25 noyabr – Qadın Zorakılığı ilə Beynəlxalq Mübarizə Günüdür
25 Noyabr – Gender Zorakılığı ilə Beynəlxalq Mübarizə Günü münasibətilə Neftçala rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupu tərəfindən Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti, ziyalılar və sakinlərlə maarifləndirici tədbir keçirilib. Bu günün 1999-cu ildə BMT tərəfindən rəsmən elan olunduğu vurğulanaraq, gender zorakılığına qarşı qlobal mübarizənin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirə başlamazdan öncə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə giriş sözü ilə çıxış edən Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Monitorinq və əlaqələndirmə qrupunun katibi Gövhər Məmmədova 25 Noyabr gününün mahiyyətinə toxunaraq, zorakılığa qarşı mübarizədə institusional əməkdaşlığın və ictimai fəallığın xüsusi rol oynadığını bildirib. O qeyd etmişdir ki, Monitorinq və əlaqələndirmə qrupu tərəfindən BMT Baş Məclisinin 1999-cu ildə elan etdiyi 25 noyabr - Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günündən başlanılan və 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam etdirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Rayon Polis Şöbəsinin Təşkilati İnspeksiya qrupunun Baş İnspektoru Polis Mayoru Tükəzban Cəbrayılova məişət zorakılığı ilə bağlı hüquqi müdafiə mexanizmləri, təcili müdaxilə qaydaları və müraciət kanalları barədə məlumat verib. Neftçala Rayon Mərkəzi Xəstəxananın PHŞ-nin həkimi, Səhiyyə xidmətlərinin təşkili şöbəsinin müdiri Gülnaz Abadova zorakılığın sağlamlıq üzərində yaratdığı qısa və uzunmüddətli fəsadları, habelə səhiyyə müəssisələrinə müraciət zamanı tətbiq olunan ilkin müdafiə və dəstək prosedurlarını diqqətə çatdırıb. Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova gender zorakılığı hallarının qarışısının alınmasında maarifləndirmə işlərinin mahiyyətindən bəhs edərək, gələcək sağlam nəsilin formalaşmasındakı rolundan bəhs edib. S.İmanov adına Neftçala şəhər 1 saylı tam orta məktəbin psixoloqu Nahidə Mamayeva zorakılığın psixoloji təsirlərindən, qurbanların bərpa prosesində psixososial dəstəyin əhəmiyyətindən söz açıb.
Tədbir zamanı gender əsaslı zorakılığın qarşısının alınmasına dair maarifləndirici videoçarx nümayiş olunub, iştirakçılara məlumatlandırıcı bukletlər təqdim edilib.
Sonda bildirilib ki, “16 günlük fəallıq” kampaniyası çərçivəsində rayonda geniş ictimai maarifləndirmə tədbirləri, görüşlər və tematik fəaliyyətlər davam etdiriləcək.







