Neftçala rayonunda əmək yarmarkası keçirilmişdir
Neftçala rayon Məşğulluq Mərkəzi işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə 31 may 2013-cü il tarixdə Xanoğlan Məmmədov adına şəhər Mədəniyyət və İncəsənət sarayında növbəti “Əmək Yarmarkası” keçirmişdir.
Yarmarkanın açılış mərasimində çıxış edən Neftçala rayon Məşğulluq Mərkəzinin direktoru Valeh Tağıyev və başqaları rayonun sosial-iqtisadi inkişafından, sahibkarlara göstərilən dövlət qayğısından, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışmışlar.
Rayonun 38 idarə və müəssisəsinin iştirak etdiyi “Əmək Yarmarkası”nda işsiz və işaxtaran vətəndaşlara 182 boş (vakant) iş yeri təklif edilmişdir ki, bunun 38-ni qulluqçu, 136-nı fəhlə 8-ni isə xidmət sahəsi peşələri təşkil etmişdir. Bununla yanaşı işsiz və işaxtaran vətəndaşlara həmçinin peşə hazırlığı kurslarında ixtisaslaşma və peşə hazırlığı, kənd təsərrüfatı işlərinin başlanması ilə əlaqədar haqqı ödənilən müvəqqəti xarakterli mövsümi işlər də təklif olunmuşdur. “Əmək Yarmarkası”nda 280-dən artıq işsiz və işaxtaran vətəndaş iştirak etmişdir. Onlardan 70 nəfərinə işə göndəriş verilmiş, 18 nəfəri haqqı ödənilən müvəqqəti xarakterli mövsümi işlərə və 14 nəfəri isə peşə hazırlığı kurslarına cəlb edilmişdir.