Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru
Son illər Ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
Rayon üzrə ümumi məhsulun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi cari ilin birinci rübündə 94,1 faizə çatmışdır. Qeyri - dövlət sektorunda isə ümumi məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,7 faiz artmışdır.
2019-cu ildə rayon ərazisində işaxtaran əhali qrupu ilə bağlanmış əmək müqavilələrinin sayı 533 nəfər olmuş, bundan 43 nəfəri özəl sektorun payına düşmüşdür. 2020-ci ilin 19 may tarixinə isə işaxtaran şəxslərlə bağlanmış əmək müqavilələrinin sayı 283 nəfər olmuşdur. Bundan, koronovirus pandemiyası (COVİD-19) dövründə dizinfeksiya işlərinə və 65 yaşdan yuxarı şəxslərə xidmət göstərmək üçün “İşsizin Dostu” proqramı çərçivəsində rayon ərazisində 273 nəfər sosial işçi kimi işə cəlb edilmişdir. İctimai işlərə cəlb edilmiş vətəndaşların plastik əmək haqqı kartları müvəkkil banklar tərəfindən hər bir vətəndaşın şəxsən özünə təqdim edilməsi həyata keçirilir. 2020-ci ilin birinci rübündə rayon üzrə 56 nəfər işaxtaran vətəndaş özünüməşğulluq proqramı çərçivəsində təlimlərə cəlb edilmiş, lakin pandemiya dövrü ilə əlaqədar keçirilən təlim kursları başa çatdırılmamış, pandemiya dövrü bitdikdən sonra təlimlərin keçirilməsi və aktivlərin verilməsi davam etdiriləcəkdir.
Cari ilin aprel ayının 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. O cümlədən, Neftçala rayonu ərazisində aprel ayında 3894 nəfərə “Azərpoçt” MMC-nin Neftçala Filialı tərəfindən 190 manat birdəfəlik müavinət verilmiş, həmin 190 manat birdəfəlik müavinət alan vətəndaşlara müvafiq banklar tərəfindən may ayı üçün müavinətlərin plastik kartlarla verilməsi həyata keçirilir.
Əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, cari ilin aprel ayı daxil olmaqla rayon ərazisində yaşayan 589 ailə (2556 ailə üzvü) də bu proqrama cəlb edilmişdir. Digər tərəfdən rayonda pensiya, müavinət və təqaüd alan 15903 şəxsə ödənişlərin davamlılığı təmin edilir.