Neftçala rayonunda 2012-2013-cü illər payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir
06 dekabr 2012-ci il tarixində Neftçala rayonunda 2012-2013-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində rayonun əlaqədar təşkilatlarının iştirakı ilə müşavirə keçirilmişdir.
2012-2013-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun bütün idarə, müəssisə və təşkilatlarında görəcəkləri işlərə dair tədbirlər planı tərtib edilmiş, onların həyata keçirilməsi üçün müəyyən işlər aparılmışdır. Tədbirlər planında rayonun nəqliyyat, enerji, qaz, telekommunikasiya, su-kanalizasiya və digər xidmət təşkilatlarının, həmçinin sosial obyektlərin qışa hazırlığında yol verilmiş geriliklər, təmir və təchizatda gözlənilən gərgin vəziyyətlər nəzərə alınmışdır. Ötən müddət ərzində qışa hazırlıqla əlaqədar idarə, müəssisə və təşkilatlar tərəfindən indiyə kimi müəyyən işlər görülmüş və bu işlər davam etdirilir. Belə ki, magistral və məntəqə daxili qaz kəməri xətlərində və qurğularında, elektrik xətləri və yarımstansiyalarda, avtonəqliyyat müəssisəsinin ictimai nəqliyyatında, telekommunikasiya qovşağında, su-kanalizasiya sistemində, səhiyyə, mədəniyyət obyektlərində, məktəblərdə və məktəbəqədər uşaq müəssisələrində bir sıra təmir işləri aparılmışdır.
Neftçala Qaz İstismar sahəsi 2012-2013-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar yerinə yetiriləcək işlər üzrə tədbirlər planı hazırlamış və bu sahədə müəyyən işlər görmüşdür. Sahə 7509 abonentin qaz təminatı ilə məşğul olur. Əhali sektorunun orta aylıq təbii qaza olan tələbatı qış aylarında 2,0 – 2,5 mln m3 –dir. İdarə tərəfindən Xıllı qəsəbəsində diametri 76 mm olan 100 metr qaz xətti, Həsənabad qəsəbəsində müxtəlif diametrli 350 metr qaz xətti, Bankə qəsəbəsində diametri 89 mm olan 200 metr qaz xətti yenilənmişdir. 7509 abonentdən 1517-si qazla təmin edilmir. Cari ildə Rayon icra Hakimiyyətinə qaz təminatında olan çatışmamazlıqlarla bağlı vətəndaşlar tərəfindən çoxlu sayda müraciətlər daxil olmuşdur. Qaz İstismar Sahəsinin rəhbərliyi mövcud nöqsan və çatışmamazlıqları aradan qaldırmalı, gündəlik ortaya çıxan məsələlərin operativ həllinə nail olmalı, əhalinin qaz təminatında ciddi dönüş yaratmalıdır.
Neftçala Elektrik Şəbəkəsi 2012-2013-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı hazırlamış və bu sahədə müəyyən işlər görmüşdür. Neftçala Elektrik Şəbəkəsi tərəfindən 2012-2013-cü illərin payız-qış mövsümündə enerji ilə təminatının dayanıqlığını və sabitliyini təmin etmək məqsədilə 110/35/6 kv-luq Neftçala y/st-da uzun müddət istismarda olan 2 ədəd 40 meqavolt amper gücündə transformator əsaslı təmir edilmişdir. Rayonun Xoltəzəkənd yaşayış massivində 39 abonent üçün gücü 160 kva transformator quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayonun ayrı-ayrı yaşayış massivlərində 27 ədəd transformator təmir edilərək yenidən istismara qoşulmuşdur.
Bu məqsədlə transformatorlarda görülən əsaslı və cari işlər zamanı 9700 kq transformator yağı əlavə olunmuş, 26 ədəd dayaq dəyişdirilmiş, 870 m kabel quraşdırılmış, yeni tikilən yaşayış evlərinə 258 ədəd sayğac quraşdırılmışdır. Sıradan çıxmış 269 ədəd sayğac yenisi ilə əvəz edilmişdir.
Texniki qəza hallarının operativ həll edilməsi üçün qərargah yaradılmışdır.
Neftçala rayonunun elektrik təchizatı sistemində bir çox problem və çatışmamazlıqlar hal-hazırda qalmaqdadır. Belə ki, rayonun yaşayış məntəqələrində olan transformatorların, hava elektrik verilişi xətlərinin, elektrik dayaqlarının hal-hazırkı vəziyyəti mütəmadi olaraq texniki qəza hallarının baş verməsi səbəb olur. Avadanlıqların köhnə və yararsız halda olması, o cümlədən mövcud enerji sisteminin qışa qeyri-qənaətbəxş hazırlığı əhalinin elektrik enerji təchizatında çətinliklər yaradır ki, bu da əhalinin haqlı narazılığına və müvafiq olaraq kütləvi müraciətlərinə səbəb olur. 1603 ədəd elektrik dirəkləri qəzalı vəziyyətdədir. Əhalini elektrik enerjisi ilə təmin edən 10 və 6 kvt-luq hava xətlərinin budaqlanma yerlərində xətt ayrıclarının, artıq yüklənmiş transformatorların daha böyük gücə malik transformatorlarla, 98 km hava xətlərinin dəyişdirilməsinə, kəsici açarların quraşdırılmasına, yarımstansiya binalarının əsaslı təmirinə ehtiyac vardır. Neftçala Elektrik Şəbəkəsi rəhbərliyi mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmalı, payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planında nəzərdə tutulmuş işlərin tam yerinə yetirilməsini təmin etməli, gündəlik ortaya çıxan məsələlərin operativ həllinə nail olmalı, əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün bütün qüvvələrini səfərbər etməlidir.
Neftçala Telekommunikasiya Qovşağında 2012-2013-cü ilin payız-qış mövsümünə hazırlıqla bağlı 15 maddədən ibarət tədbirlər planı tərtib edilmişdir. “Tədbirlər planı”na əsasən bütün rabitə obyektlərində mərkəzi və kənd EATS-ləri binalarında təmir işləri aparılmış, binaların qapı və pəncərələri təmir olunmuş, dam örtüyündən su sızıntısının qarşısı alınması üçün işlər görülmüşdür.
Elektrik enerjisi blokları və dizel generator qurğularında profilaktiki təmir işləri görülmüş, mərkəzi və kənd gücləndirici məntəqələrinin avadanlıqlarını qidalandıran akkumulyator batareyaları normallaşdırılmış, dizel generatorların filtrləri dəyişdirilərək ehtiyat yanacaqla təmin olunmuşdur.
Stansiyalar üzrə daimi cərəyan paylayıcıların birləşmə və kontakt nöqtələrində sıxma və bərkitmə işləri aparılmışdır.
Neftçala Telekommunikasiya Qovşağının rəisi Z. Muradov qışa hazırlıqla bağlı görülən işləri bir daha nəzərdən keçirməli, köhnə və qəzalı vəziyyətdə olan rabitə dirəklərinin dəyişdirilməsinə nail olmalı, sallanmış kabellər normal vəziyyətə gətirilməli, əhaliyə payız-qış mövsümündə keyfiyyətli rabitə xidməti üçün bütün qüvvələrini səfərbər etməlidir.
“Neftçala-Avtonəqliyyat” ASC-də 2012-2013-cü illər payız-qış mövsümünə hazırlıqla bağlı 11 maddədən ibarət tədbirlər planı hazırlanmış və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi sahəsində bir sıra işlər görülmüşdür.
Belə ki, avtomaşınlar şüşətəmizləyənlərlə tam təmin edilmiş və isitmə sistemləri yoxlanılmış və nasazlıqları aradan qaldırılmışdır. Soyuq havalarda mühərrikləri isti su ilə təmin etmək məqsədilə odun sobası hazırlanmış və bu sahədə lazımı qədər odun tədarükü edilmişdir.
Cari ildə tədbirlər planda nəzərdə tutulmuş 8 ədəd akkumulyator, 15 ədəd avtoşin alınıb sürücülərə verilmişdir. Bununla yanaşı buzlu və şaxtalı havalarda təkərlərə bağlamaq məqsədilə 5 dəst zəncir alınmışdır. Taksi avtomaşınların isitmə sistemləri yoxlanılıb saz hala gətirilmişdir. Bütün nəqliyyat vasitələrin işıqlandırma sistemləri, tormoz və sükan mexanizmləri yoxlanılmışdır. Cəmiyyətin rəhbərliyi payız-qış mövsümünə hazırlıqla əlaqədar avtobusların texniki vəziyyətini gündəlik nəzarətdə saxlamalı, əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsini təmin etməlidir. İstilik təsərrüfatı idarəsinin balansında işlək vəziyyətdə olan 4 qazanxana vardır. Bunlar Bankə qəsəbə 1 və 2 saylı ümumi orta məktəblərin, şəhər internat məktəbi, Qarabağ Əlilləri və Şəhid Ailələri üçün inşa olunmuş 48 mənzilli yaşayış binasının və şəhər 3 saylı uşaq bağçasının istiliklə təmin olunmasına xidmət göstərir.
Digər istismara yararsız olan 2 qazanxana mərkəzi xəstəxana və Mirqurbanlı kənd orta məktəbinə aiddir. Hal hazırda 4 ədəd istilik qazanxanası növbəti istilik mövsümünə tam hazırdır.
39 saylı yol istismar idarəsi 2012-2013-cü illər payız qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı hazırlamışdır. Tədbirlər planına uyğun olaraq 120 m3 qum materialı, 1500 litr dizel yanacağı, 500 litr benzin yanacağı, işçilər üçün 10 dəst isti paltar ehtiyatı görmüşdür. Bundan başqa qış mövsümündə avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə 2 ədəd yükü özüboşaldan yük maşını, 1 ədəd avtoqreyder, 1 ədəd ekskavator saz vəziyyətə gətirilmişdir. Bütün bunlarla yanaşı 39 saylı yol istismar idarəsi magistral və daxili yollarda mövcud çatışmamazlıqların aradan qaldırılması ilə əlaqədar təcili tədbirlər görməlidir.
Neftçala şəhər Mənzil İstismar Sahəsi qışa hazırlıqla bağlı müəyyən işlər həyata keçirmişdir.Görülən işlərlə yanaşı ciddi çatışmamazlıqlarda mövcuddur. Belə ki, mənzil fonduna aid olan binaların tüstü bacalarının təmizlənməsi sahəsində təxirəsalınmaz tədbirlər görməli və bu barədə rəsmi məlumat verməlidir.
Neftçala Su-kanal idarəsi üzrə 2012 – 2013 cü ilin payız – qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı tərtib olunmuşdur.
Belə ki, Kürsahili baş suvarma nasosxanasının, maşinistlər otağının, digər köməkçi otaqların, məhəllə daxili içməli su və çirkab su nasosxanalarının dam örtükləri, qapı və pəncərələri təmir olunmuşdur. Bütün elektrik avadanlıqları tam müayinə edilmiş, xırda təmir işləri aparılmış, transformatorların yağı dəyişdirilmişdir.
Kanalizasiya sistemində bütün nəzarət quyularına baxış keçirilmiş, uçulmuş quyular bərpa edilmiş, şəhərin müxtəlif küçələrində açıq qalmış quyulara 15 ədəd yeni quyu qapaqları quraşdırılmışdır, palçıqdan və digər kənar əşyalardan təmizlənmişdir. Şəhərin M.Ə.Rəsulzadə küçəsinin kanalizasiya xətlərində yaranmış problemin aradan qaldırılması üçün qazıntı işləri aparılaraq 225 mm – lik polietilen borular vasitəsi ilə 98 m uzunluğunda yeni kanalizasiya xətti çəkilmiş, 2 ədəd nəzarət quyusu inşa edilmişdir. Şəhərin 12 –ci məhəlləsinin və H. Əliyev prospektindəki “Mərkəz” çirkab su nasosxanalarının hər birinə yeni nasos qurğuları quraşdırılmışdır.
2012-2013-cü illər payız-qış mövsümünə hazırlıqla bağlı rayonun təhsil, səhiyyə və mədəniyyət obyektlərində görülən işlər araşdırılmış, rayonun sosial-mədəni obyektlərində qışa hazırlıqla əlaqədar müəyyən tədbirlər və təmir işləri həyata keçirilmişdir. Belə ki, səhiyyə, mədəniyyət obyektlərində, məktəblərdə və məktəbəqədər uşaq müəssisələrində bir sıra təmir işləri aparılmışdır. 2012-2013-cü illər payız qış mövsümünə hazırlıqla bağlı rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Cari ildə büdcədən rayonun təhsil müəssisələrinin cari təmirinə 36,0 min manat, səhiyyə obyektlərinin cari təmirinə 8,9 min manat, mədəniyyət obyektlərinin əsaslı təmirinə 17,6 min manat vəsait ayrılmışdır.
Muğan liseyi, Bankə qəsəbə 1 saylı, Həsənabad qəsəbə, Xolqarabucaq, Şirvanlı kənd tam orta, Aşağı Qaramanlı, Xolqaraqaşlı kənd ümumi orta və Elektrik Şəbəkə ibtidai məktəblərində cari təmir işləri aparılmış, əsasən məktəb kitabxanaları təmir edilmiş, bir neçə məktəbdə koridorlar, qapı və pəncərələr qaydaya salınmış, sınan pəncərə şüşələri dəyişdirilmiş və digər çatışmamazlıqlar aradan qaldırılmışdır.
Rayonun 52 ümumtəhsil məktəblərinin 9-u (Neftçala şəhər 1,2,3,4 saylı tam orta və internat, Bankə qəsəbə 1 və 2 saylı tam orta, 1-ci Mayak kənd tam orta və 2-ci Mayak kənd ümumi orta məktəbləri) istilik sistemi ilə, 5-i (Xıllı qəsəbə, Qədimkənd, Mirqurbanlı, Boyat kənd tam orta, Aşağı Qaramanlı kənd ümumi orta məktəbləri) elektrik qızdırıcıları, qalan 38-i odun vasitəsilə qızdırılır.
Qazanxanaları duru yanacaqla işləyən 1-ci və 2-ci Mayak kənd məktəblərinin yanacaqla təmin edilməsi üçün 1456 manat, odun sobaları vasitəsilə qızdırılan məktəblərin odun tədarükü üçün isə 31896 manat vəsait ayrılmışdır. Demək olar ki, bütün ibtidai sinif otaqlarında odun sobaları qurulmuşdur.
Muğan liseyinin və şəhər 3 saylı körpələr evi-uşaq bağçasının istilik sistemi yenilənmiş, müasir tipli qazanxana quraşdırılmışdır. 2 saylı körpələr evi-uşaq bağçasında hazırda əsaslı təmir işləri davam etdirilir. Uşaq bağçalarının əksəriyyəti odun sobası və elektrik qızdırıcısı ilə qızdırılır. Rayonun məktəbəqədər tərbiyə müəssisələrinin əksəriyyətində elektrik naqillərinin, avadanlıqlarının dəyişdirilməsinə ehtiyac vardır.
Məktəblər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmişlər.
Görülən işlərə baxmayaraq bəzi təhsil müəssisələrində bu sahədə problem və çatışmamazlıqlar hələ də mövcuddur. Əksər məktəblərdə uzun müddət təmir işləri aparılmadığından bəzi məktəblərin dam örtüyü yararsız vəziyyətə düşmüşdür. Bu da yağışlar zamanı ciddi problemlər yaradır. Bir sıra ümumtəhsil məktəblərində taxta pəncərə çərçivələri yararsız haldadır. Sinif otaqlarının əksəriyyətində pəncərələr təkqat şüşədir. Bəzilərində isə soyuğun qarşısını almaqdan ötrü koridorların pəncərəsinə şüşə əvəzinə nazik fanerlər vurulmuşdur. Məktəblərin bir çoxunun elektrik xətləri və avadanlıqları köhnəlmişdir və onların dəyişdirilməsinə ehtiyac vardır.
Xıllı qəsəbə 1 saylı, Həsənabad qəsəbə, Mirqurbanlı, Aşağı Surra, Qədimkənd, Xolqarabucaq, Xolqaraqaşlı, Boyat, Cəngan, Şirvanlı kənd məktəblərinin qazanxanaları uzun illərdir istifadəsiz qalmış, tam yararsız hala düşmüşdür. Artıq bir neçə ildir əsaslı təmirdən çıxmış şəhər 2 saylı, yeni istifadəyə verilmış Astanlı kənd və Xıllı qəsəbə 2 saylı tam orta məktəblərinin istilik sistemləri mərkəzi qaz xəttinə qoşulmamış və nəticədə istilik sistemlərini işlətmək mümkün olmamışdır.
Yeni istifadəyə verilmiş Xıllı qəsəbə 2 saylı orta məktəbinin ətrafında yağış sularının çıxarı olmadığı üçün böyük su gölməçələri yaranır. Məktəbin ətrafında yağış suları üçün çıxar kanalının qazılmasına ehtiyac vardır.
Rayon Təhsil şöbəsi aidiyyatı orqanlara birlikdə şəhər 2 saylı, Astanlı kənd və Xıllı qəsəbə 2 saylı tam orta məktəblərinin qazanxanalarının tez bir zamanda işə başlaması üçün təxirəsalınmaz tədbirlər görməli, məktəb direktorları mövcud nöqsan və çatışmazlıqları təhlil etməli, bu sahədə ciddi dönüş yaradılmalıdır.
Rayonun səhiyyə obyektlərində qışa hazırlıqla bağlı Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanmış və bu sahədə bir sıra tədbirlərin yerinə yetirilməsinə əsasən nail olunmuşdur. Belə ki, xəstəxananın cərrahiyyə və poliklinika korpuslarının dam örtüyündə yararsız şiferlər dəyişdirilmiş, şöbə və kabinetlərdə 24 qapı və 42 pəncərə cari təmir olunmuş, 50 m2 -dən artıq şüşə yenilənmişdir. Cərrahiyyə şöbəsində 3 qapı və 4 pəncərə plastik qapı və pəncərələr ilə əvəz edilmişdir. Xəstəxananın aparıcı elektrik xətlərində sazlama işləri aparılmış, bir sıra elektrik avadanlıqları dəyişdirilmişdir.
Təcili yardım avtomobilləri baxışdan keçirilmiş, onlar üçün ehtiyat hissələr alınmışdır.
Aparılan işlərə baxmayaraq rayonun səhiyyə obyektlərində bu sahədə bir sıra problemlər mövcuddur. Rayon Mərkəzi Xəstəxanasının qazanxanasının fəaliyyəti bu mövsümdə də bərpa olunmamışdır. Həkim və tibb məntəqələrinin əksəriyyəti uyğunlaşdırılmış binalarda yerləşir, onların bəzilərinin dam örtüklərinin dəyişdirilməsinə ehtiyac vardır. Otaqlarda və palatalarda elektrik qızdırıcılarından istifadə olunur ki, bu da elektrik avadanlıqlarının və cihazlarının tez-tez sıradan çıxmasına səbəb olur. Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi rayonun səhiyyə obyektlərinin payız-qış mövsümünə hazırlığını bir daha təhlil etməli, tədbirlər planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər etməlidir.
Rayonun mədəniyyət obyektlərinin də qışa hazırlığı sahəsində müəyyən işlər görülmüş, Mərkəzi Kitabxana Sistemində elektrik xətti və 25 m2 pəncərə şüşəsi dəyişdirilmiş, 26 mədəniyyət müəssisəsinin işıqlandırma sistemi bərpa olunmuş, 50 ədəd elektrik qızdırıcısı mədəniyyət obyektlərinə verilmişdir. Xolqarabucaq, Xolqaraqaşlı və Qırmızıkənd kənd mədəniyyət evlərinin dam örtüklərində cari təmir işləri aparılmışdır. Hazırda Rayon Tarix Diyarşünaslıq Muzeyində əsaslı təmir işləri aparılır.
Görülmüş işlərə baxmayaraq, mədəniyyət obyektlərində bəzi problemlər qalmaqdadır. Belə ki, mədəniyyət obyektlərinin əksəriyyəti uyğunlaşdırılmış binalarda yerləşir və onların əsaslı təmirə ehtiyacı vardır. Rayon Mədəniyyət və İncəsənət Sarayında və Mərkəzi Kitabxana Sistemində istilik sistemlərinin olmaması işlərin səmərəli və davamlı keçməsinə, kitabların saxlanılmasına çətinliklər törədir.
Şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, eləcədə bələdiyyələri, payız-qız mövsümünə hazırlıqlarının səviyyəsini yüksəltmək məqsədilə ərazilərində yerləşən kommunal və xidmət təşkilatlarının payız-qız mövsümündə normal fəaliyyət göstərmələri üçün onlarla sıx əlaqə yaratmalı, öz gündəlik işlərini bu təşkilatlarla əlaqəli qurmalıdırlar.
2012-2013-cü illər payız-qız mövsümündə rayonun bütün idarə, müəssisə və təşkilatları hazırlığın tam təmin olunması üçün ardıcıl tədbirlər görməli, qış mövsümü ilə əlaqədar mövcud olan çatışmamazlıqların qısa müddət ərzində aradan qaldırılmasına nail olmalıdırlar.