Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin yekunu və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib

08 fevral 2019 | 04:02

Fevral ayının 07-də Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində 2018-ci ilin yekunu və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev və Milli Məclisin deputatı Arif Rəhimzadə iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Sonra tədbir iştirakçıları rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanış olublar.

2018-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi 2017-ci ilə  nisbətən 14,7 %  artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 317 milyon 300 min manat olmuşdur ki, bu da 2017-ci il illə  müqayisədə 40 milyon 600 min manat çoxdur. 2018-ci ildə ümumi məhsulun tərkibində sənaye məhsulu 48 milyon 700 min manat və ya 15,4 %, kənd təsərrüfatı məhsulu 101 milyon 600 min  manat və ya 32 %-i, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi 75 milyon 300 min manat  və ya 23,7 %-i, informasiya və rabitə xidməti 800 min manat  və ya 0,2%-i, nəqliyyat üzrə 2 milyon 200 min manat və ya 0,7 %, tikinti işlərinin həcmi 88 milyon 700 min manat və ya 27,9% olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət sektorunun payı 77,5%-ə çatmışdır. Adambaşına 3622 manatlıq və ya 2017-ci ilə nisbətən 437 manat çox məhsul istehsal edilmişdir. 
2018-ci ildə rayonda 16 yeni müəssisə yaradılmış, 881 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 16, mövcud müəssisə və təşkilatlarda 183, fiziki şəxslər üzrə 474 yeni iş yeri olmaqla, cəmi 673 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və  kənd təsərrüfatında mövsümü işlərə 4165 nəfər, o cümlədən pambıq yığımına 2550 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 5182 nəfər işlə təmin olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
        2018-ci il üçün rayonun yerli gəlirləri və xərcləri 6 milyon 448,0 min manat təsdiq olunmuşdur. Bu da keçən il ilə müqayisədə 81 min manat çoxdur. 2018-ci ildə büdcəyə 6 milyon 448,0 min manata qarşı 6 milyon 570,0 min manat vəsait daxil olmuş və ya 102 % icra olunmuş, yerli xərclər 6 milyon 448,0 min manata qarşı 6 milyon 238 min manat və ya 97 % icra olunmuşdur.
       01 yanvar 2019-cu il tarixə pensiya və müavinət alanların sayı 13836 nəfər olmuşdur. Rayon üzrə 487 ailəyə ünvanlı dövlət sosial yardım təyin olunmuş, 140 kimsəsiz  ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Hesabat dövründə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir nəfər III qrup Qarabağ müharibəsi əlilinə “Nazlifan” nəqliyyat vasitəsi verilmiş, 43 imtiyazlı vətəndaş müalicə məqsədilə sanatoriyalara göndərilmişdir.  
2018-ci il ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 209 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş və 6 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir.
Rayon üzrə özünüməşğulluq tədbirlərinə cəlb olunan 91 nəfərdən 89 nəfəri biznes planını uğurla müdafiə edərək bunlardan 60 nəfəri müvafiq aktivlərlə təmin olunmuşdur. Cənab Prezident müşavirədə özünüməşğulluq proqramının mühüm əhəmiyyətini diqqətə çatdıraraq qeyd etmişdir:
”Özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il ən azı yeddi min ailə bu proqramdan faydalanacaq. Bu gün onların arasında əlbəttə ki, ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar dövlətin dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar. Özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası var”.
2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayonda 7 sahibkara 74 min manat məbləğində güzəştli kredit verilmişdir.
Hesabat dövründə rabitə müəssisələri tərəfindən  əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 786 min manatlıq rabitə xidməti göstərilmişdir.  Göstərilən rabitə xidmətlərinin həcmi 2017-ci illə müqayisədə 14,1% artmışdır. Hazırda rayonda hər 100 təsərrüfata 64 ədəd telefon aparatı düşür. Rayonun Abasallı, Pirəbbə, Mirzəqurbanlı, Mürsəqulu, Mikayıllı və digər yaşayış məntəqələrində telefon xəttinin çəkilişinə və istismar müddətin başa vurmuş rabitə dayaqlarının yenisi ilə əvəz olunmasına ehtiyac vardır.
        2018-ci ildə Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona 174 milyon kvt. saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 39 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyəri rayon üzrə 86 faizi ödənilmişdir ki, bunun da 97 faizi əhalinin payına düşür. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir. Rayon ərazisində elektrik təsərrüfatının yaxşılaşdırılmasına,  istifadə müddətini başa vurmuş elektrik transformatorlarının, elektrik hava xətlərinin və dirəklərinin yenilənməsinə ciddi ehtiyac vardır.
       2018-ci ildə Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən 18 milyon 220 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 16 milyon 69 min kub metr olmuş, bunun da  dəyəri rayon üzrə 101 faiz, o cümlədən, əhali üzrə 97 faiz ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir. Rayonun qazlaşdırılmamış 22 yaşayış məntəqəsinin qazlaşdırılmasına ehtiyac vardır.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 2 balıqartırma təsərrüfatı, Xıllı Nərə Balıqartırma zavodu və Cəlil Cavadov adına Kür-ağzı Nərə Balıqartırma zavodu tərəfindən 6 milyon 640,0 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır.
Rayonda 2018-ci ildə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Kənd təsərrüfatının ümumi məhsulu 101 milyon 605 min manat təşkil edir ki, onunda 53 milyon 595 min manatı heyvandarlıq, 48 milyon 10 min manatı bitkiçilik məhsullarının payına düşür. Göstərilən dövrdə diri çəkidə 13 min 661 ton ət, 27 min 163 ton süd, 9 milyon 520 min ədəd yumurta, 280 ton yun istehsal olunmuşdur. 2018-ci ilin məhsulu üçün 51 min 275 hektar sahədən 121 min 316 ton taxıl  istehsal edilmişdir. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 23,7 sentner təşkil etmişdir.
2018-ci ildə 7000 hektar sahədə pambıq əkilmiş, 10 min 83 ton pambıq toplanaraq tədarük məntəqələrinə təhvil verilmişdir. Toplanmış pambığın orta hesabla məhsuldarlığı 14,4 sentner, keçən illə müqayisədə məhsuldarlıq 6,2 sentner artmışdır. 2019-cu ilin məhsulu üçün  4754 hektar torpaq sahəsini əhatə etməklə 1023 mülkiyyətçi ilə müqavilə bağlanmış, 4425 hektar ərazidə  şum aparılmış və bu istiqamətdə tədbirlər davam etdirilir.
  Rayonda   14 min 500 hektardan yuxarı  əkin sahələrini suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar  Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə  layihəsinin tikintisi tam başa çatdırılmışdır.

Rayon üzrə 2017-2018-ci tədris ilində 623 məzundan 290 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 219 nəfəri ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Tələbə adını qazananların 57 nəfəri 500-700 arası bal toplamışdır ki, bunların da 14 nəfəri 600-dən yuxarı bal yığanlardır.  Ali məktəblərə qəbulolma faizi məzunların sayına görə 35,1 %, abituriyentlərin sayına görə 75,5 %, ümumilikdə isə bu göstərici 55,3%  olmuşdur. İstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ əldə etmiş 7 şagirddən 1 nəfəri coğrafiya fənni üzrə I yerə,  2 nəfəri tarix fənni üzrə II və III yerlərə, 1 nəfəri isə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə III yerə layiq görülmüş və qaliblər Təhsil Nazirliyinin medal və diplomları ilə  mükafatlandırılmışlar.

Hesabat  ilində rayonun Qədimkənd kənd tam orta məktəbinin X sinif şagirdi Ağayeva Fidan Ceyhun qızı kikboks idman növü üzrə təşkil olunan respublika və beynəlxalq səviyyəli yarışlarda  ölkəmizi, o cümlədən rayonumuzu layiqincə təmsil etmişdir. O, Bakı şəhərində təşkil olunan Qadınlar arasında Azərbaycan çempionatında 54 kq çəki dərəcəsində Respublika Çempionu adını qazanmış, İtaliyanın Venesiya şəhərində keçirilmiş Gənclər və yeniyetmələr arasında Dünya Çempionatında isə 56 kq çəkidə III nəticə göstərmiş və Azərbaycan Kikboks Federasiyası tərəfindən “Kikboks idman növü üzrə qızlar arasında İlin İdmançısı” fəxri diplomuna layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində məktəblilər üçün respublikanın gəzməli-görməli yerlərinə təşkil olunmuş turlarda Neftçala rayonundan olan şagirdlər də iştirak etmiş,  onlar mart ayında  Quba, Qusar və Xaçmaz rayonlarına, noyabr ayında isə Gəncə şəhəri, Göygöl və Şəmkir rayonlarına ekskursiyalar edərək, həmin yerlərin tarixi, mədəniyyəti və gəzməli yerləri ilə tanış olmuşlar. Şagirdlərin yolasalma mərasimləri Azərbaycan televiziyasında işıqlandırılmış, məktəblilər belə bir layihənin təşkilinə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
  Hesabat ilində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə rayonumuzun 3 müəllimi Bankə qəsəbə 2 saylı tam orta məktəbinin direktoru Zeynalova Hüsniyyə Heydərağa qızı, Xıllı qəsəbə 1 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məcidova Fatma Məhəmməd qızı və Neftçala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın riyaziyyat müəllimi Həsənova Mədinə Allahverdi qızı "Respublikanın Əməkdar Müəllimi" fəxri adlarına layiq görülmüşlər. Bundan əlavə Təhsil Nazirliyinin ikinci qrant müsabiqəsi çərçivəsində "Beynəlxalq olimpiadalara və fənn müsabiqələrinə hazırlıq" və "Gəzdiklərim-gördüklərim-düşündüklərim" layihələri üzrə  rayonun 2 müəllimi - Xıllı qəsəbə 1 saylı tam orta məktəbinin fizika müəllimi Səfərov Seyran Əmənulla oğlu və Şirvanlı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Tağıyeva Püstəxanım Mahir qızı  respublika qalibləri olmuşlar.  
Ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən ölkə üzrə  keçən il 5 milyondan çox insan pulsuz olaraq tibbi müayinədən keçmişdir. Bu məqsədlə rayonumuzda 5 həkim briqadası yaradılmış, tərtib edilmiş qrafikə əsasən rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin və yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələrdən keçməsi təmin edilmişdir. Ümumilikdə rayon üzrə  57371 nəfər profilaktik tibbi müayinələrdən keçmişdir ki, bunların da 3427 nəfəri ambulator, 19 nəfəri stasionar müalicələrə, 1 nəfəri cərrahi əməliyyata cəlb olunmuş, 12 nəfəri isə respublikanın ixtisaslaşmış tibb müəssisələrinə müayinə və müalicə almaq üçün göndərilmişdir.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən rayonun səhiyyə sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Zahidov Telman Zahid oğlu "Respublikanın Əməkdar Həkimi" fəxri adına layiq görülmüşdür.
Hesabat ilində Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyləri ərəfəsində rayonda geniş və silsilə xarakterli tədbirlər keçirilmiş, təşkil olunan tədbirlərdə onların zəngin və şərəfli həyat yollarına nəzər salınmış və vətən, xalq üçün gördükləri misilsiz xidmətləri xüsusi qeyd olunmuşdur.
Hesabat dövründə aztəminatlı ailələrə maddi yardımlar göstərilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmiş, Ramazan və Qurban bayramlarında ehsan süfrələri təşkil edilmiş, şəhid ailələri, Qarabağ, 20 Yanvar əlilləri və digər kateqoriyadan olan insanlara bayram sovqatları verilmiş, tarixi əlamətdar günlərdə şəhid ailələri, əlillər yad edilmiş, onlara  qayğı göstərilməsi hər zaman diqqət mərkəzində saxlanılmışdır.  
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ili Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etmişdir. Bu məqsədlə rayon ərazisində müxtəlif tədbirlər təşkil edilmiş,  Azərbaycanın zəngin dövlətçilik ənənələri və müasir dövlət quruculuğu sahəsində həyata keçirilmiş mühüm işlər  geniş təbliğ olunmuşdur. Ölkə başçısı böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi, şairin zəngin bədii yaradıcılığının, milli-mənəvi və mədəni dəyərlərimizin təbliği məqsədilə 2019-cu ili isə "Nəsimi ili" elan etmiş və bu sahədə geniş, silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Hesabat dövründə  Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 572 müraciət daxil olmuşdur ki, bundan 439 müraciət ərizə, 133 müraciət şikayət  xarakterli olmuşdur. Tabeli qurumlarda isə vətəndaşlar tərəfindən  7 müraciət qeydə alınmışdır ki, bundan 6 müraciət ərizə, 1 müraciət şikayət  xarakterli olmuşdur. 2017-ci illə müqayisədə 2018-ci ildə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin sayı 9 müraciət, tabeli qurumlarda isə 15 müraciət az olmuşdur.
2018-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 207 vətəndaş, o cümlədən, Rayon İcra Hakimiyyəti başçısı aparatında 69 nəfər, səyyarı qəbullarda 138 nəfər vətəndaş,  Rayon İcra Hakimiyyəti başçısı aparatının vəzifəli şəxsləri tərəfindən 187 vətəndaş, tabeli qurumlarda isə  526 vətəndaş qəbul edilmişdir.  Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu həmçinin, Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən  operativ idarəetmə mərkəzində, video - konfrans zalında 18 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi əhatə etməklə həyata keçirilmiş , vətəndaşları narahat edən məsələlər dinlənilmiş, həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.
2018-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 43 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 4171 nəfər iştirak etmişdir. Keçirilən görüşlərdə 139 nəfər vətəndaş  127 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlardan 10-u meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, 14-ü yol və körpülərin inşası və ya təmiri , 11-i təhsil müəssisələrinin təmiri və ya inşası, 16-ı elektrik təsərrüfatının yenidən qurulması, 7-i kollektor-drenaj şəbəkəsinin lildən təmizlənməsi, 8-i mavi yanacaq ilə təminat, 6-ı içməli su ilə təminat, 18-i torpaq məsələləri, 7-i mənzil şəraitinin yaxşılaşdırılması, 15-i işlə təmin olunmasına köməklik, 5-i ünvanlı dövlət sosial yardımla təmin edilməsi, 4-ü tibb xidmətinin yaxşılaşdırılması, 6-i digər məsələlərdən ibarət olmuşdur. Səyyar görüşlər zamanı  kollektiv qaydada rayonun Qırmızıkənd kənd sakinləri kəndin elektrik və təbi qazla təchizatı, Xol Qarabucaq kənd sakinləri 800 metr kollektor-drenaj şəbəkəsinin lildən təmizlənməsi, Həsənabad qəsəbə sakinləri içməli su ilə təminat məsələlərinin qeyd edərək köməklik göstərilməsini xahiş etmişlər. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, 62 müraciətə qanunamüvafiq cavab verilmiş, 31 müraciət həll edilmiş, 13 müraciət icra üçün aidiyyəti təşkilatlara göndərilmiş, 21 müraciət icraata görülmüşdür. 
Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kəndlər üzrə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin 2018-ci ildə gördükləri işlərə dair yekun hesabatları keçirilmiş və yığıncaqlarda  2043 nəfər iştirak etmiş, 69 təklif verilmişdir ki, bunlarda əsasən rayonun bir çox yaşayış məntəqələrində elektrik təsərrüfatının yaxşılaşdırılması, içməli su təminatının yaxşılaşdırılması, qazla təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması, avtomobil yollarının təmiri,  bəzi yaşayış məntəqələrində yeni uşaq bağçası körpələr evinin açılması, təmirə ehtiyacı olan  uşaq bağçası-körpələr evlərinin, məktəblərin və tibb məntəqələrinin əsaslı təmiri, suvarma və drenaj kanallarının təmizlənməsi və digər məsələlərdən ibarət olmuşdur.
 

 

 

Keçidlər