Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının IX konfransı keçirilib
08 noyabr 2017-ci il tarixdə Neftçala rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının IX hesabat-seçki konfransı keçirilib.
Konfransda YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov geniş hesabat məruzəsi ilə çıxış edib. A.Cəfərov bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. O qeyd edib ki, hesabat dövründə YAP Neftçala rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqramının müddəaları əsasında qurub. Hazırda rayon təşkilatının sıralarında 4501 nəfər birləşib. Onların da 1894 nəfərini gənclər, 2054 nəfərini isə qadınlar təşkil edir. Hesabat dövrü ərzində təşkilatın sıralarına 565 nəfər qəbul olunub ki, onların da 266 nəfəri gənclər, 255 nəfəri isə qadınlardır.
Sonra Nəzarət-təftiş qrupunun sədri Müşviq Məmmədov hesabat məruzəsini təqdim edib. Konfrans iştirakçılarından YAP Neftçala rayon təşkilatı Qadınlar Şurasının sədri Gültəkin Sadıqova, YAP Neftçala rayon Gənclər Birliyinin sədri Ülvi Fərzəliyev, Neftçala Mərkəzi Xəstəxanasının baş həkmi Telman Zahidov və YAP Neftçala rayon təşkilatı təhsil ilk partiya təşkilatının sədr müavini Şəfəq Balaşova çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymtələndiriblər.
Konfransda çıxış edən YAP İdarə Heyətinn üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox vətəndaşımız birləşib: “Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin inkişaf prosesində YAP aparıcı siyasi qüvvə kimi çıxış edir və bu istiqamətdə fəaliyyətini gələcəkdə də uğurla davam etdirəcək”.
Konfransda təşkilati məsələlərə də baxılıb və Anar Cəfərov yenidən YAP Neftçala rayon təşkilatının sədri seçilib. Həmçinin, sədrin müavinləri, rayon təşkilatının 15 nəfərdən ibarət İdarə Heyəti, 41 nəfərdən ibarət Şura və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib.
Sonda bir qrup partiya fəalına ictimai-siyasi proseslərdə aktivliyinə görə Fəxri fərman və hədiyyələr təqdim olunub. Həmçinin, partiyanın sıralarına yeni qəbul olmuş şəxslərə YAP-ın üzvlük vəsiqələri verilib.