Şriftin ölçüsü :

Saytın rəngi :

34 il sonra şəhid Məhərrəmov Vaqif Mənsim oğlunun nəşi doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb

21 avqust 2026 | 18:22

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Məhərrəmov Vaqif Mənsim oğlu doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb.

21 avqust 2026-cı il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Məhərrəmov Vaqif Mənsim oğlunun ailəsinin yaşadığı Neftçala şəhərində dəfn mərasimi keçirilib.

Vida mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhidin ailə üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin döyüş yoldaşları, şəhid ailələri, qazilər, rayon sakinləri və media nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin nəşi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən hərbi mərasimlərlə torpağa tapşırılıb.

Dəfn mərasimi zamanı şəhidin xatirəsi ehtiramla yad edilib, yaylım atəşi açılıb və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə güllər düzülüb və əklil qoyulub.

Şəhidin tabutuna bükülən Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı hərbi ənənəyə uyğun olaraq ailə üzvlərinə təqdim edilib.

Qeyd edək ki, Vaqif Məhərrəmov 1971-ci ildə Neftçala rayonunda anadan olub və 1992-ci il sentyabrın 5-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

Uzun illərdən sonra şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilən şəhidlərin doğma torpaqlarında dəfn olunması onların əziz xatirəsinə göstərilən yüksək ehtiramın ifadəsidir.

Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcək.

Keçidlər