"Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda konfrans
Neftçala rayonunda istehlakçıların maarifləndirilməsi məqsədilə 21 dekabr 2012-ci il tarixində Xanoğlan Məmmədov adına Mədəniyyət və İncəsənət sarayında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təşkil olunmuş "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda konfrans keçirilmişdir. Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Mudafiəsi Dövlət Xidmətinin rəis muavini Araz Əliyev, sektor mudirləri Kamran Umudov, Vaqif Ataşov, şöbə müdiri Zahid Şərifov və Azad İstehlakçılar Birliyinin nümayəndəsi Elnur Hüseynov cənabları iştirak etmişdir.
İstehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunması istiqamətində istehlakçıların maarifləndirilməsi ilə bağlı konfransın proqramına uyğun olaraq istehlakçı hüquqlarına aid mövzular və mövzular ətrafında müzakirələr olmuşdur.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Mudafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev çıxış edərək qeyd etmişdir ki, Azərbaycanın müasir mərhələdə sosial-iqtisadi inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində böyük nailiyyətlər əldə olunmuşdur. Bütün bu nəticələr ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün və məqsədyönlü iqtisadi siyasət, sahibkarlara göstərdiyi daimi diqqət və qayğının hesabına mümkün olmuşdur. 2012-ci ilin ötən dövründə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Ölkə iqtisadiyyatının 1,1 faiz, qeyri-neft sektorunun 10,3 faiz, artması düşünülmüş siyasətin qanunauyğun nəticəsidir. Regionlarda işlər müsbət istiqamətdə gedir. Bütün şəhərlərimiz, rayon mərkəzləri abadlaşır, gözəlləşir. Ekologiyanın sağlamlaşdırılması istiqamətində görülən işlərin miqyası genişlənir.
Cənab Prezidentin ərzaq təhlükəsizliyi və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair imzaladığı fərmanlar bu inkişafın davamlı olmasına, onun keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasına təkan vermişdir. Dövlət başçısının ölkədə keyfiyyətsiz malların satılmasına ciddi qadağa qoyması və nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırığı bizi daha məsuliyyətli olmağa sövq edir. Biz insanların sağlamlığına ziyan verən istənilən amili aradan qaldırmağa borcluyuq.
Cənab Prezidentin məqsədyönlü, daxili və xarici siyasətinin ardıcıl uğurları ölkəmizin sosial-iqtisadi inkişafının dinamik irəliləyişində əks etdirir. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, doğma respublikamızın iqtisadi qüdrətinin yüksəlməsində neftçalalıların sanballı payı vardır.
Son beş ildə sürətli sosial-iqtisadi inkişaf yolunda uğurlu nailiyyətləri ilə ölkənin qabaqcıl regionları sırasına çıxmış rayonumuz 2012-ci ili də qənaətbəxş yekunlarla başa çatdırmaqdadır. Belə ki Neftçala rayonunda bu müddət ərzində 18.7 milyon manatlıq sənaye, 57.6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Rayonun pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 105.0 milyon manatlıq istehlak malları satılmış və iaşə xidməti göstərilmişdir. Rayon əhalisinə 14.2 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 16.8 faiz çox pullu xidmət göstərilmişdir. Avtonəqliyyat vasitəsi ilə yük və sərnişin daşımaları əvvəlki illə müqayisədə 7.1 faiz, poçt-rabitə xidmətinin həcmi 0.1 faiz, pərakəndə əmtəə dövriyyəsi 16.5 faiz ,orta aylıq əmək haqqı 11.5 faiz artmışdır.
Hesabat dövründə qəsəbə və kəndlərimizdə mal-qaranın, quşların sayı xeyli artmış, 4529.4 ton ət, 14680.0 ton süd, 236.6 ton yun, 2 milyon 930.0 min ədəd yumurta istehsal edilmiş, 1704.3 ton tərəvəz, 1637.0 ton bostan, 1510.0 ton meyvə, 226.3 ton üzüm toplanılmışdır.
Ölkə iqtisadiyyatının ildən-ilə yüksəlməsi vətəndaşlarının rifahının yaxşılaşmasına imkan yaratmışdır. Bütün bu sadalanan göstəricilər eyni zamanda istehlak bazarında əhəmiyyətli aktivliyin formalaşmasına səbəb olmuşdur.
Əhalinin keyfiyyətli mallarla təminatını yaxşılaşdırmaq, onların bu sahədəki hüquqlarını qorumaq üçün köklü dəyişikliklər etmək, qida təhlükəsizliyinin və keyfiyyətin idarə edilməsi, ətraf mühitin qorunması və s. Beynəlxalq standartların tətbiq etmək, ticarət və ictimai iaşə obyektlərində çalışan xidmət personalının təlimatlandırılması, eləcə də həmin obyektlərin modernləşdirilməsi istiqamətində tədbirlər görmək olduqca vacib məsələlərdəndir. Sevindirici haldır ki, mərkəzi və yerli icra hakimiyyəti tərəfindən artıq ölkəmizdə bu sahədə konkret tədbirlərin keçirilməsinə önəm verilməkdədir.
Ölkə əhalisinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün istehsalçıların üzərinə çox mühüm vəzifələr düşür. Bu baxımdan bazarı keyfiyyətli və təhlükəsiz mallarla təmin etmək, istehlakçıların hüquqlarının qorunmasına hörmətlə yanaşmaq, ticarət, məişət, ictimai iaşə və digər növ xidmət sahələrinin norma və qaydalara riayət etmək istehsalçıların və satıcıların başlıca vəzifələrindəndir. Əsasən texnoloji əməliyyatların standartlar çərçivəsində aparılması, sanitariya və gigiyena qaydalarının Avropa standartlarına uyğunlaşdırılması, məhsulun istehsal tarixinin, saxlama müddətinin və temperaturunun, tərkibinin göstərilməsi şərti ilə satışa verilməsi. Məhsulun keyfiyyətini təsdiq edən sertifikatlarla təmin edilməsi istehsalçının birbaşa borcudur. Ayrı-ayrı məhsul partiyalarının standarta əsasən qablaşdırılması, markalanması və istehlakçılara yüksək keyfiyyətlə çatdırılması vacib şərtdir.
İstehsalçı satışa çıxardığı məhsulun keyfiyyətinə cavabdeh olmalı və istehlakçıların hüquqlarının qarantına çevrilməlidir. Bu da ümumilikdə keyfiyyətli məhsulların istehsal tempinin artırılması və qida sənayesinin gəlirli, rentabelli sahəyə çevrilməsi deməkdir.
Hər kəs bilməlidir ki, Azərbaycan dövlətinin istehlakçı siyasəti var və istehlakçıların hüquqlarının qorunmasında dövlətin etibarlı təminat sistemi mövcuddur. Bu sahədə dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlıq subyektləri və istehlakçılar arasında əməkdaşlığın genişləndirilməsi, birgə səylərin artırılması, eləcə də qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi mövcud problemlərin kompleks şəklində həllində əhəmiyyətli rol oynayacaqdır.
Çox əfsuslar olsun ki, bəzi hallarda ərzaq məhsulları antisanitar şəraitdə istehsal olunur, saxlanma şəraiti olmayan sanitar-gigiyena qaydalarına cavab verməyən yerlərdə topdan və ya pərakəndə satılır. Bu da istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir. Belə halların qarşısının alınmasında aidiyyatı orqanlarla yanaşı yerli icra hakimiyyəti orqanlarının da öhdəsinə mühüm vəzifələr düşür.
Bütövlükdə həyata keçirilən tədbirlər təbii ki, əhalinin maddi rifah halının getdikcə daha da yaxşılaşmasına xidmət edir. Bu baxımdan xidmət qurumlarının öz funksiyalarını necə yerinə yetirmələrindən çox şey asılıdır.
Bütövlükdə son beş ili sosial-iqtisadi inkişafı üstünlüklərindən yetərincə bəhrələnən neftçalalılar bu uğurları gələcəkdə də əzmlə davam etdirəcəkdir. Əminəm ki, bundan sonra da hər birimiz öz işimizdə daha məsuliyyətli, istehlakçı hüquqlarımızın müdafiəsində aktiv olacağıq. Məhz bu halda istehlakçı hüquqlarımızın müdafiəsi öz optimal həllini tapacaqdır.