdır. Müvəkkil bir qrup vətəndaşı qəbul edərək onları dinləmiş, problemlərini öyrənmiş, hüquqlarını izah etmiş, müraciətlər araşdırılmaq məqsədi ilə icraata götürülmüşdür.