Neftçala rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
16 oktyabr 2018-ci il tarixdə Neftçala rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Rayon İcra Hakimiyyəti 2018-ci ilin 9 ayında rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir. 2018-ci ilin 9 ayında rayon ərazisində tikinti işlərində əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcmi 52 milyon 520 min manat təşkil etmişdir. O cümlədən, tikinti quraşdırma işlərinin həcmi 51 milyon 236 min manat yerinə yetirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 2,2% artmışdır.
Cari ilin 9 ayında Neftçala şəhərinin H.Əliyev prospekti və 20 yanvar küçələrində 33 ədəd yeni işıq dirəkləri quraşdırılmış , Bankə qəsəbəsində yerləşən S.Vurğun parkının təmiri həyata keçirilmiş, Neftçala şəhəri Z.Məcidov 18 və 20 ünvanlarında çoxmənzilli yaşayış binalarının 1072 m2 dam örtüyü yenisi ilə əvəzlənmişdir.
Respublika əhəmiyyətli avtomobil yolları üzrə 456 min manatlıq, yerli əhəmiyyətli avtomobil yolları üzrə 181 min manatlıq yolların saxlanması və cari təmir işləri görülmüş, 40 km Salyan-Neftçala avtomobil yolu əsaslı təmir olunmuş, 47 km Neftçala-Xolqaraqaşlı avtomobil yolunun yenidən qurulması ilə bağlı təmir işlərinə başlanılmış, Neftçala şəhərinin H.Əliyev prospekti, M.Ə.Rəsulzadə, 28 may, A.Şaiq, M.Füzuli, A.Mütəllimov, Y.Pirəliyev küçələrində 13 min 980 m2 asfalt örtüyü əsaslı təmir olunmuşdur.
Rayonun Həsənabad qəsəbəsinin Mirqurbanlı yaşayış massivində, Cəngan və Ərəbqardaşbəyli kəndlərində qazlaşdırma üzrə tikinti işləri başa çatdırılmış və əhali hal-hazırda təbii qazdan istifadə edir.
Rayonun 13 yaşayış məntəqəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su qurğularının bulaqlarla birlikdə tikintisi başa çatdırılmış və əhalinin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 mart 2018-ci il tarixli Sərəncamına əsasən rayonun 7 yaşayış məntəqəsində nəzərdə tutulan modul tipli məktəblərin inşasına başlanılmış, Pirəbbə kənd ümumi orta məktəbində son tamamlanma, Qaraqaşlı kənd ümumi orta məktəbində isə tikinti-quraşdırma işləri həyata keçirilir.
Neftçala şəhərində Olimpiya İdman kompleksinin tikintisi üçün ilkin hazırlıq işlərinə başlanılmış, Neftçala şəhər M. Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın tədris korpuslarının təmiri və yeni yataqxana binasında tikinti işləri davam etdirilir.
Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran İslam Respublikasının prezidenti cənab Həsən Ruhani ilə Neftçala Sənaye Məhəlləsində inşa olunan "Azərmaş" ASC və "İran Khodro" şirkətinin birgə "Xəzər" avtomobil zavodunun açılışını elan etmişdir. Ölkə rəhbəri müşavirədə avtomobil zavodunun istehsal gücü barədə bəzi məqamlara toxunaraq demişdir: “ Neftçala Sənaye Parkında "Xəzər" adlı avtomobillər artıq istehsal olunur. Bu da çox gözəl hadisədir. Mənə verilən məlumata görə, 300-ə yaxın avtomobil istehsal olunub. Onların böyük hissəsi, 200-dən çoxu artıq satılıb. Bu zavodun illik istehsal gücü 10 min ədəd avtomaşındır”
2018-ci ilin 9 ayında rayonda 14 yeni müəssisə yaradılmış, 377 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 14, fiziki şəxslər üzrə 377, mövcud müəssisə və təşkilatlarda 147 olmaqla cəmi 538 daimi yeni iş yeri açılaraq işsiz və işaxtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və kənd təsərrüfatında mövsümü işlərə 4848 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 5386 nəfər işlə təmin edilmişdir. Hesabat dövründə 67 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmiş, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 5 sahibkara 61 min manat məbləğində güzəştli kredit verilmişdir. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda 328 km suvarma kanalları, 221 km kollektor-dren şəbəkəsi lildən təmizlənmiş, suvarma kanallarında 55 ədəd, kollektor – drenlərdə 31 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir. Rayonun Xol zonasında əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi başa çatdırılmış, hal-hazırda hər birinin uzunluğu 1,8 km olan 2 boru xəttinin çəkilişi istiqamətində tikinti işləri davam etdirilir. Ölkə rəhbəri tərəfindən müşavirədə Neftçala magistral kanalının nasos stansiyasının birlikdə tikintisi nəticəsində 12 min 500 hektar torpaq sahəsinin su ilə təmin edilməsini diqqətə çatdırılmış və gələcəkdə həmən ərazilərdə məhsuldarlığın artırılmasını qeyd etmişdir.
2018-ci ilin 9 ayında rayon üzrə ümumi məhsul istehsalının həcmi 2017-ci ilin müvafiq dövrünə nisbətən 9,5 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 241 milyon 300 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat çoxdur.
2018-ci ilin 9 ayında ümumi məhsulun tərkibində sənaye məhsulu 32 milyon 800 min manat, kənd təsərrüfatı məhsulu 100 milyon 500 min manat, nəqliyyat xidməti 1 milyon 700 min manat, informasiya və rabitə xidməti 600 min manat, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 54 milyon 500 min manat, tikinti işlərinin həcmi 51 milyon 200 min manat olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 76,6 %-ə çatmışdır. Adambaşına 2759,5 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2017-ci ilin müvafiq dövrünə nisbətən 7,2 % çoxdur.
Carı ilin 9 ayında Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 569 min ton yük, 6 milyon 162 min nəfər sərnişin daşınmışdır ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,4 faiz, sərnişin daşınması isə 3 faiz artmışdır.
Hesabat dövründə rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 577 min manatlıq rabitə xidməti göstərilmişdir. Göstərilmiş rabitə xidmətlərinin həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4 % artmışdır. Ümumi xidmətin 86,6 faizi bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 64 ədəd telefon aparatı düşür.
Hesabat dövründə əhalinin nominal pul gəlirləri 214 milyon 610 min manat olmuş, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 % artmışdır. Adambaşına düşən pul gəlirləri 5,5 % artaraq 2 min 454 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 300 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 190 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 3,9 % artaraq 165,2 milyon manata, pullu xidmətlərin həcmi 3,9 % çoxalaraq 21,7 milyon manata çatmışdır.
2018-ci il üçün rayonun yerli gəlirləri və xərcləri 6 milyon 448 min manat təsdiq olunmuşdur. 2018-ci ilin 9 ayı ərzində büdcəyə 4 milyon 705 min manata qarşı 4 milyon 876 min manat vəsait daxil olmuş və ya 103,6 % icra olunmuş, yerli xərclər 4 milyon 594 min manata qarşı 4 milyon 234 min manat və ya 92,2 % icra olunmuşdur.
01 oktyabr 2018-ci il tarixə pensiya və sosial müavinət alanların sayı 13 min 781 nəfər olmuşdur. Rayon üzrə ünvanlı dövlət sosial yardım alanların sayı 487 ailə olmuş, 138 tək, ahıl və kimsəsiz vətəndaşlara sosial xidmət göstərilmişdir. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmış, 1 nəfər Qarabağ Müharibəsi əlili minik avtomobili ilə təmin edilmişdir.
Hesabat dövründə Rayon Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən rayona 135,4 milyon kvt.saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 30,1 milyon kvt.saatı əhaliyə satılmışdır. Enerjinin dəyəri rayon üzrə 86,1 faiz, əhali üzrə 95,3 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100 % təşkil edir.
Carı ilin 9 ayı ərzində Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən rayona 12 milyon 624 min kub metr həcmində təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 10 milyon 468 min kub metr olmuş, bunun da dəyəri rayon üzrə 117,5 faiz və əhali üzrə 120,3 faiz ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir.
Hesabat dövründə rayonda fəaliyyət göstərən iki nərəbalıqartırma zavodları tərəfindən 6 milyon 640 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır.
Rayonda 2018-ci ilin məhsulu üçün 51 min 275 hektar sahədən 121 min 316 ton taxıl istehsal edilmiş, hər hektardan orta hesabla 23,7 sentner məhsul toplanmışdır. 8 min 111 hektar sahədə yazlıq bitkilər əkilmiş, bunun da 86,3%-i pambıq sahələrinin payına düşür. Möhtərəm Cənab Prezidentin tapşırığına əsasən rayonda 7000 hektar sahədə pambıq əkilmişdir. Ümumilikdə rayon üzrə 979 mülkiyyətçi ilə müqavilə bağlanmışdır. Sahələrdən pambığın yığılmasına ümumilikdə 2035 nəfər işçi cəlb edilmiş, 15 ədəd pambıqyığan kombayndan istifadə edilir. Hal-hazırda pambıq sahələrində yığım işləri davam etdirilir. Belə ki, 15 oktyabr 2018-ci il tarixə sahələrdən 6049 ton xam pambıq tədarük edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1963 ton çox olmuşdur.
2018-ci ilin doqquz ayında iri buynuzlu mal-qaranın baş sayı 43 min 492 baş, qoyun və keçilərin baş sayı 141 min 959 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq mal-qaranın baş sayı 259, qoyun və keçilərin baş sayı 5 min 141 baş artmışdır. Göstərilən dövrdə diri çəkidə 10 min 150 ton ət, o cümlədən 6 min 928 ton quş əti, 17 min 745 ton süd, 7 milyon 719 min ədəd yumurta, 283 ton yun istehsal olunmuşdur.
Hesabat dövründə ölkəmizin ictimai-siyasi həyatında mühüm əlamətdar hadisə hesab edilən Prezident seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsi üçün respublikamızın hər yerində olduğu kimi rayonumuzda da müvafiq olaraq bütün lazımi tədbirlər həyata keçirilmiş və seçki məntəqələri səs vermə gününə tam hazır vəziyyətə gətirilmişdir. Görülən işlərin məntiqi nəticəsi olaraq rayon ictimaiyyətinin böyük fəallığı ilə baş tutan prezident seçkilərində neftçalalı seçicilər öz layiqli seçimini etmiş, ölkəmizin xoşbəxt gələcəyinin təminatçısı cənab İlham Heydər oğlu Əliyevə böyük səs çoxluğu ilə səs vermişlər.
Cari ilin doqquz ayında istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ əldə etmiş 7 iştirakçıdan 1 nəfəri coğrafiya fənni üzrə I yerə, 2 nəfəri tarix fənni üzrə II və III yerlərə, 1 nəfəri isə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə III yerə layiq görülmüş və qaliblər Təhsil Nazirliyinin medal və diplomları ilə mükafatlandırılmışlar.
2017-2018-ci tədris ilində 623 məzundan 290 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 219 nəfəri ali məktəblərə qəbul olunmuşlar. Tələbə adını qazananlardan 57 nəfəri 500-700 bal toplamışdır ki, bunların da 14 nəfəri 600-dən yuxarı bal yığanlardır. Ali məktəblərə qəbulolma faizi məzunların sayına görə 35,1 %, abituriyentlərin sayına görə 75,5 %, ümumilikdə isə bu göstərici 55,3 % olmuşdur.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ən yaxşı təqdimat " müsabiqəsinin təşkili ilə bağlı seçim turları keçirilmiş, Aşağı Surra kənd tam orta məktəbin şagirdi rayon üzrə ən yaxşı nəticə göstərərək respublika mərhələsində iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq " layihəsi çərçivəsində məktəblilər üçün respublikanın gəzməli-görməli yerlərinə təşkil olunmuş turlarda Neftçala rayonundan olan şagirdlər də iştirak etmiş, onlar mart ayında Quba, Qusar və Xaçmaz rayonlarına ekskursiyalar edərək, həmin yerlərin tarixi, mədəniyyəti və gəzməli yerləri ilə tanış olmuşlar.
Ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən ümumilikdə rayon üzrə 57 min 371 nəfər profilaktik tibbi müayinələrdən keçmişdir ki, bunların da 3427 nəfəri ambulator , 19 nəfəri stasionar müalicələrə, 1 nəfəri cərrahi əməliyyata cəlb olunmuş, 12 nəfəri isə respublikanın ixtisaslaşmış tibb müəssisələrinə müayinə və müalicə almaq üçün göndərilmişdir.
Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyləri ərəfəsində rayonda geniş və silsilə xarakterli tədbirlər keçirilmiş, təşkil olunan tədbirlərdə onların zəngin həyat yollarına nəzər salınmış və vətən, xalq üçün gördükləri misilsiz xidmətləri xüsusi qeyd olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ili Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etmişdir. Bu məqsədlə rayon ərazisində müxtəlif tədbirlər təşkil edilmiş, Azərbaycanın zəngin dövlətçilik ənənələri və müasir dövlət quruculuğu sahəsində həyata keçirilmiş mühüm işlər geniş təbliğ olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı aparatı 2018-ci ilin 9 ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. 2018-ci ilin 9 ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən 220 nəfər plan tapşırığa qarşı 243 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuş, 285 nəfər isə ordu sıralarında ehtiyata buraxılmışdır.
2018-ci ilin 9 ayında Rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 107 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 93,9 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 cinayət faktı çox olmuşdur.
2018-ci ilin 9 ayında Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 32 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 3427 nəfər iştirak etmişdir.
Keçirilən görüşlərdə 89 nəfər 78 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlar əsasən meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, yol və körpülərin inşası və ya təmiri, təhsil müəssisələrinin təmiri və ya inşası, elektrik təchizatının yaxşılaşdırılması, mavi yanacaq ilə təminat, torpaq məsələləri, içməli su ilə təminat, işlə təminat və digər məsələlərdən ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyəti üzrə müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılması ilə əlaqədar tədbirlər həyata keçirilmişdir.
2018-ci ilin 9 ayında Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 456 müraciət daxil olmuşdur ki, bundan 350 müraciət ərizə, 106 müraciət şikayət, 3 müraciət minnətdarlıq xarakterli olmuşdur. Daxil olan müraciətlərdən 448 müraciət nəzarətə alınmadan, 8 müraciət nəzarət qaydasında araşdırılmışdır.
2018-ci ilin 9 ayında Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlərdən 46 müraciət kollektiv, 35 müraciət təkrar xarakterli olmuşdur.
Hesabat dövründə Rayon İcra Hakimiyyəti başçısı aparatında 57 nəfər, səyyarı qəbullarda 89 nəfər vətəndaş qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatında başçı tərəfindən qəbul olunmuş vətəndaşların müraciətləri mövzular üzrə araşdırılarkən 10 müraciət mənzil ilə təmin olunma, 29 müraciət işlə təmin olunma, 7 müraciət evini qəzalı olması, tikinti materialları ilə köməklik olunması, 5 müraciət torpaq məsələləri, 6 müraciət ünvanlı sosial yardım məsələlər barədə olmuşdur.
Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.