Neftçala rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
13 oktyabr 2017-ci il tarixdə Neftçala rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
İlkin məlumatlara əsasən 2017-ci ilin 9 ayında ümumi məhsul istehsalının həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 21,4 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 235,7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5 milyon manat çoxdur. 2017-ci ilin 9 ayında ümumi məhsulun tərkibində sənaye məhsulu 23 milyon 200,0 min manat, kənd təsərrüfatı məhsulu 94 milyon 600,0 min manat, nəqliyyat xidməti 1 milyon 600,0 min manat , rabitə xidməti 500,0 min manat , ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 66 milyon 400,0 min manat, tikinti işlərinin həcmi 49 milyon 400,0 min manat olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 76,9 %-ə çatmışdır. Adambaşına 2736,5 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 20,3 % çoxdur.
2017-ci ilin 9 ayında rayonda 69 yeni müəssisə yaradılmış, 771 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 69, fiziki şəxslər üzrə 771, mövcud müəssisə və təşkilatlarda 24, fəaliyyəti bərpa edilmiş müəssisə təşkilatlarda 5 olmaqla cəmi 773 daimi yeni iş yeri açılaraq işsiz və işaxtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və kənd təsərrüfatında mövsümü işlərə 3715 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 4584 nəfər işlə təmin edilmişdir. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 23 milyon 200,0 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənaye məhsulunun həcmi keçən ilin müvafiq dövrünə nisbətən 35.1 faiz çox olmuşdur. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 78,7 % təşkil etmişdir.
2017-ci ilin 9 ayında rayon ərazisində tikinti işlərində əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcmi 52 milyon 304,6 min manat təşkil etmişdir. O cümlədən, tikinti quraşdırma işlərinin həcmi 49 milyon 406,7 min manat yerinə yetirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 8,7% artmışdır.
Carı ilin 9 ayında Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 550,0 min ton yük, 6 milyon 24,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,2 faiz, sərnişin daşınması isə 3,6 faiz artmışdır.
Hesabat dövründə Rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 522,5 min manatlıq rabitə xidməti göstərmişdir. Göstərilmiş rabitə xidmətlərinin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4,3 % artmışdır. Ümumi xidmətin 85,5 faizi bilavasitə əhalinin payına düşür. Hazırda rayonda hər 100 təsərrüfata 63 ədəd telefon aparatı düşür.
Hesabat dövründə əhalinin nominal pul gəlirləri 201 milyon 700,5 min manat olmuş, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,1 % artmışdır. Adambaşına düşən pul gəlirləri 5,1 % artaraq 2341,3 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 277,5 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 182,8 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 16,8 % artaraq 158,9 milyon manata, pullu xidmətlərin həcmi 10,8 % çoxalaraq 20,9 milyon manata, iaşə xidmətinin həcmi 14,3 % artaraq 2,9 milyon manata çatmışdır.
2017-ci il üçün rayonun yerli gəlirləri və xərcləri 6 milyon 367,0 min manat təsdiq olunmuşdur. 2017-ci ilin 9 ayı ərzində büdcəyə 4 milyon 396,4 min manata qarşı 4 milyon 898,7 min manat vəsait daxil olmuş və ya 111,4 % icra olunmuş, yerli xərclər 4 milyon 506,6 min manata qarşı 4 milyon 168,4 min manat və ya 92,5 % icra olunmuşdur.
01 oktyabr 2017-ci il tarixə pensiya və sosial müavinət alanların sayı 14079 nəfər olmuşdur. Ünvanlı dövlət sosial yardım alanların sayı 492 ailə olmuş, 141 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır.
2017-ci ilin 9 ayı ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 345 nəfər işaxtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş, 67 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 8 sahibkara 666,5 min manat məbləğində güzəştli kredit verilmişdir.
Hesabat dövründə Rayon Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən rayona 134,0 milyon kvt.saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 30,1 milyon kvt.saatı əhaliyə satılmışdır. Enerjinin dəyəri rayon üzrə 81,3 faizi və əhali üzrə 89,2 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 98,7 % təşkil edir.
Carı ilin 9 ayı ərzində Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən rayona 11 milyon 897,3 min kub metr həcmində təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 10 milyon 457,2 min kub metr olmuş, bunun da dəyəri rayon üzrə 108,7 faiz və əhali üzrə 110,3 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir.
Hesabat dövründə rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 6 milyon 560,0 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Bu da 2015-ci ilin müvafiq dövründə olan göstəricidən 14,4% az olmuşdur.
Rayonda 2017-ci ilin 9 ayında aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 30,8% artaraq 94,6 milyon manat olmuş, 2017-ci ilin məhsulu üçün 51 min 154,4 hektar sahədən 118 min 750 ton taxıl istehsal edilmiş, hər hektardan orta hesabla 23,2 sentner məhsul toplanmışdır. 13026 hektar sahədə yazlıq bitkilər əkilmiş, bunun da 85,2%-i pambıq sahələrinin payına düşür. Möhtərəm Cənab Prezidentin tapşırığına əsasən rayonda 11111 hektar sahədə pambıq əkilmişdir ki, bu da keçən illə müqayisədə 7,2 dəfə, 2015-ci illə müqayisədə isə 48 dəfə çoxdur. Ümumilikdə rayon üzrə 944 mülkiyyətçi “MKT İK” MMC ilə 4555,5 hektar, “CTS Aqro” MMC ilə 51.8 hektar, “Neftçala kənd təsərrüfatı” MMC ilə 280 hektar, fərdi qaydada isə 6223.7 hektar sahədə müqavilə bağlanmışdır. Hal-hazırda pambıq sahələrində yığım davam işləri davam etdirilir. Belə ki, 12 oktyabr 2017-ci il tarixə sahələrdən 4087 ton xam pambıq tədarük edilmişdir.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 331,4 km suvarma kanalları, 378,6 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 46 ədəd, kollektor – drenlərdə 49 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir. Rayonda 14 min 500 hektardan yuxarı əkin sahələrini suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisinə 2006-cı ildə başlanmışdır. Hesabat dövründə kanalın tikintisinə 6 milyon 8.8 min manat vəsait xərclənmişdir. 24 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rayonumuza tarixi səfəri zamanı Neftçala Magistral Su kanalının istifadəyə verilməsi ilə bağlı tədbirdə iştirak etmiş və kanalın tikintisinin davam etdirilməsi ilə bağlı göstərişlər vermişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 2017-ci ilin altı ayında iri buynuzlu mal-qaranın baş sayı 43 min 233 baş, qoyun və keçilərin baş sayı 136 min 818 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 792 və 5720 baş artmışdır. Göstərilən dövrdə diri çəkidə 11085,0 ton ət, o cümlədən 8103 ton quş əti, 15601,0 ton süd, 5 milyon 225 min ədəd yumurta, 280,2 ton yun istehsal olunmuşdur.
Rayon Hakimiyyəti 2017-ci ilin 9 ayında rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir.
Neftçala Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri və Neftçala Elektrik Şəbəkəsinin yeni inzibati binasının, 110/35/6 KV-luq Neftçala yarımstansiyanın və Neftçala Sənaye Məhəlləsinin tikintisi başa çatdırılmış, 24 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin obyektlərin açılışı olmuş və Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin İran İslam Respublikasının “İran khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə təməli qoyulmuş avtomobil istehsalı zavodunda aparılan tikinti işləri ilə yaxından tanış olmuşdur. Zavodun 2017-ci ilin dekabr ayında istifadəyə verilməsi planlaşdırılır.
2017-ci ilin 9 ayı ərzində Neftçala şəhərinin daxili avtomobil yollarının təmiri həyata keçirilmiş və ümumi dəyəri 432,09 min manat həcmində 21 min 50 m2 asfalt örtüyü salınmışdır. Neftçala şəhəri Məhəmməd Əsədov küçəsi bina 1A və Üzeyir Hacıbəyov küçəsi bina 1B ünvanında çoxmənzilli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2017-ci il tarixli 3250 nömrəli Sərəncamı ilə Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır.
Neftçala rayonunda əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 8000 hektar torpaq sahəsində hal-hazıra kimi 21 km uzunluğunda torpaq kanalının 12 km hissəsi lildən təmizlənmiş, eləcə də ərazidə 1 ədəd transformator yarımstansiyasının qurulması işlərinin tikintisinə başlanılmışdır.
2017-ci ilin 9 ayı ərzində uzunluğu 55 km 140 metr olan 21 yaşayış məntəqəsini əhatə edən, 37 min əhalinin yaşadığı Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun “Azəravtoyol”ASC tərəfindən tikintisi davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2017-ci il tarixli 3251 nömrəli Sərəncamı ilə Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 21,5 milyon (iyirmi bir milyon beş yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır.
Rayonun Həsənabad qəsəbəsi, Mikayıllı, Sarıqamış, Haqverdili, I Mayak, II Mayak, Sübh, Yenikənd, Qırmızı Şəfəq, Bala Surra, Beştalı və Şorkənd kəndlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ümumilikdə 13 ədəd modul tipli su qurğularının tikintisinə başlanılmış və hal-hazırda tikinti işləri davam etdirilir.
Cari ilin 9 ayında rayon ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4 ədəd fərdi yaşayış evinin inşasına başlanılmışdır ki, həmən mənzillər 2 şəhid ailəsinin və 2 Qarabağ müharibəsi əlilinin mənzil şəraitinin yaxşılaşdırılmasını təmin edəcəkdir.
Hesabat dövründə rayonun təhsil müəssisələrində təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ əldə etmiş 5 iştirakçıdan 3 nəfəri tarix, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə II və III yerlərə layiq görülmüş və qaliblər Təhsil Nazirliyinin medal və diplomları ilə mükafatlandırılmışlar.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin təşkili ilə bağlı seçim turları keçirilmiş, Şorkənd kənd ümumi orta məktəbin şagirdi rayon üzrə ən yaxşı nəticə göstərərək respublika mərhələsində iştirak etmişdir.
Hesabat ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində məktəblilər üçün respublikanın gəzməli-görməli yerlərinə təşkil olunmuş turlarda Neftçala rayonundan olan şagirdlər də iştirak etmiş, onlar mart ayında Quba, Qusar və Xaçmaz rayonlarına ekskursiyalar edərək, həmin yerlərin tarixi, mədəniyyəti və gəzməli yerləri ilə tanış olmuşlar. Şagirdlərin yolasalma mərasimləri Azərbaycan televiziyasında işıqlandırılmış, məktəblilər belə bir layihənin təşkilinə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq addımlar atılmış, rayonun Yenikənd, Tatarməhlə, Mikayıllı və Sübh kəndlərində modul tipli məktəblərin tikintisi başa çatdırılmış, bu il daha 2 yaşayış məntəqəsində Şorkənd və Ərəbqardaşbəyli məktəbləri üçün bu tip təhsil müəssisələrinin inşası nəzərdə tutulmuşdur. Hal-hazırda isə Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Şorkənd kənd ümumi orta məktəbi üçün 7 əlavə sinif otağının tikintisi davam etdirilir.
Hesabat dövründə ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən rayonun idarə, müəssisə və təşkilat kollektivlərinin və yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələrdən keçməsi təmin edilmiş, ümumilikdə rayon üzrə 59287 nəfər profilaktik tibbi müayinələrə cəlb olunmuşdur.
2013-cü ildən əsaslı təmirinə başlanılmış Mərkəzi Rayon Xəstəxanasında işlər tam başa çatdırılmış, xəstəxana zəruri inventar və müasir tibb avadanlıqları ilə təchiz edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 24-də rayonumuza növbəti tarixi səfəri zamanı Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmiş, xəstəxanada yaradılan şəraitlə yaxından tanış olmuşdur.
Hesabat dövründə rayon ərazisində ictimai-siyasi sabitliyin qorunması, siyasi partiyalar, dini qurumlar, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili istiqamətlərində tədbirlər həyata keçirilmiş, humanitar sahədə dövlət siyasətinin icra olunması ilə bağlı bir çox məqsədyönlü işlər görülmüşdür.
"2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq islam həmrəyliyinin əhəmiyyəti, ölkəmizin müsəlman dövlətləri ilə qarşılıqlı faydalı münasibətləri mövzularında bir sıra maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatı 2017-ci ilin 9 ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. 2017-ci ilin 9 ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən 244 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur. 2017-ci ilin 9 ayında Rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 87 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 79 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.8 % cinayət faktı çox olmuşdur.
2017-ci ilin 9 ayında Rayon İcra Hakimiyyəti başçısı aparatı ərazidə nizam-intizamı, qayda-qanunu möhkəmləndirmək, kadrların tapşırılmış iş üçün məsuliyyət hissini artırmaq məqsədilə yerli icra orqanları ilə öz işini əlaqədə qurmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyarı görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafik tərtib olunmuşdur.
2017-ci ilin 9 ayında İcra hakimiyyəti başçısı tərəfindən 33 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 3317 nəfər iştirak etmişdir. Keçirilən görüşlərdə 148 nəfər 103 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlardan 18-i meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, 23-ü yol və körpülərin inşası və ya təmiri, 11-i təhsil müəssisələrinin təmiri və ya inşası, 14-ü elektrik təsərrüfatının yenidən qurulması, 10-u mavi yanacaq ilə təminat, 5-i abadlıq və quruculuq işlərinin aparılması, 9-u içməli su ilə təminat, 2-si bankomatın quraşdırılması , 2-si işlə təminat, 3-ü məişət tullantılarının daşınması və 6-sı digər məsələlərdən ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılmasından ötrü tədbirlər həyata keçirilmişdir
2017-ci ilin 9 ayında Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 397 müraciət daxil olmuşdur ki, bundan 318 müraciət ərizə, 77 müraciət şikayət, 2 müraciət minnətdarlıq xarakterli olmuşdur. Daxil olan müraciətlərdən 389 müraciət nəzarətə alınmadan, 8 müraciət nəzarət qaydasında araşdırılmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında daxil olan müraciətlərin sayı 101 müraciət az olmuşdur.
2017-ci ilin birinci yarısında Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlərdən 28 müraciət kollektiv, 31 müraciət təkrar xarakterli olmuşdur.
Hesabat dövründə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 203 nəfər vətəndaş qəbul edilmişdir. O cümlədən, Rayon İcra Hakimiyyəti başçısı aparatında 55 nəfər, səyyarı qəbullarda 148 nəfər vətəndaş qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatında başçı tərəfindən qəbul olunmuş vətəndaşların müraciətləri mövzular üzrə araşdırılarkən 9 müraciət mənzil ilə təmin olunma, 30 müraciət işlə təmin olunma, 7 müraciət evini qəzalı olması, tikinti materialları ilə köməklik olunması, 4 müraciət torpaq məsələləri, 5 müraciət ünvanlı sosial yardım məsələlər barədə olmuşdur.
Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.