Neftçala rayonu İcra Hakimiyyəti başçısının 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı keçirilmişdir
26 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi irsinə əsaslanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirmişdir.
Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamları əldə rəhbər tutaraq 2013-cü ilin birinci rübündə rayonda bir sıra təşkilati, ictimai-siyasi tədbirlər həyata keçirilmiş, sosial–iqtisadi məsələlərin həlli, abadlıq-quruculuq, yolların bərpası və təmir-tikinti işləri aparılmış, əhalinin sosial müdafiəsi və digər sahələrdə müəyyən işlər görülmüşdür.
2013-cü ilin birinci rübündə ümumi məhsul istehsalının həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 18,8 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 32,1 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 milyon manat çoxdur. 2013-cü ilin birinci rübündə ümumi məhsulun tərkibində sənaye məhsulu 6 milyon 364,6 min manat və ya ümumi məhsulun 19,8 %-i qədər, kənd təsərrüfatı məhsulu 9 milyon 568,7 min manat və ya 29,8 %, nəqliyyat xidməti 458,6 min manat və ya 1,4 %, rabitə xidməti 116,7 min manat və ya 0,4 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 14 milyon 643,3 min manat və ya 45,6 %, tikinti işlərinin həcmi 955,4 min manat və ya 3,0 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2012-ci ilin birinci rübünə nisbətən 26,8% artaraq 92,6 %-ə çatmışdır. Adambaşına 388,4 manatlıq və ya 2012-ci ilin müvafiq dövrünə nisbətən 17,4 % çox məhsul istehsal edilmişdir.
2013-cü ilin birinci rübündə rayonda 3 yeni müəssisə yaradılmış, 155 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 6, fiziki şəxslər üzrə 155, mövcud müəssisə və təşkilatlarda 31, cəmi 192 daimi yeni iş yeri açılaraq işsiz və işaxtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq işlərinə 182 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 516 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 11 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 6 milyon 364,6 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 83,6 % təşkil etmişdir.
2013-cü ilin birinci rübündə Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 146,0 min ton yük, 1 milyon 576 min nəfər sərnişin daşınmışdır ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 6,6 faiz, sərnişin daşınması isə 7,6 faiz artmışdır.
Hesabat dövründə Rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 116,7 min manatlıq rabitə xidməti göstərmişdir. Göstərilmiş rabitə xidmətlərinin həcmi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6 % artmışdır. Ümumi xidmətin 94,8 faizi bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 61 ədəd telefon aparatı düşür.
Hesabat dövründə əhalinin nominal pul gəlirləri 12 milyon 880,1 min manat olmuş, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 % artmışdır. Adambaşına düşən pul gəlirləri 4,2 % artaraq 155,8 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 260,3 manat təşkil edir. Bu isə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 % çoxdur. İlin əvvəlindən əhaliyə 34,5 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 2,3 % artaraq 29,2 milyon manata, pullu xidmətlərin həcmi 5,3 % çoxalaraq 4,6 milyon manata, iaşə xidmətinin həcmi 3,2 % artaraq 0,7 miyon manata çatmışdır.
2013-cü il üçün rayonun yerli gəlirləri 4 milyon 513,0 min manat, xərcləri isə 15 milyon 348,1 min manat təsdiq olunmuşdur. 2013-cü ilin birinci rübündə büdcəyə 982,4 min manata qarşı 1 milyon 40,3 min manat vəsait daxil olmuş və ya 105,9 % icra olunmuş, yerli xərclər 2 milyon 804,1 min manata qarşı 2 milyon 498,2 min manat və ya 89,1 % icra olunmuşdur.
01 aprel 2013-cü il tarixə pensiya və müavinət alanların sayı 13205 nəfər olmuşdur. Ünvanlı dövlət sosial yardım alanların sayı 1237 ailə olmuş, 150 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır.
2013-cü ilin birinci rübündə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 nəfər müharibə əlilinə pulsuz avtomobil verilmişdir.
2013-cü ilin birinci rübü ərzində rayon məşğulluq mərkəzi tərəfindən 85 nəfər işaxtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş və 35 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən 3 bank və 1 bank olmayan kredit təşkilatlarının filialları tərəfindən Sahibkarlara və vətəndaşlara ümumilikdə 1 milyon 61,8 min manat kredit verilmişdir ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 422,4 min manat çoxdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2 sahibkara 30 min manat məbləğində kredit verilmişdir.
2013-cü ilin birinci rübündə Rayon Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən rayona 35,4 milyon kvt.saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 12,4 milyon kvt.saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 84,6 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 99,2 % təşkil edir.
2013-cü ilin birinci rübü ərzində Rayon Qaz İstismar Sahəsi tərəfindən 4 milyon 275,5 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 3 milyon 898,6 min kub metr olmuş, bunun da dəyərinin 86,5 faizi ödənilmişdir Əhali abonentlərinin sayğaclaşdırılması 99,8% təşkil edir. Rayonda qaz təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müxtəlif ölçüdə 4560 metr boru xətləri çəkilmişdir. Hazırda qazlaşdırılma işləri davam etdirilir.
Rayonda 2013-cü ilin birinci rübündə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, cari ilin birinci rübündə kənd təsərrüfatının ümumi məhsulu 9 milyon 569 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,6 % artmışdır. Göstərilən dövrdə diri çəkidə 1863 ton ət, o cümlədən quş əti 1362 ton, 5019 ton süd, 1 milyon 9 min ədəd yumurta istehsal olunmuş, 2012-ci ilin birinci rübü ilə müqayisədə ət istehsalı 646,4 ton, süd istehsalı 3,1 ton, yumurta istehsalı 4 min ədəd artmışdır.
2013-cü ilin məhsulu üçün taxıl əkini sahəsi xeyli genişləndirilərək 41845 hektara çatdırılmış, pambıq əkini digər yazlıq əkinlərlə əlaqədar hazırlıq işləri tam həyata keçirilmişdir.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Cari ilin birinci rübündə 113,4 km suvarma kanalları, 20,0 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 19 ədəd, kollektor-drenlərdə 20 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 01 aprel 2013-cü il tarixə iri buynuzlu mal-qaranın baş sayı 42799 başa, qoyun və keçilərin baş sayı 135222 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə 754 və 2751 baş artmışdır.
Rayonda baytarlıq xidmətinin işi qənaətbəxş olmuşdur. Belə ki, mal-qara arasında ölümə səbəb ola bilən iti infeksion xəstəliklərə qarşı zoobaytarlıq xidməti profilaktika işləri vaxtında tam həyata keçirilmişdir.
Fermer və sahibkarları texnika və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq məqsədilə Respublika “Aqrolizinq” ASC-nin Neftçala “Aqroservis” filialının fəaliyyəti genişləndirilərək müxtəlif növ texnikaların sayı 125 ədədə çatdırılmış, torpaq istifadəçilərinin mineral gübrələrlə təminatında müsbət irəliləyişlərə nail olunmuşdur.
Qeyd edirik ki, rayonun Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin yaxından köməyi nəticəsində Kür çayından Xol zonasına 25 km uzunluğunda “Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi”nə 2006-ci ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında “Əhalinin Ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı”na daxil edilmiş, kanalın 2008-2013-cü illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən hal-hazıradək kanalın tikintisinə 7,8 milyon manat vəsait sərf olunmuşdur. Hazırda bu işlərin davam etdirilməsi üçün 2013-cü ildə kanalın tikintisinə 3 milyon 346 manat vəsait nəzərdə tutulmuşdur və tikinti quraşdırma işləri davam etdirilir.
Kanalın tikintisi aparılan ərazidə iri taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulmuşdur.
Hörmətli yığıncaq iştirakçıları !
Rayon İcra Hakimiyyəti 2013- cü ilin birinci rübündə rayon ərazisində tikinti, təmir və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir.
Hesabat dövründə rayon ərazisində tikinti, təmir, yol çəkilişi, kommunal və sair xidmətlər sahəsində cari ilin birinci rübündə 890,1 min manatlıq iş həcmi yerinə yetirilmişdir.
“Muğan Sutəmirtikinti” ASC-nin Neftçala filialı tərəfindən Neftçala Magistral Kanalının tikintisinə bu ilin I rübünə 487,9 manatlıq tikinti həcmi yerinə yetirilmişdir.
“Xıllı Melioservis” ASC tərəfindən I rübdə 113,7 min manatlıq meliorasiya işləri aparılmışdır.
39 saylı Yol İstismar İdarəsi cari ilin I rübündə 150 min manatlıq yol təmir işləri yerinə yetirmişdir.
“Delta “ MMC bu ilin I rübündə 2,1 min manatlıq təmir işləri aparmışdır.
Rayonun şəhər və qəsəbələrinin su təchizatı ilə əlaqədar olaraq, Neftçala Su-Kanal İdarəsi cari ilin I rübündə əhaliyə 225,2 min m3 su istehlak etmiş, 59 min manatlıq su və kanalizasiya xidməti göstərmişdir.
Neftçala istilik təsərrüfatı idarəsi cari ilin birinci rübündə balansında olan Təhsil müəssisələrinə və ictimai binalara 18,8 min manatlıq xidmət göstərmişdir.
Neftçala şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi sanitar təmizlik və yaşıllaşdırma işlərinə 58,6 min manatlıq həcmində xidmət göstərmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 min manat çoxdur.
Rayonun Heydər Əliyev prospektinin yenidən qurulması, yeni parkın, prospekt boyunca yol kənarlarının abadlaşdırılması, tikilməkdə olan Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev mərkəzinin inzibati binasının, “Bayraq” meydanının, Kür çayı sahilində “Bulvar”ın tikintisi, “Şorsulu-Xolqarabucaq-Xəzərkənd” avtomobil yolunun əsaslı təmiri, Yuxarı Qaramanlı kənd 360 şagird yerlik tam orta məktəbin, “Şəhidlər Xiyabanı” kompleksinin tikintisinin inşası uğurla davam etdirilir.
Hörmətli yığıncaq iştirakçıları!
Hesabat dövründə Neftçala rayonu İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir. Cari ilin I rübü ərzində Rayon Təhsil Şöbəsi tərəfindən təhsil müəssisələrinə rəhbərlik, nəzarət və metodiki köməklik sahəsinə ciddi fikir verilmiş və tədrisin keyfiyyətinin eləcə də maddi-texniki bazasının daha da yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə ulu öndərin həyatı və fəaliyyətinə həsr olunmuş inşa - yazı müsabiqəsinin rayon və Respublika turları keçirilmiş, müsabiqədə Neftçala şəhər 4 saylı, Xıllı qəsəbə 1 və 2 saylı, Bankə qəsəbə 1 saylı, Aşağı Surra, Mirqurbanlı, “Muğan” liseyi, şəhər internat və Aşağı Qaramanlı kənd ümumi orta məktəblərin şagirdləri yüksək bilik nümayiş etdirmişlər.
Bundan başqa əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın unudulmaz xatirəsinə həsr olunmuş “Ana-müqəddəslik zirvəsi” mövzusunda inşa və rəsm müsabiqəsi keçirilmiş, rayon müsabiqəsi qaliblərinin inşa-yazı və rəsm işləri Respublika müsabiqəsinə təqdim edilmişdir.
Respublika Fövqəladə Hallar Nazirliyinin Təhsil Nazirliyi ilə birgə “Fövqəladə Hallar uşaqların gözü ilə” Respublika müsabiqəsinin rayon turu uğurlu olmuş, 9 rəsm işi, 6 plakat, 4 ədəd yanğın və qəza xilasetmə texnikasının modeli, 5 şeir və 5 əl işi Respublika Təşkilat Komitəsinə təqdim edilmişdir.
Rayon Uşaq Gənclər İdman məktəbinin idman yarışlarında nailiyyətləri uğurlu olmuş, məktəbin 5 nəfər şagirdi zona yarışlarında Respublika final yarışlarına vəsiqə almışlar. Məktəbin 1 nəfər yetirməsi Azərbaycan çempionatında III yeri tutmuşdur.
“Cəsurlar” və “Şahin” hərbi – idman yarışlarının rayon turunda Neftçala şəhər 3 saylı, Bankə qəsəbə 2 saylı, Qədimkənd və Astanlı kənd tam orta məktəblərinin komandaları xüsusi fərqlənmiş, Qədimkənd kənd tam orta məktəbin komandası Astara şəhərində keçirilən zona yarışlarında da I yeri tutaraq may ayında keçiriləcək Respublika final yarışına vəsiqə almışdır.
Rüb ərzində təhsilin maddi – texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Xəzər kənd tam orta məktəbi üçün inşa edilən 260 şagird yerlik yeni məktəb binasının tikintisi artıq başa çatmaq üzrədir. Yuxarı Qaramanlı kənd tam orta məktəbi üçün tikilən 360 şagird yerlik yeni məktəb binasının inşası isə davam etdirilir.
Rayonun tibb müəssisələrində əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Hal-hazırda rayonda ümumi stasionar 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi və 4 tibb məntəqəsi fəaliyyət göstərir.
Cari ilin 3 ayında Mərkəzi Rayon Xəstəxanasının xidmət ərazisi üzrə 293 körpə doğulmuş, ana ölümü hadisəsi olmamışdır. İmtiyazlı xəstələrə-şəkər, vərəm, psixi və onkoloji xəstələrə göstərilən tibbi xidmət diqqət mərkəzində olmuşdur.
2013-cü ilin birinci rübü ərzində rayonun tibb müəssisələrinə əhalinin ambulator müraciətlərinin sayı 38046 olmuş, stasionar müalicəyə 591 xəstə daxil edilmişdir. 128 cərrahi əməliyyat həyata keçirilmişdir ki, bunun da 60-ı təcili və təxirəsalınmaz əməliyyatlar olmuşdur.
Tibb müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi və tibb personalının iş şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra inventar, avadanlıq və təsərrüfat malları alınmışdır.
Rayonda əhaliyə göstərilən mədəni-xidmətin təşkili sahəsində müəyyən işlər görülmüş və bir sıra maraqlı və mədəni-kütləvi tədbirlər həyata keçirilmişdir. Keçən dövr ərzində diqqəti cəlb edən böyük miqyaslı tədbirlər – 20 Yanvar və 26 fevral Xocalı faciələrinə həsr edilmiş anım mərasimləri keçirilmiş, bu mövzularda teatrlaşdırılmış musiqili ədəbi-bədii gecə təşkil edilmişdir. Bundan başqa 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə “Xatimə” şadlıq sarayında musiqili əyləncəli tədbir, Novruz bayramı ilə bağlı teatrlaşdırılmış ümumrayon bayram şənliyi təşkil edilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin keçirilməsinə başlanılmış, bu münasibətlə millət vəkili Hüseynbala Mirələmovun "Böyük adamların həyatı" kitabının təqdimat mərasimi keçirilmişdir.
Rayonun mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının inkişafı ilə bağlı bir sıra işlər görülmüş, mədəniyyət obyektləri üçün lazımi inventar və avadanlıqlar alınmış, Rayon Mədəniyyət Evində təmir işləri aparılmışdır.
Rayon ərazisində sanitar-gigiyenik qaydaların yerinə yetirilməsinə nəzarət olunmuş, bu sahədə işlərin lazımi səviyyədə qurulmasına səy göstərilmişdir. Hesabat dövründə rayonda doğulub peyvənd almış uşaqlara görə vərəmə, hepatit B və poliomielitə qarşı peyvəndlər illik plana əsasən 98,9 % yerinə yetirilmiş, difteriya, göy-öskürək, tetanus və digər yoluxucu xəstəliklərə qarşı peyvəndlər vurulmuş, bu vaxt ərzində əhali arasında difteriya, poliomielit, göy-öskürək, tetanus, qızılca, malyariya kimi xəstəliklərə yoluxma halı baş verməmişdir. Rüb ərzində rayonda 9 vərəm xəstəliyi aşkar olunmuş, onların da bir qismi, stasionar, bir qismi isə ev şəraitində müalicə olunub sağalmışlar. Bütün bunlarla yanaşı xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik tədbirlər də müntəzəm olaraq həyata keçirilir. Rayon ərazisində sanitar-gigiyenik qaydaların yerinə yetirilməsi və onun daha da yaxşılaşdırılması məqsədilə Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən reydlər təşkil olunmuş, aşkar olunan nöqsanlar barədə idarə və təşkilat rəhbərlərinə rəsmi müraciətlər olunmuş, sanitar normaları pozduqlarına görə 5 nəfər inzibati qaydada cərimə edilmişdir.
Hesabat dövrü ərzində rayonda gənclərlə işin təşkili sahəsində, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, “Gənclər günü” münasibətilə rayonun fəal gənclərinin iştirakı ilə tədbir keçirilmiş, tədbirdə maraqlı əyləncəli-konsert proqramları və yarışlar təşkil edilmişdir.
Bədən tərbiyəsi və idman sahəsində də müxtəlif yarış və birinciliklər təşkil olunmuşdur. Yanvar ayında “20 Yanvar şəhidləri” nin xatirəsinə həsr olunmuş voleybol üzrə rayon birinciliyi və “Neftçala şəhidləri” nin xatirəsinə həsr olunmuş ağır atletika turniri keçirilmiş, müvafiq olaraq qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Hesabat dövründə rayon ərazisində ictimai-siyasi sabitliyin qorunub saxlanılması işlərinə də diqqət yetirilmiş, partiyalar və qeyri-hökumət təşkilatları ilə bir sıra əlaqəli işlər aparılmışdır. Rayonda 14 siyasi partiya, 18 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.
Rayonda dini durum da daim nəzarətdə saxlanılmış, din xadimləri ilə müntəzəm əlaqələr zamanı "Dini etiqad azadlığı haqqında" Qanunun müddəalarına riayət olunması onlara tövsiyə olunmuşdur.
Cari ilin birinci rübü ərzində ictimai tədbirlər- Rayon Ağsaqqallar Şurasının və rayon qadınlarının konfransları keçirilmiş, konfransda bu sahələrdə görülən işlər barədə hesabat dinlənilmiş, respublika ağsaqqallarının və respublika qadınlarının qurultaylarına nümayəndələr seçilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsi 2013-cü ilin I rübündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən 2013-cü ilin I rübündə 90 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. Hərbi çağırışçılar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2013-cü ilin I rübündə rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 32-cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 52,8 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı 2012-ci ilin I rübü ilə müqayisədə 2013-cü ilin I rübündə 6-cinayət faktı az olmuşdur.
2013-cü ilin I rübündə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyarı görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafik tərtib olunmuşdur.
2013-cü ilin birinci rübündə İcra Hakimiyyəti başçısı tərəfindən qrafikə uyğun olaraq yerlərdə əhali ilə 11 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 1290 nəfər iştirak etmişdir. Keçirilən bu görüşlərdə 57 nəfər 43 tənqidi qeyd və təkliflə çıxışlar etmişlər ki, bunlardan 7-si yolların əsaslı təmiri, 8-i yaşayış məntəqələrinin qazlaşdırılması, 9-u suvarma və drenaj kanallarının lildən təmizlənməsi , 8-i içməli su təminatının yaxşılaşdırılması, 4-ü elektrik təchizatının yaxşılaşdırılması, 2-si məişət tullantılarının daşınması üçün zibil qutularının sayının artırılması və Xəzər kənd həkim məntəqəsində ali təhsilli həkim kadrının olmaması, Cəngan ərazisinə “Kapital Bank”in bankomatının qurulması, Aşağı Surra kəndi ərazisində güzəştli qiymətə azot gübrəsinin satışının təşkil, Qırmızıkənd qəbiristanlığında abadlıq işlərinin aparılması və Qədimkənd kəndindəki iki mərtəbəli yaşayış binalarının kanalizasiya xətlərinin təmizlənməsindən ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyatı üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılmış və yerlərdə həlli mümkün olan problemlərin aradan qaldırılmasından ötrü tədbirlər həyata keçirilmişdir
Rayon İcra Hakimiyyəti bələdiyyələrin işgüzar fəaliyyət göstərmələrinə yaxından köməklik etmiş ,onlar inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, idarə, müəssisə və təsərrüfat rəhbərləri ilə birgə və əlaqəli fəaliyyətdə olaraq rayonun ictimai-siyasi tədbirlərində, bir çox sosial-iqtisadi, tikinti-abadlıq məsələlərinin həllində yaxından iştirak etmişlər. Hesabat dövrü ərzində rayonda bələdiyyələrin işlərinin əlaqələndirilməsi və möhkəmləndirilməsi sahəsində bəzi tədbirlər həyata keçirilmişdir.
Rayonun şəhər və qəsəbələrinin ərazilərində olan yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatlarının uçotunun aparılması işi başa çatdırılmış və Rayon Statistika İdarəsi tərəfindən şəhər və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə paylanmış “Ev təsərrüfatlarının uçotu” kitabları üzrə məlumatlar evbəev gəzilərək qeydlər aparılmışdır.
Rayon İcra Hakimiyyəti vətəndaşların qəbulu və müraciətləri ilə bağlı müəyyən tədbirlər həyata keçirmişdir
2013-cü ilin I rübü ərzində Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 225 ərizə, şikayət və təklif daxil olmuşdur. O cümlədən Prezident Administrasiyasından 53, Milli Məclisdən 3, Mərkəzi Orqanlardan 16 ərizə daxil olmuşdur. 153 ərizə bilavasitə vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır.
Müraciətlər mövzular üzrə araşdırılarkən mənzil məsələləri üzrə 12 və ya 5,3 %, torpaq məsələləri üzrə 37 və ya 16,4 %, tikinti məsələləri üzrə 69 və ya 30,7 %, əmək məsələləri üzrə 23 və ya 10,2 %, təbii, texnogen hadisələr üzrə 17 və ya 7,6 %, enerji, qaz və su təchizatı üzrə 8 və ya 3,6 %, kənd təsərrüfatı məsələləri üzrə 8 və ya 3,6 % , bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 3 və ya 1,3 % , birdəfəlik maddi yardım və məişət problemi 11 və ya 4,9 % , qəbul haqqında 3 və ya 1,3 %, minnətdarlıq barədə 2 və ya 0,8 % , sosial məsələlərlə bağlı 4 və ya 1,8 % , digər məsələlərlə bağlı 28 və ya 12,5 % təşkil etmişdir.
Hesabat dövründə Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlər 2012-ci ilin birinci rübü ilə müqayisədə 12 müraciət çox olmuşdur. Artan müraciətlər tikinti məsələləri və birdəfəlik maddi yardım və məişət problemləri ilə əlaqədar olmuşdur.
2013-cü ilin I rübü ərzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 53 müraciət, o cümlədən 2 müraciət nəzarət qaydasında daxil olmuşdur. Daxil olmuş müraciətlərin 8 və ya 15 %-i tikinti barədə, 5 və ya 9,4 %-i evinin qəzalı olması, 12 və ya 22,5 %-i mənzillə təmin olunması və tikinti materialı ilə köməklik edilməsi, 8 və ya 15 %-i torpaq məsələləri, 9 və ya 17 %-i əmək məsələləri , 2 və ya 3,8 %-i qəbul barədə, 9 və ya 17%-i sosial, kommunal və digər məsələlər barədə olmuşdur.
Ümumilikdə rüb ərzində ərizə, şikayət və təkliflərdən 12 müraciət kollektiv, 10 müraciət təkrar xarakterli olmuşdur. Kollektiv müraciətlərdən 8 ərizə bilavasitə vətəndaşlardan, 2 ərizə Mərkəzi Orqanlardan, 2 ərizə Prezidenti Administrasiyasından daxil olmuşdur. Daxil olmuş kollektiv müraciətlərdən 4 müraciət torpaq, 2 müraciət tikinti, 1 müraciət nəqliyyat, 2 müraciət kənd təsərrüfatı, 3 müraciət kommunal məsələlər barədə olmuşdur.
Təkrar müraciətlərdən 2 ərizə Mərkəzi Orqanlardan, 8 ərizə Prezidenti Administrasiyasından daxil olmuşdur. Müraciətlərdən 3 müraciət torpaq, 4 müraciət tikinti, 2 müraciət mənzil və evin qəzalı olması, 1 müraciət kənd təsərrüfatı məsələləri barədə olmuşdur.
2013-cü ilin birinci rübündə İcra Hakimiyyəti başçısı tərəfindən 169 vətəndaş qəbul edilmişdir. O cümlədən İcra Hakimiyyəti başçısı aparatında 112 nəfər, səyyarı qəbullarda 57 nəfər vətəndaş qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul olunmuş vətəndaşların müraciətləri mövzular üzrə araşdırılarkən 9 müraciət mənzil ilə təmin olunma, 21 müraciət işlə təmin olunma, 13 müraciət torpaq məsələləri, 7 müraciət kommunal məsələləri, 14 müraciət evinin qəzalı olması, 14 müraciət enerji, qaz və su təchizatı məsələləri, 9 müraciət sosial müdafiə məsələləri, 12 müraciət tikinti məsələləri, 13 müraciət digər məsələlər barədə olmuşdur.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub öz fəaliyyətini daha da genişləndirəcək, bütün sahələrdə inkişafa və tərəqqiyə nail olmaq üçün lazımi tədbirlər görəcəkdir.