34 il sonra şəhid İsmayılov Sərdar Cəfər oğlunun nəşi doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən şəhid İsmayılov Sərdar Cəfər oğlu doğulduğu Neftçala rayonunun Astanlı kəndində torpağa tapşırılıb.
21 avqust 2026-cı il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid İsmayılov Sərdar Cəfər oğlunun isə doğulduğu Astanlı kəndində vida mərasimi keçirilib.
Vida mərasimlərində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhidin ailə üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin döyüş yoldaşları, şəhid ailələri, qazilər, rayon sakinləri və media nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən hərbi mərasimlərlə doğulduğu Astanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimi zamanı şəhidin xatirəsi ehtiramla yad edilib, yaylım atəşi açılıb və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə güllər düzülüb və əklil qoyulub.
Şəhidin tabutuna bükülən Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı hərbi ənənəyə uyğun olaraq ailə üzvünə təqdim edilib.
Qeyd edək ki, Sərdar İsmayılov 1971-ci ildə Neftçala rayonun Astanlı kəndində anadan olub və 1992-ci il oktyabrın 31-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
Uzun illərdən sonra şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilən şəhidlərin doğma torpaqlarında dəfn olunması onların əziz xatirəsinə göstərilən yüksək ehtiramın ifadəsidir.
Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcək.







