Neftçala Rayonu İcra Hakimiyyətinin 2012-ci ildə gördüyü işlər, 2013-cü ildə qarşısında duran məsələlər barədə Rayon İcra Hakimiyyəti başçısının hesabatı keçirilmişdir
13 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayonu İcra Hakimiyyətinin 2012-ci ildə gördüyü işlər, 2013-cü ildə qarşısında duran məsələlər barədə Rayon İcra Hakimiyyəti başçısının hesabatı keçirilmişdir. Hesabatda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev və Milli Məclisin deputatı Arif Rəhimzadə iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev çıxış edərək bildirmişdir ki, 2012-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi 2011-ci ilə nisbətən 20,1 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 182,7 milyon manat olmuşdur ki, bu da 2011-ci ilə müqayisədə 30,6 milyon manat çoxdur. 2012-ci ildə ümumi məhsulun tərkibində sənaye məhsulu 27 milyon 74,0 min manat və ya ümumi məhsulun 14,8 %-i qədər, kənd təsərrüfatı məhsulu 69 milyon 686,0 min manat və ya 38,1 %, nəqliyyat xidməti 1 milyon 790,1 min manat və ya 1,0 %, rabitə xidməti 430,7 min manat və ya 0,2 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 60 milyon 61,5 min manat və ya 32,9 % , tikinti işlərinin həcmi 23 milyon 688,5 min manat və ya 13,0 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 85,3 %-ə çatmışdır. Adambaşına 2236,1 manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2011-ci ilə nisbətən 18,7 % çoxdur.
2012-ci il ərzində rayonda 6 yeni müəssisə yaradılmış, 799 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 11, fiziki şəxslər üzrə 799, mövcud müəssisə və təşkilatlarda 145, cəmi 955 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Kənd təsərrüfatında mövsümü işlərə 1116 nəfər, rayonda aparılan tikinti-abadlıq işlərinə 189 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 15 sənaye müəssisəsində, 9-u kiçik müəssisə olmaqla , fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 27 milyon 74,0 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 87,4 % təşkil etmişdir.
2012-ci ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 583,0 min ton yük, 6 milyon 358,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2011-ci illə müqayisədə yük daşınma 7,0 faiz, sərnişin daşınması isə 7,5 faiz çoxdur.
Hesabat dövründə rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 430,7 min manatlıq rabitə xidməti göstərilmişdir. Ümumi xidmətin 96,6 faizi bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 ailəyə 60 ədəd telefon aparatı düşür. Cari ildə əhalinin nominal pul gəlirləri 49 milyon 736,0 min manat olmuş, 2011-ci il ilə müqayisədə 16,8 % artmışdır. Adambaşına düşən pul gəlirləri 15,5 % artaraq 608,6 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 253,5 manat təşkil edir. Bu isə 2011-ci illə müqayisədə 8,2 % çoxdur. İlin əvvəlindən əhaliyə 143,3 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 15,4 % artaraq 121,0 milyon manata, pullu xidmətlərin həcmi 18,8 % çoxalaraq 19,8 milyon manata, iaşə xidmətlərinin həcmi 6,3 % artaraq 2,5 milyon manata çatmışdır.
2012-ci il üçün rayonun yerli gəlirləri 3 milyon 944,0 min manat, xərcləri isə 14 milyon 162,3 min manat təsdiq olunmuşdur. 2012-ci il ərzində büdcəyə 3 milyon 944,0 min manata qarşı 4 milyon 84,3 min manat vəsait daxil olmuş və ya 103,6 % icra olunmuşdur.Yerli xərclər 14 milyon 162,3 min manata qarşı 13 milyon 596,6 min manat və ya 96 % icra olunmuşdur.
01 yanvar 2013-cü il tarixə pensiya və müavinət alanların sayı 13253 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 1480 nəfər olmuş, 150 kimsəsiz, ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir.
2012-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 nəfər müharibə əlilinə “Nazlifan” markalı avtomobillər pulsuz olaraq verilmişdir.
2012-ci il ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 346 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş və 35 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. Peşə hazırlığı kurslarına 32 nəfər, haqqı ödənilən ictimai işlərə 51 nəfər cəlb olunmuşdur.
Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən 3 bank və 1 bank olmayan kredit təşkilatlarının filialları tərəfindən 2012-ci ildə sahibkarlara və vətəndaşlara ümumilikdə 3 milyon 625,3 min manat, o cümlədən, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 4 nəfər sahibkara 43,0 min manat kredit verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında ” 14 mart 2012-ci il tarixli Fərmanının icrası ilə əlaqədar “Kapital Bank” ASC-nin Neftçala rayon filialı tərəfindən 2012-ci ildə 8948 nəfər əmanətçiyə 3 milyon 551,6 min manat fərdi birdəfəlik ödəmə verilmişdir.
2012-ci ildə Neftçala Elektrik Şəbəkəsi tərəfindən 139,8 milyon kvt. saat rayona elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 48,1 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyərinin 83,0 faizi ödənilmişdir.
2012-ci ildə Rayon Qaz İstismar Sahəsi tərəfindən 9 milyon 336,0 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 8 milyon 482,4 min kub metr olmuş, bunun da dəyərinin 89,9 faizi ödənilmişdir ki, bu da 2011-ci ilə müqayisədə 11,4 faiz çox olmuşdur. Rayonda qaz təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müxtəlif ölçüdə 64 min metr boru xətləri çəkilmişdir. Hazırda rayonun qazlaşdırılması işləri davam etdirilir.
2012-ci ildə rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 2 milyon 870 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır.
Rayonda 2012-ci ildə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, 2012-ci ildə əvvəlki illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu artaraq 69 milyon 686 min manat olmuşdur. Göstərilən dövrdə diri çəkidə 6290,1 ton ət, 22868 ton süd, 4016 min ədəd yumurta, 236,6 ton yun istehsal olunmuş, ötən illə müqayisədə ət istehsalı 331 ton, süd istehsalı 2662 ton, yumurta istehsalı 601 min ədəd, yun istehsalı 44,1 ton artmışdır.
2012-ci ilin məhsulu üçün 39809 hektar sahəyə taxıl əkilmiş, sahələrdən 102,2 min ton məhsul toplanmışdır.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 481 km suvarma kanalları, 112 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 70 ədəd, kollektor-drenlərdə 63 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 01 yanvar 2013-cü il tarixə iri buynuzlu mal-qaranın baş sayı 41487 baş, qoyun və keçilərin baş sayı 125066 başa çatdırılaraq ötən ilə müqayisədə müvafiq olaraq 560 və 6920 baş artmışdır.
Məhsul istehsalçılarının maddi marağını artırmaq məqsədilə hesabat ilində rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına 2 milyon manatdan çox vəsait verilmişdir ki, bu da rayonda kənd təsərrüfatı məhsullarının ilbəil artmasına gətirib çıxarmışdır.
Rayonun Xol zonasında 17000 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin müvafiq sərəncamı ilə Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisi 2006-ci ildə başlanmışdır. Bu kanalın tikintisi 2008-2015-ci illərdə Azərbaycan Respublikasında “Əhalinin Ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı”na daxil edilmiş, kanalın 2008-2013-cü illər ərzində tikilib başa çatdırılması nəzərdə tutulmuş, bununla əlaqədar 2006-cı ildən 2012-ci ilin sonunadək həmin kanalın tikintisinə 8,7 milyon manat vəsait sərf olunmuşdur. Layihənin icrasının sürətləndirilməsinə ciddi ehtiyac vardır.
Hörmətli yığıncaq iştirakçıları !
Rayon İcra Hakimiyyəti 2012-ci ildə rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir.
2012-ci ildə bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatının inkişafına 24911,8 min manatlıq əsas kapitala investisiya yönəldilmişdir. Bunun 24098,6 min manatı dövlət sektoruna, 813,2 min manatı qeyri-dövlət sektoruna aiddir. Keçən ilə nisbətən rayonda əsas kapitala investisiya qoyuluşu 113,3 faiz artmışdır.
Ümumi investisiyalardan tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 23688,5 min manat təşkil etmişdir.
Tikinti müəssisələri tərəfindən bu ildə yerinə yetirilmiş tikinti işlərinin həcmi 2721,5 min manat olmuş, yerinə yetirilmiş işlərin 721,6 min manatı (26,5 faizi) yeni tikinti, yenidənqurma, genişləndirmə, 141,9 min manatı ( 5,2 faizi) əsaslı təmir, 1858,0 min manatı (68,3 faizi) cari təmir işləri olmuşdur.
2012-ci ildə fəaliyyət göstərən tikinti müəssisələrində siyahı tərkibində olan işçilərin orta siyahı sayı 104 nəfər olmuş, onların orta aylıq nominal əmək haqqı 238,0 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründən 25,0 faiz çoxdur.
Hesabat ilində “Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2012-ci il tarixli 2276 nömrəli sərəncamına əsasən 11 yaşayış məntəqəsini birləşdirən Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun tikintisi və yenidən qurulması üçün 5 milyon manat vəsait sərf olunmuşdur.
Rayonun Heydər Əliyev prospektində Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, Heydər Əliyev mərkəzinin tikintisi və prospekt boyunca aparılan abadlıq işləri uğurla davam etdirilir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Kür çayı boyu ərazilərdə geniş miqyaslı bənd vurma işləri ilə yanaşı gələcəkdə Kür çayında baş verə biləcək daşqınların qarşısının birdəfəlik alınması məqsədilə çayın dibinin dərinləşdirilməsi layihəsi uğurla həyata keçirilir.
39 saylı Yol İstismar İdarəsi 2012-ci ildə yerinə yetirilmiş yol təmiri işləri və yolların saxlanmasına 717 min manat vəsait sərf edilmişdir.
Neftçala şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2012-ci ildə 149 min manatlıq, o cümlədən sanitar təmizliyə 96 min manatlıq, yaşıllaşdırma işlərinə 53 min manatlıq vəsait sərf etmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 iyul 2012-ci il 167 s saylı sərəncamı ilə rayona kommunal xidmət təyinatlı 2 ədəd nəqliyyat vasitəsi, 140 ədəd konteynerlər gətirilmişdir. Belə ki, rayona ayrılan kommunal xidmət təyinatlı avadanlıqlar, şəhərin təmizliyinə və abadlığına mühüm təsir göstərir.
Hesabat ilində Kür çayının qalxması ilə əlaqədar təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən keçirilmiş təkrar baxış nəticəsində 283 evə baxış keçirilmiş, onlardan 78 ev qənaətbəxş, 23 ev qəzalı, 96 ev bərpa gücləndirmə, 86 ev təmirə ehtiyacı olan evlər kimi qeydə alınmışdır. Hazırda Neftçala şəhərində komissiyanın qərarına əsasən 14 ev tikilməkdədir.
2012-ci ildə Neftçala rayonu İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsi, normativ hüquqi aktların əhali arasında təbliği, dövlət rəmzlərinin tərtibatı və mühafizəsi sahəsində müəyyən işlər görülmüş, dövlətimizin humanitar siyasət xəttinin həyata keçirilməsi məsələlərinə xüsusi fikir verilmiş, ictimai təşkilatlarla və siyasi partiyalarla əlaqəli işlər gücləndirilmiş, təhsil, səhiyyə, mədəniyyət, gənclərlə iş və idman sahələrində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, mməktəblərin infrastrukturunun yeniləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı"na uyğun olaraq və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında 2003-2012-ci illər ərzində rayonda 7 məktəb, 2 uşaq bağçası tikilib istifadəyə verilmiş, 3 məktəb, o cümlədən, Rayon Şahmat Məktəbi, 1 uşaq bağçası əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təchiz edilmişdir. Hazırda 2 məktəb binasının (260 yerlik Xəzər kənd və 360 yerlik Yuxarı Qaramanlı kənd tam orta məktəblərinin) tikintisi davam etdirilir. 2013-cü ildə Aşağı Surra kənd tam orta məktəbinin əsaslı təmiri və 10 əlavə sinif otağının tikintisi nəzərdə tutulmuşdur. Bütün bunlarla yanaşı, rayonda ümumtəhsil məktəblərinin əksəriyyətinin əsaslı təmirinə və yeni məktəb binalarının tikintisinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyacı vardır. Rayonda 6 məktəb və 5 uşaq bağçası qəza vəziyyətindədir. 2012-ci ildə rayonun bütün təhsil müəssisələrinin, eləcə də uşaq bağçalarının texniki vəziyyəti ilə əlaqədar Rayon İcra Hakimiyyətində yaradılmış Komissiya tərəfindən həmin obyektlərə baxış keçirilmiş, binaların fotoşəkilləri çəkilmiş, akt tərtib edilərək Respublika Nazirlər Kabinetinə təqdim edilmişdir. Nazirlər Kabineti tərəfindən təşkil edilmiş komissiyanın əməkdaşları tərəfindən də həmin müəssisələrə baxış keçirilmişdir.
Ümumtəhsil məktəblərində informasiya və kommunikasiya texnologiyalarından müasir tələblərə uyğun istifadə olunmasını, müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədi ilə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı" na və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" na müvafiq olaraq tədbirlər davam etdirilmiş, bu il daha 12 məktəbin sürətli internetə qoşulması üçün lazımi texniki işlər həyata keçirilmişdir. Hazırda rayonun ümumtəhsil məktəblərində 356 ədəd kompüter, 24 ədəd proyektor, 21 ədəd isə noutbuk vardır. Məktəblərdə 28 kompüter kabineti fəaliyyət göstərir.
Hesabat ilində Rayon Təhsil Şöbəsi və təhsil müəssisələri tərəfindən gənc nəslin təlim-tərbiyəsinin və mənəviyyatının yüksəldilməsi məsələlərinə ciddi fikir verilmiş və tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, məktəblərdə tədrisin keyfiyyəti və dərsə davamiyyət yoxlanılmış, buraxılış sinif şagirdlərinin bilik səviyyəsinin yüksəldilməsi məqsədilə sınaq işləri və test yoxlamaları keçirilmiş, monitorinqlər aparılmış nəticələr təhlil olunaraq məktəb rəhbərlərinə və fənn müəllimlərinə əməli göstəriş və tövsiyələr verilmişdir. Ötən il keçirilən buraxılış imtahanlarında şagirdlərin müvəffəqiyyət faizi XI siniflər üzrə 83,4 %, IX siniflər üzrə isə 76% olmuşdur. 2012-ci ildə rayon üzrə ali məktəblərə tələbə qəbulu keyfiyyətcə bir qədər də yaxşılaşmışdır. Attestat alan 585 məzunun 332 nəfəri ali məktəbə qəbul üçün ərizə vermiş, sənəd verənlərdən 163 nəfəri tələbə adını qazanmışdır. Qəbul olunanların 26 nəfəri 500-lə 600 bal arasında, 5 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Onlardan 2 nəfər-Aşağı Surra və Mirqurbanlı kənd tam orta məktəblərinin məzunları Prezident təqaüdünə layiq görülmüşlər. Əvvəlki illə müqayisədə 2012-ci ildə rayon üzrə ali məktəblərə ümumi qəbulolunma faizi də artaraq 35,5 % təşkil etmişdir. Rayon Təhsil Şöbəsində rayon üzrə ali məktəblərə qəbulun vəziyyəti təhlil olunaraq müzakirə olunmuş, yaxşı nəticə göstərmiş məktəb rəhbərlərinin işi qeyd edilmiş, nəticəsi aşağı olan məktəb rəhbərlərinə isə konkret tapşırıq və göstərişlər verilmişdir.
Hesabat dövründə rayonun səhiyyə obyektləri tərəfindən əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayonda ümumi stasionar 160 çarpayılıq 2 xəstəxana, 15 həkim məntəqəsi və 4 tibb məntəqəsi fəaliyyət göstərir. Neftçala MRX və ona tabe olan tibb müəssisələrində 973 nəfər çalışır ki, bunlardan 131 nəfəri həkim, 442 nəfəri orta və 400 nəfəri isə kiçik tibb işçisi və digər xidmət personalıdır. 2012-ci il ərzində 21 nəfər həkim və 44 nəfər orta tibb işçisi ixtisasartırma kursundan keçmişdir. Sertifikat almış həkimlərin sayı isə 39-a çatmışdır.
Hesabat ilində rayon üzrə 1236 körpə doğulmuş, doğulan körpələrin 99,9 %-i doğum evlərində yoluxucu xəstəliklərə qarşı peyvənd olunmuşdur. 2012-ci il ərzində rayon üzrə ana ölümü hadisəsi olmamış, uşaq ölümü isə respublika göstəricisindən dəfələrlə aşağı olmuşdur. 0-14 yaşda olan uşaq kontingentinə aparılan vaksinasiya və immunizasiya tədbirləri planı 98,7 % yerinə yetirilmiş, il ərzində rayon üzrə uşaqlar arasında difteriya, göyöskürək, poliomielit, tetanus, qızılca kimi yoluxucu infeksion xəstəliklər qeydə alınmamışdır.
Ötən dövrdə xəstələr tərəfindən 160 min ambulator müraciət qeydə alınmış, stasionar müalicəyə 2560 xəstə daxil edilmişdir. Bu xəstələr tərəfindən 31055 çarpayı-gün keçirilmişdir. 181-i təcili və təxirəsalınmaz olmaqla 462 cərrahi əməliyyat aparılmışdır.
Xəstəxananın maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması və personalın iş şəraitinin müasir təlabata uyğun şəkildə qurulması istiqamətində də bir sıra addımlar atılsa da müəyyən nöqsan və çatışmamazlıqlar da qalmış, xəstəxananın bəzi vacib problemlərinin həlli Mərkəzi Xəstəxananın əsaslı təmiri və istilik sisteminin bərpası mümkün olmamışdır. Rayonda uyğunlaşdırılmış binalarda yerləşən həkim məntəqələri üçün yeni binaların tikintisinə ciddi ehtiyac vardır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq rayonumuzda da müəyyən işlər görülmüş və bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rayon ərazisində rekreasiya turizmi ilə əlaqədar olaraq rayon mərkəzindən 2 km məsafədə yerləşən yod-brom və müalicə əhəmiyyətli minerallarla zəngin isti su yataqları vardır ki, bu yataqlar gələcəkdə rayonda kurort və sanatoriya tipli müəssisələrin tikilməsi və infrastruktur layihələrin həyata keçirilməsi üçün baza ola bilər. İlkin olaraq həmin ərazidə yerli investisiya qoyuluşu hesabına yeni, müasir tələblərə cavab verən sanator-profilaktik obyekt təşkil olunmuş, abadlıq işləri həyata keçirilmiş, burada müalicə alanlar üçün lazımı şərait yaradılmışdır. Bu sahədə görülən işlərin gələcəkdə daha
da inkişafı nəzərdə tutulmuşdur. Bundan əlavə rayonumuzun tarixi-mədəniyyət abidələrinə marağı cəlb etmək məqsədilə həmin abidələri əks etdirən, azərbaycan və ingilis dillərində geniş məlumat verilən bukletlər nəşr edilmişdir. Bunlarla yanaşı rayonda turizmin inkişafı ilə bağlı müasir infrastruktura malik otel və istirahət guşələrinin, dəniz sahilində müalicəvi sanatoriyanın tikintisinə də böyük ehtiyac vardır. Bu sahəyə investisiya cəlb edilməsi ilə əlaqədar geniş təbliğat işləri aparılmalı, rayonumuzun təbii şəraiti və imkanları təşviq olunmalıdır.
Hesabat ilində rayonda fəaliyyət göstərən mədəniyyət obyektlərində müəyyən işlər görülmüş, əhaliyə göstərilən mədəni-maarif xidmətini daha da yüksəltmək məqsədilə əməli tədbirlər həyata keçirilmişdir. Belə ki, Rayon Tarix Diyarşünaslıq Muzeyində müxtəlif mövzularda mühazirələr və tarixi hadisələrlə əlaqədar sərgilər təşkil olunmuş, bir sıra tədbirlər keçirilmişdir. Hal-hazırda muzeydə əsaslı təmir işləri aparılır.
Mərkəzi Kitabxana Sistemində əlamətdar günlər və respublikanın görkəmli şəxslərinin yubileyləri ilə bağlı maraqlı tədbirlər təşkil edilmişdir. Rayonumuzda 2012-ci il "Kitabxana ili" elan olunmuş, bu məqsədlə geniş Tədbirlər Planı hazırlanmış, "Kitabxana ili" layihəsi çərçivəsində bir sıra silsilə tədbirlər həyata keçirilmiş və layihə teatrlaşdırılmış kitab bayramı ilə başa çatdırılmışdır. Bayram tədbirində "Kitabxana biblioqrafik proseslərin avtomatlaşdırılması" və "İnformasiya resurs" şöbələrinin elektron kitabxana kimi fəaliyyətə başlamasının açılışı olmuşdur. Rayonda "Kitabxana ili"nin uğurla həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dekabr ayında təşkil olunan "Kitabxanaçıların Ümumrespublika Konfransı" nda da xüsusi qeyd edilmişdir.
Rayonda qeydiyyatdan keçmiş 22 tarixi abidə mühafizə olunur. Onlardan 4-ü arxitektura abidəsi, 2-si bağ-park monumental və xatirə abidələri, 4 ədəd yerli əhəmiyyətli arxeoloji abidə, 12-si isə ölkə əhəmiyyətli tarixi abidələrdir. Rayon ərazisində olan əksər tarixi abidələrin, mədəniyyət evlərinin, Xıllı qəsəbə 1№-li mərkəzi kitabxanasının, eləcə də Uşaq İncəsənət məktəbinin əsaslı təmir olunmasına, Neftçala şəhər Mədəniyyət və İncəsənət Sarayının, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Tarix-Diyarşünaslıq muzeyinin istilik sistemlərinin çəkilməsinə və onların maddi-texniki bazasının möhkəmləndirilməsinə ciddi ehtiyac vardır.
Hesabat dövrü ərzində rayonda gənclərlə işin təşkili sahəsində, bədən tərbiyəsi və idmanın inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, yay aylarında yeniyetmələr üçün rayonun Şirvan kəndi ərazisindəki dəniz sahilində istirahət düşərgələri təşkil edilmiş, "Əlillər" günü münasibətilə əqli və fiziki cəhətdən qüsuru olan uşaq və yeniyetmələr üçün əyləncəli gecə keçirilmiş, fəal uşaq və yeniyetmələrə hədiyyələr təqdim edilmişdir.
Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-ci il "İdman ili" elan olunmuş, bu məqsədlə Tədbirlər Planı tərtib edilmiş, rayonda müxtəlif yarış və birinciliklər təşkil olunmuş, müvafiq olaraq qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar. Ötən il Yeniyetmələrin VII Respublika Oyunlarının boks üzrə zona birinciliyində rayonumuzun idmançıları müvəffəqiyyətlə çıxış etmiş, onlar müxtəlif çəki dərəcələrində fəxri kürsünün ən yüksək pillələrini tutmuşlar. Uşaq Gənclər İdman Məktəbinin şagirdləri də yarışlarda yaxşı nəticələr göstərmiş, məktəbin 1 nəfər şagirdi Yeniyetmələr arasında keçirilən boks üzrə Avropa çempionatında III yerə layiq görülmüşdür.
Rayonda gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı yeni idman kompleksinin və "Gənclər Mərkəzi" nin tikintisinə böyük ehtiyac vardır. Kompleksin və Mərkəzin inşası ilə əlaqədar olaraq şəhər ərazisində müvafiq torpaq sahələri ayrılmış, bununla bağlı aidiyyatı yuxarı orqanlar qarşısında məsələ qaldırılmışdır.
2012-ci il ərzində rayonda ideoloji işin gücləndirilməsi diqqət mərkəzinə saxlanılmış, Heydər Əliyev Mərkəzinin işinin təkmilləşdirilməsi sahəsində bir sıra işlər görülmüş, ümummilli liderin həyat və fəaliyyətinin araşdırılması və onun təbliği məqsədilə Mərkəzin tərkibində fəaliyyət göstərən tədqiqat qrupu elmi araşdırma və təbliğat işlərini davam etdirmişdir. Yetişməkdə olan gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda formalaşması məqsədilə Heydər Əliyev Mərkəzi əsl ideoloji mərkəz kimi fəaliyyət göstərmiş, ümummilli liderin əsl vətənpərvərlik nümunələri və ideyaları gənc nəslə aşılanmışdır.
İl ərzində rayon ərazisində ictimai-siyasi sabitliyi qoruyub saxlamaq və demokratik prinsiplərə əməl etmək məqsədilə siyasi partiyalar və qeyri-hökumət təşkilatlarla əlaqəli işlər gücləndirilmiş, onların fəaliyyəti ilə bağlı işlərə diqqət artırılmışdır. Rayonda 13 siyasi partiya, 17 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.
Rayonda fəaliyyət göstərən Dini Komissiyanın üzvləri din xadimləri ilə müntəzəm olaraq görüşmüş, onlara "Dini etiqad azadlığı haqqına" Qanunun və dövlətçilik maraqları çərçivəsində fəaliyyət göstərmələri tövsiyə olunmuşdur. Rayonda dini durum da daim nəzarətdə saxlanılmış, xaricdən istiqamətləndirilən missioner fəaliyyəti aşkar edilməmişdir. Fəaliyyətdə olan 45 məsciddən 25-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən rəsmi qeydiyyatdan keçmişdir.
İnzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, idarə, müəssisə və təşkilatlarda yaradılmış təbliğat və təşviqat qrupları müntəzəm olaraq əhali ilə görüşmüş, ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət, respublikada sosial-iqtisadi və demokratik istiqamətdə əldə edilən yüksək nəticələr onlara çatdırılmışdır.
Rayonda fəaliyyət göstərən "Gündoğar" rayon qəzetində Respublika Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət təbliğ olunmuş, sosial-iqtisadi məsələlər geniş işıqlandırılmış, milli-mənəvi dəyərlərin təbliğinə dair materiallar dərc edilmişdir.
Ordu sıralarına çağırışla əlaqədar Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına uyğun olaraq çağırışın vaxtında və keyfiyyətlə keçirilməsini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti ilə Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsi tərəfindən müəyyən tədbirlər həyata keçirilmiş, rayonda çağırışla bağlı fərmanların icrasına daim vaxtında əməl olunmuşdur. Hərbi çağırışçıların vətənpərvərlik ruhunun yüksəldilməsi və onların hərbi çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında, xüsusən də gənclər arasında söhbətlər aparılır, təbliğat işləri həyata keçirilir.
2012-ci ildə Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsi ilə daim yaxından sıx əlaqə saxlamış, hərbi xidmətə çağırışla əlaqədar Azərbaycan Respublikası Prezidentinin çağırış haqqında fərmanlarına əsasən İcra Hakimiyyəti və şöbə tərəfindən çağırışın vaxtında və keyfiyyətlə keçirilməsini təmin etmək məqsədi ilə müəyyən tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlərin nəticəsidir ki, rayonda hər çağırışla bağlı Respublika Prezidentinin fərmanlarının icrasına daim vaxtında əməl olunmuşdur.
2012-ci ildə Rayon Polis Şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 131 cinayət hadisəsi qeydə alınmışdır. Aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində baş vermiş cinayət hadisəsinin 126- nın üstü açılmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılma faizi 91,3 % təşkil edir.
Rayon Polis Şöbəsi tərəfindən keçirilmiş kompleks əməliyyat - axtarış və profilaktiki tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin əkilib becərilməsinin və yayılmasının qarşısının alınması üçün tədbirlər keçirilmiş və 2012-ci ildə 16 fakt aşkar olunmuşdur. 2011-ci ilə nisbətən 2012-ci ildə narkomaniya ilə bağlı 9 cinayət hadisəsi az aşkarlanmışdır. Ümumilikdə rayon üzrə ümumi cinayətlərin sayı 2011-ci ilə nisbətən 2012-ci ildə 22 fakt azalmışdır.
Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhv edilməsi üzrə Rayon Komissiyası tərəfindən 2012-ci ildə 4,2 qram tiryək, 67,913 qram həşiş, 2,567 qram heroin yandırılaraq məhv edilmişdir.
2012-ci il ərzində rayonda bələdiyyələrin işlərinin əlaqələndirilməsi və möhkəmləndirilməsi sahəsində bəzi tədbirlər həyata keçirilmişdir. Bildiyimiz kimi rayonda 19 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələr tərəfindən hər il olduğu kimi bu il də "Azərbaycanda yerli demokratiya həftəsi" layihəsi uğurla həyata keçirilmişdir. 2012-ci ildə Respublika üzrə keçirilən "Bir bələdiyyə azı bir layihə" təşəbbüsünə rayonun bələdiyyələri də fəal qoşulmuşlar. Ümumilikdə 2012-ci ildə 95.4 min manat həcmində layihələr həyata keçirilmiş və 2013-cü ildə ümumi dəyəri 163,4 min manat proqnozlaşdırılan müxtəlif sahələri əhatə edən layihələrin icrası nəzərdə tutulmuşdur. Lakin ötən dövrdə bələdiyyələr öz imkanlarından tam istifadə etməmiş, əhalidən vergiləri tələb olunan səviyyədə toplamamış və büdcələrini böyük bir kəsirlə yerinə yetirmişlər. Belə ki, 2012-ci ildə bələdiyyələrin təsdiq edilmiş ümumi proqnoz büdcəsi 753,5 min manat olduğu halda bələdiyyələr 275,6 min manatlıq gəlir əldə etmişlər ki, proqnoz tapşırığa 36,6 % əməl edilmişdir. Bu səbəbdən də bələdiyyələr yerli əhəmiyyətli sosial-iqtisadi problemlərin həllinə tam gücü ilə qoşula bilməmişlər.
Bələdiyyə torpaqlarından və mülkiyyətində olan əmlakdan qanunvericiliyə uyğun olaraq istifadənin vəziyyətinə gəldikdə isə qeyd etmək lazımdır ki, rayon üzrə 145 min 171 hektar ümumi torpaq sahəsinin 50 min 87 hektarı bələdiyyələrin mülkiyyətindədir. Bələdiyyələr ötən ildə mülkiyyətlərində olan torpaqlardan səmərəli istifadə etməyə çalışmışlar. 2012-ci il ərzində Rayon Hərrac Komissiyası tərəfindən 5 dəfə hərrac və müsabiqə keçirilmiş, 224,12 hektar torpaq sahəsi 11 fiziki şəxsə kənd təsərrüfatı məhsulları istehsalı üçün icarəyə verilmiş, 5 min 260 m2 torpaq sahəsi isə sahibkarlıq fəaliyyətlə məşğul olmaq məqsədilə 3 nəfər fiziki şəxsin mülkiyyətinə verilmişdir. Bundan başqa bələdiyyə torpaqlarından örüş məqsədilə icarəyə götürmüş bəzi icarədarlar müqavilə şərtlərini pozaraq torpağın təyinatına uyğun istifadə etmədiyi üçün Rayon İcra Hakimiyyəti tərəfindən bütün bələdiyyə sədrlərinə qanunamüvafiq tövsiyələr verilmiş və bu kimi xoşagəlməz halların baş verməməsi üçün tədbirlər həyata kecirmələri nəzərlərinə çatdırılmışdır.
2012-ci ildə rayon icra hakimiyyəti başçısı aparatı ərazidə nizam-intizamı, qayda-qanunu möhkəmləndirmək, kadrların tapşırılmış iş üçün məsuliyyət hissini artırmaq məqsədilə hesabat dövründə başçı yanında 24 şura iclası hazırlayıb keçirmiş, həmin tədbirlərdə 26 məsələ müzakirə olunmuş və aparatın şöbələri tərəfindən şura iclasının qərarlarının icrası nəzarətə götürülmüşdür
Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kəndlər üzrə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin 2012-ci ildə gördükləri işlərə dair yekun hesabatları keçirilmiş və bu hesabatlarda vətəndaşlar tərəfindən səslənən təkliflər, tənqidi qeydlər ümumiləşdirilmiş və həlli rayon səviyyəsində mümkün olan məsələlərin həllinə çalışılmış, digər məsələlərlə bağlı aidiyyatı yuxarı orqanlara müraciət edilmişdir. Belə ki, qrafikə uyğun olaraq 18 inzibati ərazi nümayəndəliyinin hər birində Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvlərinin və İcra Hakimiyyətinin məsul işçilərinin iştirakı ilə hesabat yığıncaqları keçirilmiş və bu yığıncaqlarda 2103 nəfər iştirak etmiş, 69 təklif verilmişdir ki, bunlarda əsasən Neftçala şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması, rayonun bütün yaşayış məntəqələrində elektrik təsərrüfatının yaxşılaşdırılması, qazla təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması, Neftçala şəhərinin, Bankə və Xıllı qəsəbəsinin, Aşağı Surra kəndinin daxili yollarının, Kürkənd-Mayak, Bankə-Şorkənd, Həsənabad-Yeniqışlaq avtomobil yolunun təmir olunması, təmirə ehtiyacı olan uşaq bağçası-körpələr evlərinin və məktəblərin əsaslı təmiri, Xəzər və Aşağı Surra kəndində yeni uşaq bağçası körpələr evinin açılması, suvarma və drenaj kanallarının təmizlənməsi, Kür çayı üzərindəki II Qaralı kəndinə gedən yoldakı körpünün əsaslı təmir olunması, Qaçaqkənd kəndində Şəhidlər xatirə kompleksinin yaradılması və digər məsələlərdən ibarət olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-ci il 6 iyun tarixində 648 nömrəli fərman ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu ştat vahidlərinin sayı təsdiq edilmişdir. İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri öz işlərini yeni əsasnamənin 5-ci maddəsinə uyğun olaraq qurmağa çalışmışlar. Ərazi nümayəndəliklərində sənədləşmə və kargüzarlıq işinin təşkili dövlət orqanlarında kargüzarlığın aparılmasına dair təlimatın tələblərinə və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu”na müvafiq olaraq qurmağa səy göstərmişlər. Lakin bəzi ərazi nümayəndəliklərində sənədləşmə və kargüzarlığın aparılması sahəsində bəzi nöqsanlara yol vermişdir. Bütün ərazi nümayəndələrinə sənədləşmə və kargüzarlığın aparılmasına dair qanuna müvafiq tövsiyələr verilmişdir.
Rayonun şəhər və qəsəbələrinin ərazilərində olan yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatlarının uçotunun aparılması işi başa çatdırılmış və Rayon Statistika İdarəsi tərəfindən şəhər və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə paylanmış “Ev təsərrüfatlarının uçotu” kitabları üzrə məlumatlar evbəev gəzilərək qeydlər aparılmışdır. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin məsul şəxslərinin ev təsərrüfatlarının uçotunu aparılmasına kömək məqsədilə şəhər və üç qəsəbə üzrə ümumilikdə 74 nəfər bu işlərə cəlb olunmuş və lazımi uçotlar aparılmışdır.
Qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında 16 yanvar 2013-cü il tarixli 2664 nömrəli sərəncam imzalamışdır.
Bununla yanaşı, 2012-ci ildə elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Bu sahədə operativ idarəetmə mərkəzlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir.
Operativ idarəetmə mərkəzlərinin yaradılması ilə bağlı Rayon İcra Hakimiyyətində operativ idarəetmə mərkəzi olacaq inzibati ərazi dairələri üzrə nümayəndəliklərdən ibarət 7 mərkəz ( Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Həsənabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Xolqarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) yaradılmışdır ki, digər qonşu olan 11 inzibati ərazi dairələri üzrə nümayəndəlikləri mərkəzdən istifadə edəcəkdir. 20 dekabr 2012-ci il tarixdə operativ idarəetmə mərkəzi olacaq 7 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə avadanlıqlar quraşdırılaraq təhvil verilmişdir.
“İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 692 nömrəli Fərmanına uyğun olaraq elektron sənəd dövriyyəsi ilə bağlı 10 qeyri büdcə, 24 büdcə təşkilatına elektron imza verilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatına vətəndaşlar tərəfindən daxil olan ərizə, şikayət və müraciətlərin baxılması və icrası Azərbaycan Respublikası Prezidentinin 10 iyun 1997-ci il 314-İQ nömrəli “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanununa, 29 dekabr 1998-ci il 52 nömrəli “ Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydalarının təsdiq edilməsi barədə” fərmanına və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin “Respublika vətəndaşlarının müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması haqqında” 09 mart 2011-ci il tarixli 2/202 nömrəli məktubunda qeyd olunmuş tövsiyələrə əsasən aparılır.
2012-ci il ərzində Rayon İcra Hakimiyyəti başçısı aparatına vətəndaşlar tərəfindən 737 ərizə, şikayət və təklif daxil olmuşdur ki, bunlardan 179 müraciət, o cümlədən 9 müraciət nəzarət qaydasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 25 müraciət Azərbaycan Respublikasının Milli Məclisindən, 10 müraciət Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, 71 müraciət Respublikanın digər təşkilatlarından daxil olmuşdur. 452 ərizə, şikayət və təklif isə bilavasitə vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyətinə ünvanlanmışdır.
Daxil olmuş müraciətlər mövzular üzrə araşdırılarkən 43 müraciət (6 %) sahibkarlığın inkişafına dair məsələləri, 122 müraciət (17 % ) kənd təsərrüfatı məsələləri, 10 müraciət (1,3 %) təhsil məsələləri, 5 müraciət (0,6 %) səhiyyə məsələləri, 12 müraciət (1,6 %) Rayon İcra Hakimiyyətinin fəaliyyəti, 5 müraciət (0,6 %) bələdiyyələrin fəaliyyəti, 12 müraciət ( 1,6 %) nəqliyyat məsələləri, 3 müraciət (0,4 %) mədəniyyət, idman və turizm məsələləri, 85 müraciət ( 11,5 %) əmək və əhalinin sosial müdafiəsi məsələləri, 12 müraciət ( 1,6 %) enerji və istilik təchizatı məsələləri, 22 müraciət (3 %) su və kanalizasiya məsələləri, 249 müraciət (33,8 %) mənzil məsələləri, 9 müraciət (1,2 %) hüquq məsələləri, 45 müraciət (6,1 %) ailə və məişət məsələləri, 103 müraciət (13,9 %) digər məsələlər ilə əlaqədar olmuşdur.
2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 179 müraciət, o cümlədən 9 müraciət nəzarət qaydasında daxil olmuşdur. Müraciətlər mövzular üzrə araşdırılarkən 37 müraciət ( 20,7 %) Kür çayının daşması nəticəsində evinə dəymiş ziyan və evinin qəzalı olması, 39 müraciət (21,8%) mənzillə təmin olunma və ev tikilməsinə köməklik, 24 müraciət ( 13,4 %) torpaq məsələləri, 23 müraciət ( 12,9%) sosial müdafiə və əmək məsələləri, 56 müraciət ( 31,3 %) kommunal, hüquqi və digər məsələlər barədə olmuşdur.
Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritet istiqamətlərdən biri də vətəndaşların qəbulu və onların müraciətlərinə vaxtında baxılmasıdır. Bu istiqamətdə işin səmərəliliyinin artırılması, yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar səyyar görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla əlaqədar Rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar görüş və aparatında qəbullarının keçirilməsi müntəzəm xarakterli olaraq davamlı şəkildə aparılmışdır.
2012-ci il ərzində qrafikə uyğun olaraq yerlərdə əhali ilə 49 səyyar görüş və qəbul keçirilmiş, bu görüşlərdə 6867 nəfər iştirak etmişdir. Keçirilən görüşlərdə 276 nəfər 161 tənqidi qeyd və təkliflə çıxışlar etmişlər ki, bunlardan 42 müraciət (26%) yolların əsaslı təmiri, 28 müraciət (17,4%) yaşayış məntəqələrinin qazlaşdırılması, 31 müraciət (19,3%) suvarma və drenaj kanallarının lildən təmizlənməsi, 12 müraciət (7,5%) məktəblərin əsaslı təmiri, 13 müraciət (8,1%) içməli su təminatının yaxşılaşdırılması, 14 müraciət (8,5%) elektrik təchizatının yaxşılaşdırılması, 4 müraciət (2,5%) abadlıq və quruculuq işlərinin genişləndirilməsi, 3 müraciət (1,9%) torpaq məsələləri, 2 müraciət (1,2%) səhiyyə məsələləri, 12 müraciət (7,5%) digər məsələlərdən ibarət olmuşdur. Həmin müraciətlərin yerinə yetirilməsi rayon icra hakimiyyəti tərəfindən ciddi nəzarətə götürülmüş, onların bir qismi həll edilmiş, bir qisminin icrasını təmin etmək məqsədilə inzibati ərazi dairəsi üzrə nümayəndələrinə, aidiyyəti idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmiş, yuxarı orqanlar qarşısında məsələlər qaldırılmışdır.
2012-ci ildə Rayon İcra Hakimiyyəti başçısı aparatında İcra başçısı tərəfindən 160 vətəndaş qəbul olunmuşdur ki, onlarında müraciətləri xarakterinə görə araşdırılarkən 22 müraciət (13,7%) mənzillə təmin olunma, 34 müraciət (21,3%) işlə təmin olunma, 15 müraciət (9,4%) birdəfəlik maddi yardım edilməsi, 25 müraciət (15,6 %) kommunal məsələlər, 18 müraciət (11,3%) tikinti materialları ilə əlaqədar köməklik, 20 müraciət (12,5%) evinin qəzalı olması, 26 müraciət (16,3%) digər məsələlər barədə olmuşdur.
Qəbullarda müraciət edən hər-hansı bir vətəndaşa məhdudiyyət qoyulmadan sərbəst müraciət etməsinə şərait yaradılmışdır.
Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların ərizə, şikayət və müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.