Neftçalada 28 mindən çox rayon sakini kütləvi tibbi müayinədən keçirilib
Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələri və laboratoriyada insanların tibbi müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət beş peşəkar həkim briqadası təşkil olunub və rentgen, ultrasəs müayinəsi, laborator və digər müayinələr aparılır.
Humanitar aksiya rayon üzrə 65 min 812 nəfər əhalini əhatə edir. Kənd və qəsəbələrdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır. Rayon icra hakimiyyətində yaradılan qərargah müayinələrin gedişinə ciddi nəzarət edir. Fiziki imkanları məhdud, ahıl insanların müayinəsi də diqqət mərkəzində saxlanılır. Dörd səyyar həkim briqadası bu kateqoriyadan olan sakinlərin müayinəsini evlərdə aparır.
Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, bir kənd xəstəxanası, 15 həkim məntəqəsi, 100-dən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub.
Artıq 72 kollektivdə və 30 yaşayış məntəqəsində müayinələr başa çatdırılıb. Tibbi müayinədən keçirilmiş 28 min 665 nəfərdən 1359 nəfəri ambulator, 11 nəfəri stasionar müalicəyə cəlb olunub. Altı nəfər isə təkrar müayinə və müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.