Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilmişdir

10 aprel 2019 | 09:04

Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Neftçalada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilmişdir. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iştirak etmişdir. Seminar-treninqə rayonun məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri dəvət edilmişlər.

Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev mövzunun əhəmiyyətinə toxunaraq, gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkmiş, milli özünüdərk prinsiplərinin ailədə uşaqların tərbiyəsindən başlayaraq orta məktəblərdə daim diqqət mərkəzində saxlanılmasından bəhs etmişdir.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verərək, xalqımızın tolerantlıq ənənələrinin və dini müxtəlifliyimizin tolerant əsaslarının qorunub saxlanılmasının, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliğinin, eyni zamanda tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsinin dövlət-din siyasətinin əsas prioritet istiqamətləri olduğunu bildirmiş, ümumtəhsil

məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin daha da dərinləşdirilməsinə ehtiyac olduğunu qeyd etmiş, uşaq və gənclərin dinlə bağlı məlumatların etibarlı mənbədən almalarının vacibliyini vurğulamışdır. Tədbirdə dini radikalizmə qarşı aparılan mübarizədən bəhs edilmiş, bu istiqamətində atılan addımların əsas məqsədinin hər bir kəsdə zərərli dini təbliğata qarşı “immunitet” formalaşdırmaq olduğu diqqətə çatdırılmışdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər