Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Konstitusiya və suverenlik ili çərçivəsində “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirilib
5 mart 2025-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Konstitusiya və suverenlik ili çərçivəsində “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Respublikamızın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan dövlətinin inkişaf tarixi, qadınların dövlətin ictimai-siyasi həyatında və cəmiyyətdə rolu barədə qısametrajlı film nümayiş etdirilib.
Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirməsi ilə davam edib.
Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycanda 1-ci dərəcəli Rəşadət ordeni ilə təltif edilən ilk qadın Aydan Rəhimli çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevə Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubuna görə təşəkkür bildirmiş, cəmiyyətdə əmin-amanlığın, təhlükəsizliyin, sabitlik və sülhün təmin olunmasında qadınların böyük rolu olduğunu diqqətə çatdıraraq, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib və xoş arzularını diqqətə çatdırıblar.
Tədbirdə Respublikamızın bütün şəhər və rayonlarından olduğu kimi, Neftçala rayonundan da ictimai fəallığı ilə seçilən bir qrup xanım nümayəndə iştirak edib. İştirakçılar arasında şəhid ailə üzvləri ilə yanaşı, rayonda təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal xanımlar olub.
Qeyd edək ki, rəsmi hissədən sonra tədbir bədii proqram ilə davam edib.