28 May - Müstəqillik Günü və “Şəhərsalma və Memarlıq ili“ ilə bağlı məlumatlandırma tədbiri keçirilib
25 may 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Neftçala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü və “Şəhərsalma və Memarlıq ili“ ilə bağlı məlumatlandırma tədbiri keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov, Yeni Azərbaycan Partiyası Neftçala Rayon təşkilatının sədri Ülvi Fərzəliyev,Neftçala Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, bələdiyyə orqanlarının məsul şəxsləri, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, ağsaqqallar və ictimaiyyət nümyəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov iştirakçıları 28 May – Müstəqillik Günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, dövlətçilik ənənələrinin formalaşmasında müstəsna rol oynayıb. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq və istiqlal arzularının təntənəsi idi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə ölkəmiz daha da güclənərək regionun aparıcı dövlətinə çevrilib, əldə olunan tarixi Zəfərlərlə Azərbaycanın suverenliyi tam təmin olunub.
Daha sonra çıxış edənlər- Yeni Azərbaycan Partiyası Neftçala Rayon təşkilatının sədri Ülvi Fərzəliyev, “Neftçala-Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva, tarix elmləri üzrə fəlsəfə doktoru, təhsil işçisi Rövşən Həsənov, hüquqşünas Könül Dadaşova, Neftçala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Gülxanım Abdulhüseynova və Mərkəzi kitabxananın əməkdaşı Fərqanə Məmmədova Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi tarixə düşdüyünü, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq mühüm dövlətçilik ənənələri formalaşdırdığını vurğulayıblar. Ana dilinin dövlət dili elan edilməsi, parlamentin yaradılması, qadınlara seçki hüququnun verilməsi kimi mühüm qərarlar Azərbaycanın demokratik dövlətçilik tarixində xüsusi yer tutur. Natiqlər vurğulayıblar ki, 1991-ci ildə yenidən bərpa olunan dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, dövlət quruculuğu prosesi gücləndirilib və Azərbaycan beynəlxalq aləmdə öz layiqli mövqeyini qazanıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan daha da qüdrətlənib, 2020-ci il Vətən müharibəsində və 2023-cü il lokal antiterror tədbirlərində qazanılan tarixi Zəfərlərlə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Tədbirdə eyni zamanda ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı il Azərbaycanda elan edilmiş “Şəhərsalma və Memarlıq ili“nin əhəmiyyətindən və “Şəhərsalma və Memarlıq ili“ çərçivəsində müasir müstəqil Azərbaycanda, o cümlədən işğaldan azad olunan ərazilərdə həyata keçirilən tədbirlərdən, geniş quruculuq işlərindən bəhs edilmiş, tarixi-memarlıq abidələrimizin bərpası barədə tədbir iştirakçıları məlumatlandırılmışdır.
Tədbir çərçivəsində mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.







