Neftçalada Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbiri keçirildi
Xocalı soyqırımının 27-ci ildönümü Neftçala rayonunda da dərin hüznlə qeyd olunub, şəhidlərin xatirəsi anılıb.
Neftçalada Xocalı soyqırımı ilə bağlı keçirilən anım mərasimi şəhərin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən başlanıb. Rayonun yüzlərlə sakini, icra strukturlarının rəhbərləri abidə önünə gül dəstələri düzərək, şəhid xocalılıların xatirəsinə ehtiramlarını bildiriblər.
Bu dəhşətli hadisədən 27 il ötsə də, xalqımızın Xocalı yarası hələ də sızıldayır. Qətliamın qurbanlarının xatirəsini ehtiramla yad edən neftçalalılar təəssüf hissi ilə bildiriblər ki, dünya təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətə hələ də lazımi reaksiya vermir və bu səbəbdən insanlıq tarixində yeni-yeni faciələr yaşanır.
Sonra rayondakı Heydər Əliyev Mərkəzində məktəblilərin Xocalı qətliamına həsr etdikləri rəsm əsərlərinə baxış olub. Özfəaliyyət kollektivlərinin təqdim etdiyi "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya mərasim iştirakçılarını bir daha o ağır günlərə qaytarıb.