Neftçala rayon sakinlərinin nəzərinə
12.06.2020-ci il tarixindən etibarən Neftçala rayonu ərazisində texniki suyun istifadəyə verilməsinə başlanılacaq. Əhalinin içməli su təminatı xüsusi texnikalar vasitəsilə ilə əhaliyə çatdırılacaq.
Son günlərdə Kür çayına dəniz suyunun qarışması nəticəsində əhalinin içməli su və texniki su ilə təminatında ciddi problemlər yaranmışdır. Problem yarandığı gündən Neftçala rayon İcra Hakimiyyəti, “Azərsu” ASC və “Azərbaycan Su və Melorasiya Təsərrüfatı” ASC ilə birlikdə mövcud vəziyyətin aradan qaldırılması istiqamətində respublika səviyyəli tədbirləri davam etdirir. Əhalinin suya olan tələbatının ödənilməsi üçün Kür çayında suyun tərkibi gündəlik analiz edilir. “Azərbaycan Su və Melorasiya Təsərrüfatı” ASC tərəfindən Salyan və Neftçala rayonları ərazisində fəaliyyət göstərən su nasosları bir neçə gün fəaliyyətini dayandırıb. 11.06.2020-ci il ekspertlər tərəfindən həyata keçirilən laborator analizin nəticəsi olaraq suyun yalnız texniki məqsədlər üçün istifadəsi məqsədə müvafiq hesab edilmişdir.
Əhalinin ev təsərrüfatlarının, fərdi yaşayış evlərinin və xüsusən çoxmərtəbəli yaşayış binalarının içməli su ilə təminatı Neftçala rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargahın nəzarətində, Azərsu ASC-nin rayona ezam olunmuş xüsusi təyinatlı nəqliyyat vasitələri, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən ayrılmış texnikalar və yerli sahibkarların dəstəyi ilə ayrılmış nəqliyyat vasitələri ilə həyata keçirilməkdədir. Son günlərdə rayon rəhbərliyinin səyi nəticəsində rayona əlavə olaraq bir neçə xüsusi təyinatlı nəqliyyat vasitəsi də gətirilmişdir. Rayon ərazisində fəaliyyət göstərən su anbarları şoran sulardan təmizlənmiş və hazır vəziyyətə gətirilmişdir. Kür çayında suyun tərkibində bulanıqlılıq və minerallıq göstəriciləri normaya qayıdana qədər bu tədbirlər davam etdiriləcəkdir.
Xüsusi qeyd : Neftçala rayon İcra Hakimiyyəti və “Azərsu” ASC-nin rəhbərliyi nəzərinizə çatdırır ki, 11.06.2020-ci il tarixindən etibarən 12.06.2020-ci il səhər saatlarına kimi “Azərsu ASC”-nin əməkdaşları tərəfindən su ehtiyatı xüsusi anbarlarda toplanacaq. 12.06.2020-ci il səhər saatlarından etibarən çox mənzilli yaşayış binalarına və əhalinin istifadəsinə texniki suyun verilməsinə başlanılacaq. Əhalinin istifadəsinə veriləcək texniki suyun içmək məqsədi ilə istifadəsi məqsədə müvafiq deyildir. Həmin sudan yalnız məişətdə və fərdi təsərrüfatlarda texniki məqsədlər üçün istifadə edilməlidir.