Şriftin ölçüsü :

Saytın rəngi :

Kür çayında təmizlik aksiyası keçirildi

10 sentyabr 2017 | 03:09

Sentyabrın 9-da IDEA İctimai Birliyi, dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli “Blue Marine Foundation” (BMF) təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Neftçala rayonu ərazisində, Kür çayının deltasında “Təmiz Kür – Saf Təbiət!” şüarı altında təmizlik aksiyası keçirilib.

Aksiyanın keçirilməsində məqsəd Kür sahillərinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən bu ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə Xəzərin faunasına vurduğu ziyanla bağlı ictimaiyyətin maarifləndirilməsi olub.

Aksiyada IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü, yerli gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Sanitar normalara uyğun müxtəlif ləvazimat və xüsusi qayıqlarla təchiz olunan gənclər Kür çayı və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından təmizləyiblər. Toplanan 1 tona yaxın tullantı xüsusi nəqliyyat vasitəsi ilə Neftçala Tullantılar Poliqonuna təhvil verilib. Aksiya zamanı, həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına zərərləri barədə məlumat verilib.

Yekunda aksiya iştirakçılarına sertifikatlar təqdim olunub.

“Təmiz Kür – Saf Təbiət!” aksiyası IDEA-nın Xəzər dənizinin faunasının bərpası proqramı çərçivəsində təşkil olunub. Məlumdur ki, ətraf mühit problemlərinin aradan qaldırılmasında həyata keçirilən praktiki tədbirlərlə yanaşı, ictimai aksiya və maarifləndirmə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən yerli və beynəlxalq tərəfdaşlarla birlikdə mütəmadi olaraq Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, o cümlədən çaylarda bu cür təmizlik aksiyaları təşkil edilir.

IDEA ətraf mühitə laqeyd qalmayaraq, aksiyada iştirak edən bütün şəxslərə və tədbirin keçirilməsinə dəstək verən qurumlara təşəkkürünü bildirir. İctimai Birlik hər kəsi təbiətə, flora və faunamıza qarşı diqqətli olmağa, Xəzər dənizinin və çaylarımızın sahillərini təmiz saxlamağa çağırır.

Keçidlər