Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin yekunu və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib

03 fevral 2018 | 07:02

Fevral ayının 02-də Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində 2017-ci ilin yekunu və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Sonra tədbir iştirakçıları rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanış olublar.

2017-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi 2016-cı ilə  nisbətən 18,3 %  artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 296,2 milyon manat olmuşdur ki, bu da 2016-cı il ilə  müqayisədə 45,8  milyon manat çoxdur. 2017-ci ildə ümumi məhsulun tərkibində sənaye məhsulu 31 milyon 412,0 min manat və ya ümumi məhsulun 10,6 %-i qədər, kənd təsərrüfatı məhsulu 100 milyon 140,0 min  manat və ya 33,8 %, nəqliyyat xidməti 2 milyon 209,0 min manat  və ya 0,7 %, rabitə xidməti 688,0 min manat  və ya 0,2%, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 93 milyon 132,0 min manat və ya 31,5 %, tikinti işlərinin həcmi 68 milyon 643,0 min manat və ya 23,2% olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 75,2%- ə çatmışdır. Adambaşına 3410 manatlıq və ya 2016-cı ilə nisbətən 17,3 % çox məhsul istehsal edilmişdir. 
2017-ci ildə rayonda 101 yeni müəssisə yaradılmış, 5 müəssisənin fəaliyyəti bərpa olunmuş, 881 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 101, fəaliyyəti bərpa olunmuş müəssisə hesabına 5, mövcud müəssisə və təşkilatlarda 30, fiziki şəxslər üzrə 881 yeni iş yeri olmaqla, cəmi 1017 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və  kənd təsərrüfatında mövsümü işlərə 4165 nəfər, o cümlədən pambıq yığımına 2550 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 5182 nəfər işlə təmin olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
        Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 31 milyon 412,0 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 80,0 % təşkil etmişdir. Sənaye istehsalının ümumi həcmində neft hasilatı 57,9 faiz, yod emalı isə 22,1 faiz olmuşdur. Cari ildə 33,1 min ton xam neft və 198,5 ton yod istehsal edilmişdir.
        2017-ci ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 712,0 min ton yük, 8 milyon 152,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2016-cı illə müqayisədə yük daşınması 3,3 faiz, sərnişin daşınması isə 2,8 faiz artmışdır.
        Hesabat dövründə  rabitə müəssisələri tərəfindən  əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 688,8 min manatlıq rabitə xidməti göstərilmişdir.  Göstərilən rabitə xidmətlərinin həcmi 2016-cı il ilə müqayisədə 3,6% artmışdır. Hazırda rayonda hər 100 təsərrüfata 64 ədəd telefon aparatı düşür.
        Hesabat ilində əhalinin nominal pul gəlirləri 286 milyon 191,0 min manat olmuş, 2016-cı il  ilə müqayisədə 7,2 % artmışdır. Adambaşına düşən pul gəlirləri 6,3 % artaraq  3295,0  manat olmuşdur. Rayon üzrə  bir işçinin orta aylıq əmək haqqı  277,2 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 259,8 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 1,2 % artaraq 224,6 milyon manata, pullu xidmətlərin həcmi 11,5 % çoxalaraq 31,1 milyon manata, iaşə xidmətlərinin həcmi 2,4% artaraq 4,1 milyon manata çatmışdır.
        2017-ci il üçün rayonun yerli gəlirləri və xərcləri 6 milyon 367,0 min manat təsdiq olunmuşdur. 2017-ci ildə büdcəyə 6 milyon 367,0 min manata qarşı 6 milyon 543,9 min manat  vəsait daxil olmuş və ya 102,8 % icra olunmuş, yerli xərclər 6 milyon 367,0 min manata qarşı 6 milyon 128,5 min manat və ya 96,3 % icra olunmuşdur.
        01 yanvar 2018-ci il tarixə pensiya və müavinət alanların sayı 13497 nəfər, ünvanlı dövlət sosial yardımı alanların sayı 285 ailə olmuş, 140 kimsəsiz  ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Hesabat dövründə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4 fərdi ev tikilərək Qarabağ müharibəsi əlili və Şəhid ailələrinə verilmişdir.  
2017-ci il ərzində Rayon Məşğulluq Mərkəzi  tərəfindən 360 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş və 112 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 11 sahibkara 686,5 min manat məbləğində güzəştli kredit verilmişdir.     
        2017-ci ildə Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona 173,1 milyon kvt. saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 38,8 milyon kvt. saatı əhaliyə satılmış, həmin enerjinin dəyəri rayon üzrə 81,8 faizi ödənilmişdir ki, bunun da 97,6 faizi əhalinin payına düşür. Əhali abonentlərinin sayğaclaşdırılması 98,8% təşkil edir.
       2017-ci il ərzində Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən  17 milyon 194 min kub metr həcmində rayona təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 15 milyon 344 min kub metr olmuş, bunun da  dəyəri rayon üzrə 89,2 faiz, o cümlədən, əhali üzrə 94,2 faiz ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir.
Hesabat dövründə rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 6 milyon 560,0 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2016-cı ilin müvafiq dövründə olan göstəricidən 14,4% azdır.
Rayonda 2017-ci ildə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Kənd təsərrüfatının ümumi məhsulu 100 milyon 140 min manat təşkil edir ki, bu da ötən illə müqayisədə 31,6% çoxdur.  Göstərilən dövrdə diri çəkidə 14 min 664 ton ət, 24 min 508 ton süd, 7 milyon 920 min ədəd yumurta, 280,2 ton yun istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə ət istehsalı 12,1 faiz, süd istehsalı 0,4 faiz, yumurta istehsalı 7,2 faiz, yun istehsalı isə 4,5 faiz artmışdır. 2017-ci ilin məhsulu üçün 51 min 154 hektar sahədən 118,7 min ton taxıl  istehsal edilmişdir ki, hər hektardan orta məhsuldarlıq 23,2 sentner olmuşdur.
Rayonun aqrar sektorunda pambıqçılığın inkişafı əsas istiqamətlərimizdəndir. 2017-ci ildə  əvvəlki illə müqayisədə 7,2 dəfə çox olmaqla 11111 hektar sahədə pambıq əkilmiş, 9096,5 ton pambıq toplanaraq tədarük məntəqələrinə təhvil verilmişdir. 2018-ci ildə rayonda 10000 hektar sahədə pambıq əkini nəzərdə tutulur. Bununla əlaqədar olaraq hazırda 8219 hektar torpaq sahəsi üçün 937 mülkiyyətçi ilə müqavilə bağlanmış, 7030 hektarda şum aparılmış və bu istiqamətdə tədbirlər davam etdirilir.
Bitkiçilik sahəsində yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 422,0 km suvarma kanalları, 225,0 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 51 ədəd, kollektor –drenlərdə 83 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir.
Rayonda   14 min 500 hektardan yuxarı   əkin sahələrini suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar  Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə  layihəsinin tikintisinə 2006-cı ildə başlanmışdır. 13,5 km hissəsinin tikinti işləri başa çatmış, hal-hazırda qalan hissənin tikintisi davam etdirilir.  Hesabat dövründə kanalın tikintisinə 5 milyon 830 min manat vəsait xərclənmişdir.
Rayon İcra  Hakimiyyəti 2017-ci ildə  rayon ərazisində təmir, tikinti və abadlıq  işlərinin  görülməsini  diqqət  mərkəzində  saxlamış, həyata keçirilən  işlərin  keyfiyyətinə  xüsusi  önəm  vermişdir.  2017-ci il ərzində Neftçala şəhərinin daxili avtomobil yollarının təmiri həyata keçirilmiş və 23450 m2  həcmində asfalt örtüyü salınmışdır.
Neftçala şəhəri Məhəmməd Əsədov küçəsi bina 1A və Üzeyir Hacıbəyov küçəsi  bina 1B ünvanında çoxmənzilli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunmuşdur.  Bundan başqa rayon ərazisində çoxmənzilli yaşayış binalarının fasad hissələrinin rənglənməsi işləri aparılmışdır.
2016-cı ildə Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin İran İslam Respublikasının “İran khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə təməli qoyulmuş avtomobil istehsalı zavodunun hal-hazırda tikinti işləri davam etdirilməkdədir. Bundan əlavə Neftçala şəhər M.Səfərov adına internat məktəbinin tədris korpuslarının təmiri və yeni yataqxana binasının tikintisinə başlanılmışdır, tikinti işləri davam etdirilir.
Neftçala rayonunda əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 8000 hektar torpaq sahəsində hal-hazıra kimi 21 km uzunluğunda torpaq kanalının 20 km hissəsi lildən təmizlənmiş, eləcə də ərazidə 1 ədəd transformator yarımstansiyasının tikintisi tamamlanmışdır. Gücü 4000 kvA olan 35/6 kv-luq güc  transformator quraşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2017-ci il tarixli 3251 nömrəli Sərəncamı ilə Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,5 milyon (iyirmi bir milyon beş yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayırmışdır. Hal-hazırda həmin avtomobil yolunun tikintisinin tamamlanması yönündə son işlər aparılır.
Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2017-ci il tarixli 3250 nömrəli Sərəncamı ilə Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayırmışdır. Hazırda binaların fasad hissələrinin təmiri, kommunikasiya xətlərinin çəkilişi işləri həyata keçirilir.
Hesabat dövründə rayon ərazisində ictimai-siyasi sabitliyin qorunması, siyasi partiyalar, dini qurumlar, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili istiqamətlərində tədbirlər həyata keçirilmiş, humanitar sahədə dövlət siyasətinin icra olunması ilə bağlı bir çox məqsədyönlü işlər görülmüşdür.
Ötən il dövlət qurumlarının, qeyri - hökumət təşkilatlarının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılıqları ilə bir sıra mühüm, yaddaqalan tədbirlər  və aylıqlar təşkil edilmiş,  bu tədbirlərdə vətəndaş cəmiyyətinin mühüm prinsipləri geniş təbliğ olunaraq ölkəmizdə aparılan uğurlu islahatların nəticələri diqqətə çatdırılmış və müxtəlif sahələri əhatə edən maarifləndirmə işləri həyata keçirilmişdir.
Yerli mətbuat orqanı olan "Gündoğar" rayon qəzetində ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasət təbliğ olunmuş, sosial-iqtisadi məsələlər geniş işıqlandırılmış, milli-mənəvi dəyərlərin təbliğinə dair materiallar dərc edilmişdir.
Hesabat dövründə ən mühüm ictimai-siyasi hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri olmuşdur. Belə ki, 24 sentyabr  2017-ci il tarixində cənab Prezident rayonumuza tarixi səfəri ilə bir neçə inzibati və sosial əhəmiyyətli obyektlərin açılışında iştirak etmişdir.
İlk öncə cənab Prezident xalqımızın  Ümummilli Lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuş, sonra Prezident İlham Əliyev  Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edərək, orada  rayon ictimaiyyətinin nümayəndələri  ilə görüş keçirmişdir. Ölkə başçısı  İlham Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuş, 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının açılışını etmiş, Kür çayından Neftçala Magistral kanalı vasitəsilə rayonun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak etmişdir. Sonda Prezident İlham Əliyev Neftçala rayonu ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olmuşdur.
Cənab Prezidentin rayonumuza səfəri həmçinin Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin   imzaladığı  25 sentyabr  2017-ci il tarixli  Sərəncamları rayon sakinlərinin böyük sevincinə səbəb olmuşdur.
İl ərzində rayonun təhsil müəssisələrində təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının rayon və yarımfinal turları keçirilmiş, olimpiadanın final mərhələsində iştirak etmək hüququ əldə etmiş 5 iştirakçıdan 3 nəfəri tarix və Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə  II və III  yerə layiq görülmüş və qaliblər Təhsil Nazirliyinin medal və diplomları ilə  mükafatlandırılmışlar. 
Ali məktəblərə tələbə qəbulunda da əvvəlki illə müqayisədə 2016-2017-ci tədris ilində göstəricilər daha da yaxşılaşmışdır. Ötən il 640 məzundan 315 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 231 nəfəri ali məktəblərə qəbul olmuşdur. Tələbə adını qazananlardan 49 nəfəri 500-700 arasında bal toplamışdır ki, bunların da 16 nəfəri 600-dən yuxarı bal toplayanlardır.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin təşkili ilə bağlı seçim turları keçirilmiş, Şorkənd kənd  ümumi orta məktəbin şagirdi rayon üzrə ən yaxşı nəticə göstərərək respublika mərhələsində rayonumuzu təmsil etmişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində il ərzində iki dəfə olaraq şagirdlər üçün respublikanın gəzməli-görməli yerlərinə turlar təşkil olunmuş, həmin turlarda Neftçala rayonundan olan məktəblilər də iştirak etmiş,  rayon məktəblərindən seçilmiş 40 nəfər fəal şagird mart ayında Quba, Qusar, Xaçmaz rayonlarına, noyabr ayında isə Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına ekskursiya etmiş, onlar həmin yerlərin tarixi, mədəniyyəti və gəzməli yerləri ilə tanış olmuşlar. Şagirdlərin yolasalma mərasimləri Azərbaycan televiziyasında işıqlandırılmış, onlar belə bir layihənin təşkilinə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.  
Ötən tədris ilində təhsildə əldə etdiyi nailiyyətlərə görə Qədimkənd kənd tam orta məktəbin tarix müəllimi Elçin Eybullayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Respublikanın Əməkdar müəllimi" Fəxri adına layiq görülmüşdür.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq addımlar atılmış, rayonun Yenikənd, Tatarməhlə, Mikayıllı və Sübh kəndlərində modul tipli məktəblərin tikintisi başa çatdırılmışdır. Ərəbqardaşbəyli kənd tam orta  məktəbi üçün modul tipli təhsil müəssisəsinin tikintisi davam edir.
Hesabat dövründə rayonun tibb müəssisələrində əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir.
Yenicə istifadəyə verilmiş Neftçala Mərkəzi Rayon Xəstəxanasının bütün infrastrukturu tamamilə yenilənmiş tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilmişdir. Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinə və müalicəsi mümkün olacaqdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən ötən ilin fevral ayından may ayınadək tərtib edilmiş qrafikə əsasən həkim briqadaları tərəfindən rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin, eləcə də yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələrdən keçməsi təmin edilmişdir. Ümumilikdə rayon üzrə  59287  nəfər profilaktik tibbi müayinələrdən keçmişdir ki, bunun da 1642 nəfəri ambulator müalicəyə, 13 nəfəri stasionar müalicəyə cəlb olunmuş,16 nəfər isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə daha ixtisaslı müayinə və müalicə almaq üçün göndərilmişdir.  
  Hesabat dövrü ərzində rayonda mədəni-xidmətin təşkili sahəsində müəyyən işlər görülmüş, bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirilmiş,  əlamətdar və tarixi günlər münasibəti ilə ümumrayon bayram tədbirləri təşkil olunmuş, eləcə də peşə bayramları qeyd edilmişdir.
Əsl ideoloji mərkəzə çevrilən Heydər Əliyev Mərkəzində müxtəlif səpkidə tədbirlər təşkil olunmuşdur.  Burada Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və eksponatlarına baxışlar keçirilmişdir. Mərkəzdə həmçinin elektron kitabxana, xalçaçılıq və toxuculuq, rəqs və xalq çalğı alətləri, xarici dil dərnəkləri, tir bölmələri fəaliyyət göstərir ki, bu dərnək və bölmələr gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə geniş imkanlar yaradır.
Hesabat ilində rayonda gənclərlə bağlı dövlət siyasətinin həyata keçirilməsi, uşaq və gənclərin asudə vaxtlarının təşkili istiqamətində, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür.
Əlamətdar günlər münasibətilə məktəblərdə  inşa yazı və rəsm müsabiqələri, gənclər arasında  milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin yüksəldilməsi, gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, bədən tərbiyəsi və idman sahəsində də müxtəlif yarış və birinciliklər təşkil olunmuş, müvafiq olaraq qaliblər diplom və qiymətli hədiyyələrlə təltif edilmişlər. 
Hesabat dövründə rayonda ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məsələləri də diqqət mərkəzində saxlanılmış, rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin iştirakı ilə iməciliklər təşkil olunmuşdur. İməciliklər zamanı şəhərin ayrı-ayrı küçə və meydanlarında, məhəllələrdə təmizlik və yaşıllaşdırma işləri aparılmış, minlərlə müxtəlif növ ağac və gül kolları əkilərək, onlara qulluq göstərilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, IDEA İctimai Birliyi, dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli “Blue Marine Foundation” (BMF) təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kür çayının deltasında “Təmiz Kür” adlı təmizlik aksiyası keçirilmiş, aksiyada IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü, yerli gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Kür çayının sahilləri müxtəlif məişət tullantılarından və yararsız balıqçılıq torlarından təmizlənilmiş, həmçinin çayın tullantılarla çirkləndirilməsinin və zərərli balıqçılıq alətlərindən istifadənin Kür çayının və Xəzərin faunasına vurduğu ziyanlar barədə yerli sakinlərlə maarifləndirici söhbətlər aparılmışdır.
Hesabat ilində Vətən uğrunda canlarını qurban vermiş igid oğullarımızın - Elimdar Səfərovun və Milli Qəhrəman Samid İmanovun rayon rəhbərliyinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə anım mərasimləri keçirilmiş, onlar böyük ehtiramla yad edilmiş və ehsan süfrələri təşkil olunmuşdur. 
Rayon İcra Hakimiyyəti başçısı aparatı 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Neftçala rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən 2017-ci il ərzində 319 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. Hərbi çağırışçılar arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və onların çağırışdan yayınmasının qarşısının alınması üçün mütəmadi olaraq yerlərdə əhali arasında təbliğat və maarifləndirmə işləri aparılmışdır.
2017-ci il ərzində Rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 113 cinayət hadisəsi qeydə alınmışdır. Qeydə alınmış cinayətlərdən 31 cinayət faktı narkotik vasitələrlə bağlı olmuşdur. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 96,4 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı 2016-cı ilə nisbətdə 2017-ci ildə 9 cinayət faktı çox olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyar görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafik tərtib olunmuşdur.
2017-ci ildə Rayon İcra hakimiyyəti başçısı tərəfindən 44 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 4128 nəfər iştirak etmişdir. Keçirilən görüşlərdə 198 nəfər 136 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlardan 24-ü meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, 29-u yolların təmiri, 13-ü təhsil müəssisələrinin təmiri və ya inşası, 21-i elektrik təsərrüfatının yenidən qurulması, 16-sı mavi yanacaq ilə təminat, 6-sı abadlıq və quruculuq işlərinin aparılması, 9-u içməli su ilə təminat, 2-si bankomatın quraşdırılması , 2-si işlə təminat, 5-i məişət tullantılarının daşınması, 2-si telefon çəkilişi və 7-si digər məsələlərdən ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılmasından ötrü tədbirlər həyata keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kəndlər üzrə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin 2017-ci ildə gördükləri işlərə dair yekun hesabatları keçirilmiş və bu hesabatlarda vətəndaşlar tərəfindən səslənən təkliflər, tənqidi qeydlər ümumiləşdirilmiş və həlli rayon səviyyəsində mümkün olan məsələlərin həllinə çalışılmış , digər məsələlərlə bağlı aidiyyəti yuxarı orqanlara müraciət edilmişdir. Belə ki, qrafikə uyğun olaraq 18 inzibati ərazi nümayəndəliyinin hər birində Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvlərinin və İcra Hakimiyyətinin məsul işçilərinin iştirakı ilə keçirilən bu yığıncaqlarda 2181 nəfər iştirak etmiş, 73 təklif verilmişdir ki, bunlarda əsasən rayonun bir çox yaşayış məntəqələrində elektrik təsərrüfatının yaxşılaşdırılması, içməli su təminatının yaxşılaşdırılması, qazla təmin olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması, avtomobil yollarının təmiri, bəzi yaşayış məntəqələrində yeni uşaq bağçası körpələr evinin açılması, təmirə ehtiyacı olan uşaq bağçası-körpələr evlərinin, məktəblərin və tibb məntəqələrinin əsaslı təmiri, suvarma və drenaj kanallarının təmizlənməsi və digər məsələlərdən ibarət olmuşdur.
2017-ci ildə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 581 müraciət daxil olmuşdur ki, bundan 468 müraciət ərizə, 113 müraciət şikayət  xarakterli olmuşdur. Tabeli qurumlara isə vətəndaşlar tərəfindən  22 müraciət daxil olmuşdur ki, bundan 19 müraciət ərizə, 2 müraciət şikayət  xarakterli olmuşdur. 2016-cı illə müqayisədə 2017-ci ildə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin sayı 118 müraciət, tabeli qurumlarda isə 23 müraciət az olmuşdur.
2017-ci ildə Rayon İcra Hakimiyyətinə daxil olan  vətəndaş müraciətlərinin 18 faizi həll edilib, 1,2 faizi qismən  təmin olunmuş,  70,3 faizinə müvafiq izahat verilmiş, 3 faizi əsassız sayılmış, 5 faizi icradadır, 1 faizi  isə baxılmaq üçün  aidiyyəti  təşkilatlara göndərilmiş, 1 faizi baxılmamış saxlanılmışdır
2017-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 270 vətəndaş qəbul edilmişdir. O cümlədən, Rayon İcra Hakimiyyəti başçısı aparatında 72 nəfər, səyyarı qəbullarda 198 nəfər vətəndaş qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatının vəzifəli şəxsləri tərəfindən 49 vətəndaş, tabeli qurumlarda isə  599 vətəndaş qəbul edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatında başçı tərəfindən qəbul olunmuş 72 nəfər vətəndaş müraciətləri  mövzular üzrə araşdırılarkən  4 müraciət mənzil ilə təmin olunma, 42 müraciət  işlə təmin olunma, 1  müraciət evini qəzalı olması, tikinti materialları ilə köməklik olunması, 12 müraciət torpaq məsələləri, 5 müraciət kommunal məsələləri, 5 müraciət elektrik enerjisi, qaz, su təchizatı məsələləri, 3 müraciət ünvanlı sosial yardım  məsələlər barədə   olmuşdur.
2017-ci ildə Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu , görüşlərin keçirilməsi həmçinin, Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən  operativ idarəetmə mərkəzində, video - konfrans zalında 18 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi əhatə etməklə həyata keçirilmiş , vətəndaşların müraciətləri dinlənilmiş və həlli istiqamətində müvafiq işlər görülmüşdür.
Rayon İcra Hakimiyyəti 2018-ci ildə də,  Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub qarşıya qoyulan vəzifələrin icrasını, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.

Keçidlər