20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Yanvarın 20-si - Ümumxalq Hüzn Günü Neftçalada bir sıra tədbirlərlə qeyd olunub.
Rayonun icra strukturları, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri 20 Yanvar faciəsi qurbanlarının abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, azadlıq mübarizlərini ehtiramla anıblar.
Bakıdakı qırğınlardan sonra sovet hərb maşını xalqın iradəsini qırmaq üçün bölgələrə də üz tutdu. Bu baxımdan Neftçala da istisna olmadı. Rayonun mərkəzində şütüyən tanklar təkcə insanları deyil, yaşayış evlərini, ictimai binaları da güllələyirdi. O qanlı günlərdə Neftçala da azadlıq, müstəqillik uğrunda üç şəhid verdi, 10 nəfər rayon sakini həmişəlik əlil oldu.
Anım mərasimi məktəblilərin 20 Yanvar faciəsinə həsr olunan rəsm əsərlərindən ibarət sərginin nümayişi və ədəbi-bədii kompozisiya ilə davam edib.