Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

07 noyabr 2025 | 16:13

07 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun təşkilatçılığı  ilə M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada bayram tədbiri keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdən öncə Rayon İcra Hakimiyyətinin başçısı və qonaqlar məktəbin həyətində yerləşən şəhid Mehman Səfərovun büstünü ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad  ediblər.

İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında düşmən 44 günə məhv edildi. Bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan bu müharibə dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Rayon rəhbəri Vətən müharibəsində təhsil işçilərinin də yüksək fədakarlıq nümayiş etdirərək qələmlərini silaha çevirib həm ön, həm də arxa cəbhədə öz fədakarlıqları ilə nümunə göstərdiyini vurğulayıb. O, həmçinin diqqətə çatdırıb ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır, Qarabağ Universitetinin açılması isə bu bölgələrin dirçəlişində mühüm mərhələdir.

Proqram çərçivəsində çıxış edənlər – Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Firdovsi Tağıyev, Vətən müharibəsi şəhidi Ayaz İmanzadənin bacısı Rəna İmanzadə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin keyfiyyət sektorunun aparıcı məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Vüqar Qələşov Zəfərin mənəvi dəyərindən, Vətən uğrunda döyüşən qəhrəmanların igidliyindən və gənclərin onlara layiq olmasının vacibliyindən danışıblar. Çıxışlarda həmçinin şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, cəmiyyətimizdə milli həmrəylik və vətənpərvərlik ruhunun daha da güclənməsindən bəhs olunub.

Tədbir məktəblilərin ifasında hazırlanan ədəbi-bədii kompozisiya, şeirlər və vətənpərvərlik mahnıları ilə davam edib.

Keçidlər