Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin tapşırığına əsasən Neftçala rayonunda içməli su ilə bağlı problemin aradan qaldırılması üçün zəruri işlər görülür

25 iyul 2020 | 11:07

İyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilmiş müşavirədə dövlətimizin başçısı Neftçala rayonunda içməli su ilə bağlı yaranmış problemin aradan qaldırılması üçün tapşırıqlar verib. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayonda yaranmış su probleminin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı jurnalistləri məlumatlandırıb.

Mirhəsən Seyidov Kür çayının səviyyəsinin aşağı düşməsi və Xəzər dənizinin suyunun çaya qarışaraq onu şorlaşdırması nəticəsində əhalinin içməli su təminatında, əkin sahələrinin suvarılmasında yaranmış problemin ilk günlərdən Prezident İlham Əliyevin göstərişi ilə ciddi nəzarətə götürüldüyünü bildirib.

Rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, indiyədək Neftçala rayonun əhalisinin içməli su ilə təminatı 36 sudaşıyan texnika vasitəsilə həyata keçirilib və gündəlik olaraq əhaliyə 600 tonadək su çatdırılıb. İyulun 23-də keçirilən müşavirədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Neftçalanın su təminatının və əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün müvafiq qurumlar, ətraf rayonların yerli icra hakimiyyəti orqanları tərəfindən rayona 22 yeni sudaşıyan texnika cəlb olunub. Hazırda əlavə 18 su çəni qurulub və onların ümumi sayı 65-ə çatıb.

M.Seyidov deyib ki, artıq müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə Neftçalada su təminatı ilə bağlı problemin həlli istiqamətində müəyyən işlər həyata keçirilib. Əgər indiyədək görülmüş işlər nəticəsində əhalinin 30 faizinin içməli suya tələbatı ödənilirdisə, dünənki müşavirədə verilən tapşırıqların icrasından sonra bu rəqəm artıq 50-60 faizə çatacaq.

Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncamın icrası çərçivəsində görülən işlərdən danışan Mirhəsən Seyidov qeyd edib ki, hazırda Salyan rayonundan Neftçalaya çəkilən 44 kilometrlik magistral kəmərin tikintisi sürətləndirilib. Kəmərin 10 kilometrlik hissəsi tam hazır vəziyyətə gətirilib. Bu il investisiya proqramında layihənin tikintisinin davam etdirilməsi üçün daha 5 milyon manat vəsait ayrılıb".

Rayonda mövcud olan modul tipli sutəmizləyici qurğuların vəziyyəti barədə məlumat verən M.Seyidov deyib ki, rayondakı 42 qurğudan 36-sı hazırda fəaliyyətdədir. Rayonun yeddi kəndi suyun şorlaşmasından əziyyət çəkməyib. Bu kəndlərdən üçünün suyu Akkuşa çayından götürülür, digər dörd kənd isə Salyan-Neftçala sərhədində yerlədiyi üçün orada suyun şorlaşması müşahidə olunmayıb.

"Neftçalada əkin sahələrinin suvarılması ilə bağlı o qədər də ciddi problem yaşanmayıb. Hazırda müəyyən problemlər var. Bu problemlərin həlli istiqamətində operativ tədbirlər həyata keçirmək məqsədilə bütün məsələlər müzakirə olunur və yaxın zamanlarda fermerlərin diqqətinə çatdırılacaq", - deyə icra başçısı bildirib.

Kürün deltasındakı vəziyyətə toxunan M.Seyidov deyib ki, ilkin olaraq deltanın tənzimlənməsi üçün qazma işlərinin dayandırılması və orada yeni şlüzlərin quraşdırılması təklif edilir. "Hesab edirəm ki, əgər biz modul tipli qurğularla insanların su təminatını, əkin yerlərinin suvarılmasını həyata keçirə və nasosların fəaliyyətini bərpa edə bilsək, deltada hər hansı işin görülməsinə ehtiyac qalmayacaq", - deyə Mirhəsən Seyidov qeyd edib.

Vurğulanıb ki, müşavirədə Prezident İlham Əliyevin Neftçaladakı vəziyyətə xüsusi diqqət yetirməsi dövlətimizin başçısının bütün vətəndaşların problemlərinə həssas yanaşdığını, onları narahat edən məsələlərin həllinə böyük önəm verdiyini göstərir.

Keçidlər