Şriftin ölçüsü :

Saytın rəngi :

Kür çayında növbəti təmizlik aksiyası keçirildi

26 may 2018 | 04:05

May 25-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli “Blue Marine Foundation” təşkilatı və Azərbaycan Gənclər Fondu tərəfindən Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edilib.
Balıqların çoxalma miqrasiyası dövründə təşkil edilən aksiya Kür çayının Neftçala rayonu Bankə qəsəbəsi ərazisindən keçən hissəsində keçirilib.
Aksiyada 150 nəfərə yaxın könüllü, həmçinin yerli gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlarla təchiz olunmuş gənclər Kür çayı və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından təmizlədilər. Nəticədə 1 tona yaxın toplanmış tulantılar xüsusi nəqliyyat vasitəsi ilə Neftçala rayonunun Tullantılar Poliqonuna təhvil verildi. Aksiya zamanı, həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına zərərləri barədə məlumat verildi. Yekunda aksiya iştirakçılarına sertifikatlar təqdim olundu.
Aksiyanın keçirilməsində əsas məqsəd Kür sahillərinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, bu ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə, Xəzər faunasına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsidir.
Tədqiqatlar göstərir ki, çaylara atılan məişət və sənaye tullantılarının getdikcə çoxalması Kür çayı, o cümlədən Xəzər dənizində balıq artımının kəskin azalma səbəblərindən biridir. Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən mütəmadi olaraq Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, o cümlədən Kür çayı sahilində bu cür təmizlik aksiyaları təşkil edilir.
Kür çayı sahillərində mütəmadi olaraq təşkil edilən təmizlik aksiyaları təbii balansın saxlanılmasında və insan həyatında xüsusi rol oynayan çayların mühafizəsində cəmiyyətin səfərbər edilməsi, ərazinin ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunması baxımından böyük önəm kəsb edir.

Keçidlər