Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının iyirminci ildönümünə həsr olunmuş tədbir.
03 noyabr 2012-ci il tarixdə Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının iyirminci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı Arif Rəhimzadə iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Rayon Mədəniyyət və İncəsənət sarayında davam etdirilən tədbirdə YAP Neftçala Rayon Təşkilatının sədri Anar Cəfərov partiyanın Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan danışmış, dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən geniş bəhs etmişdir.
Qeyd olunmuşdur ki, YAP tarixi zərurətdən yaranan, Azərbaycan xalqının iradəsini, istək və arzularını ifadə edən parlament tipli, demokratik prinsiplərlə fəaliyyət göstərən siyasi partiyadır.
XX əsrin sonlarında Azərbaycan xalqının həyatında yaranmış mürəkkəb ictimai-siyasi proseslərin gedişində meydana çıxmış YAP bu gün ən nüfuzlu partiyaya çevrilmişdir. Bu partiyanın əsasını zəmanəmizin ən görkəmli dövlət xadimlərindən biri olan, xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur. Məhz Heydər Əliyevin mövcudluğu, onun 60-90-cı illərdə göstərdiyi 30 illik siyasi fəaliyyət belə bir tarixi həqiqəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil olaraq öz siyasi partiyasını yarada və müstəqil şəkildə öz dövlətini idarə edə bilər.
YAP-ın ideya – siyasi və nəzəri əsasını Heydər Əliyevin öz əli ilə yazılmış Proqram və Nizamnaməsi təşkil edir. Həmçinin bu böyük dövlət xadiminin keçdiyi siyasi mübarizələrlə dolu həyat yolu, müxtəlif yığıncaqlarda etdiyi məruzələr və çıxışlar, söylədiyi müdrik fikirlər hər bir YAP üzvü üçün fəaliyyət proqramı kimi qəbul edilmişdir. Partiyanın əsas məqsəd və vəzifələri onun proqramında qısaca belə ifadə olunur: «Müstəqillik əldə etmiş respublikamızın dövlət müstəqilliyini möhkəmləndirmək; demokratik hüquqi dövlət formalaşdırmaq; respublikanın ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək; respublikanı tez bir zamanda müharibə vəziyyətindən çıxarmaq; Qarabağ probleminin həllinə nail olmaq; öz vətəndaşlarına firavan həyat şəraiti yaratmaq.»
1992-ci il noyabrın 21-də Naxçıvanda Musiqili Dram Teatrının zalında YAP-ın I-ci ümumrespublika təsis konfransı keçirildi. Beləliklə, Azərbaycan tarixində misilsiz tarixi xidmətləri olan, Heydər Əliyevin «Bu günün, sabahın və gələcəyin partiyası» dediyi ümumxalq partiyası YAP yaradıldı.
1994-cü il avqustun 10-da YAP Qadınlar Şurasının təsis konfransı keçirildi, YAP Qadınlar Şurası yaradıldı, 1995-ci il 30 iyunda isə YAP Gənclər Birliyinin təsis konfransı keçirildi və YAP Gənclər Birliyi yaradıldı. Ümumiyyətlə 1992-1995-ci illər YAP-ın bir siyasi partiya kimi təşkilatlanması və ideya-siyasi xəttinin formalaşması dövrü olmuşdur.
YAP Neftçala rayon təşkilatı öz ətrafında 4022 nəfər partiya üzvünü birləşdirir. Ərazi ilk partiya təşkilatlarının sayı hal-hazırda 51-ə çatdırılmışdır. Partiya üzvlərinin 1825 nəfərini ümumi tərkibdə 45 %-i qadınlar, 1610 nəfərini, 40 %-i isə gənclər təşkil edir. YAP Neftçala rayon təşkilatının İdarə Heyəti və Rayon Şurası IV Qurultayın qərarlarının, partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin həyata keçirilməsi, partiya təşkilat və ideoloji işin gücləndirilməsi istiqamətində məqsədyönlü, ardıcıl iş aparmışdır.
Beləliklə, YAP Neftçala rayon təşkilatı ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu yeni, müstəqil Azərbaycanımızın inkişafı üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.
Tədbirdə partiyanın rayon təşkilatının fəallarına fəxri fərmanlar, habelə partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilmişdir. Tədbir konsert proqramı ilə davam etdirildi.