“ASAN xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Neftçala rayonunda ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib
“ASAN xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə dekabr ayının 2-də Neftçala rayonunda ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.
Aksiya çərçivəsində 400-dən çox vətəndaşın müraciəti qeydə alınıb. Qeydə alınan vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.
Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətinin, sağlam həyat tərzinin təbliği, ən əsası isə aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin təşkilidir.
Aksiya gün ərzində saat 10:00-dan 18:00-dək Neftçala şəhəri, Heydər Əliyev Mərkəzində keçirilib.