Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada yeni qazpaylayıcı stansiya tikilir

06 fevral 2019 | 09:02

Obyektin tikintisində məqsəd nəql olunan qazın ölçülərək və təmizlənərək əhaliyə və rayonda fəaliyyət göstərən sənaye obyektlərinə paylanmasını təmin etməkdir. Eyni zamanda, yeni tikili rayonun perspektiv inkişafı nəzərə alınmaqla inşa olunur.

Stansiya SOCAR-ın Qaz İxracı İdarəsinin sifarişi ilə “Neftqaztikinti” tresti tərəfində rayonun Kürqarabucaq kəndi ərazisində inşa edilir.

İş icraçısı Səfixan Hüseynov bildirib ki, tikinti işləri paralel olaraq iki sahədə aparılır. Həm Hacıqabul-Astara magistral qaz kəmərindən tikintiyədək bir kilometr uzunluqda dəmir borularla qaz xətti çəkilir, həm də qazpaylayıcı stansiyada tikinti işləri görülür.

Hazırda obyektdə təzyiq tənzimləyicisi və ölçü bloku, sənaye və əhali kollektorlarının quraşdırılması davam etdirilir.

Paylayıcı stansiyada qaz tənzimlənməklə bərabər, həm də separasiya qurğusunda maye və mexaniki qarışıqlardan təmizlənəcək. Nəticədə istehlakçılar fasiləsiz və təhlükəsiz “mavi yanacaq”la təchiz ediləcəklər. Ümumiyyətlə, qazpaylayıcı stansiyada gün ərzində 21 min kubmetr qaz sərfiyyatı olacaq ki, bunun da 20 min kubmetri əhali abonentinə, qalan min kubmetri isə sənaye obyektlərinə veriləcək.

Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra rayonda olan 20 yaşayış məntəqəsinin qaz təminatındakı mövcud problemlər birdəfəlik həll olacaq.

Obyektdə tikinti-quraşdırma işlərinin cari ilin mart ayında başa çatması planlaşdırılır.

Keçidlər