Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Neftçala rayon təşkilatının növbəti konfransı keçirildi

31 may 2013 | 15:00

          YAP Neftçala rayon təşkilatının ötən konfransından sonrakı dövrü, ölkəmizin tarixinə cəmiyyət həyatının, demək olar ki, bütün sahələrində mühüm uğurlar, nailiyyətlər, səmərəli fəaliyyət, müstəqilliyimizin möhkəmləndirilməsi, demokratiya cəmiyyət quruculuğu baxımından məhsuldar bir dövr kimi daxil olmuşdur. İqtidar partiyası olan Yeni Azərbaycan Partiyası xalqın iradəsinin, arzu və istəklərinin ifadəsi kimi öz proqram prinsiplərinə dönmədən ardıcıl riayət etməklə qazanılmış uğurlarda fəal iştirak etmiş ölkəmizin və rayonumuzun qarşısında duran problemlərin həllində səylərini əsirgəməmişdir.
     30 may 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının “Xatimə” şadlıq sarayında keçirilən VII konfransında bütün bunlar barədə geniş söhbət aparıldı. Konfransın işində Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri, rayonumuzun deputatı Arif Rəhimzadə də iştirak edirdi.
         Konfransı YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov açaraq ötən konfransdan bəri görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə etdi. Aydın oldu ki, təşkilatın uçotunda dayanan partiya üzvlərinin sayı 4082 nəfərə çatmışdır. Hesabat dövründə partiya sıralarına 1032 nəfər qəbul edilmişdir ki, onların 41,2 %-ni gənclər, 39,8 %-ni isə qadınlar təşkil edir. Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının hesabat dövrünün fəaliyyəti Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş miqyaslı işlərin təbliğinə yönəldilmişdir. Ötən dövr ərzində partiyanın rayon təşkilatı təsdiq edilmiş tədbirlərlə iş planına, partiyanın icra katibliyi tərəfindən verilən yazılı və şifahi tapşırıqlara uyğun fəaliyyət göstərmişdir.
       Digər sahələrdə görülən işlərdən, həyata keçirilən tədbirlərdən geniş bəhs edən Anar müəllim sonda diqqəti bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə yönəltdi. Qeyd etdi ki, seçkilərin yüksək səviyyədə, şəffaf, azad və demokratik keçirilməsi üçün hər bir partiya təşkilatı, partiya üzvü fəal iş aparmalıdır. Ona nail olmalıyıq ki, əvvəlki seçkilərdə olduğu kimi Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbəsi təmin olunsun.
      Sonra məruzə ətrafında YAP Qadınlar Şurasının sədri Gültəkin Sadıqova, YAP Gənclər Birliyinin sədri Vurğun Əkbərov da çıxış etdilər.
      Konfransın sonunda Milli Məclisin deputatı Arif Rəhimzadə, YAP rayon təşkilatının sədri Anar Cəfərov, YAP Qadınlar Şurasının sədri Gültəkin Sadıqova, YAP Gənclər Birliyinin sədri Vurğun Əkbərov partiyanın V qurultayına nümayəndə seçildilər.

Keçidlər