23 İyun- Dövlət qulluqçularının Peşə Bayramı Neftçala rayonunda qeyd olunub
Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Hər il olduğu kimi bu il də Neftçala rayonunda Dövlət qulluqçularının peşə bayramı qeyd olunub.
Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunub, tər gül dəstələri düzülüb və əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər,ağsaqqallar və rayon ictimaiyyəti iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni səslənib.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, Neftçala rayon Prokuror Nəsif Nəcəfov, Neftçala Rayon Polis Şöbəsinin rəisi Vüsal Şəbəndəyev, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, gənc dövlət qulluqçusu Orxan Rüstəmov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, veteran dövlət qulluqçusu Salman Abdullayev, “Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftəliyeva və digər ziyalılar dövlət qulluğu sisteminin formalaşmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, dövlət qulluqçularının etik davranış qaydalarından, dövlət qulluğunda gənclərin rolundan həmçinin, rayonda görülən işlərdən danışıb, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması, həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görülüb, bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi davam etdirilir. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq, işlərini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edilir, vəzifələri və funksiyaları dəqiqləşdirilir.
Tədbirin sonunda Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxs “Fəxri Fərman”larla təltif olunublar və xatirə şəkili çəkilib.