Neftçala Rayonu İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyevin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı keçirilmişdir.
21 iyul 2017-ci il tarixdə Neftçala rayonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.
2017-ci ilin birinci yarısında rayonun iqtisadiyyatında istehsal olunmuş ümumi məhsulun həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 24,6 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 160 milyon 881,5 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,8 milyon manat çoxdur. Ümumi məhsulun tərkibində sənaye məhsulu 15 milyon 633,9 min manat və ya ümumi məhsulun 9,7 %-i qədər, kənd təsərrüfatı 74 milyon manat və ya 46 %, tikinti işlərinin həcmi 28 milyon 14,2 min manat və ya 17,4 % nəqliyyat xidməti 995 min manat və ya 0,6 %, rabitə xidməti 343,1 min manat və ya 0,2 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 41 milyon 886,7 min manat və ya 26,1 %, olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2016-cı ilin birinci yarısına nisbətən 22,8 % artaraq 80,3 %- ə çatmışdır. Adambaşına 1867,4 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 23,5 % çoxdur.
2017-ci ilin birinci yarısında rayonda 12 yeni müəssisə yaradılmış, 621 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 23, fiziki şəxslər üzrə 621, mövcud müəssisə və təşkilatlarda 19, fəaliyyəti bərpa edilmiş müəssisələrdə 5 olmaqla cəmi 668 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və digər tədbirlər üzrə işlərə 547 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 2682 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 3897 nəfər işlə təmin olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən sənaye müəssisələrində və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 15 milyon 633,9 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir.
2017-ci ilin birinci yarısında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 336,5 min ton yük, 4 milyon 110,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,6 faiz, sərnişin daşınması isə 3,4 faiz artmışdır.
Hesabat dövründə Rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 343,1 min manatlıq rabitə xidməti göstərmişdir. Göstərilmiş rabitə xidmətlərinin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % artmışdır. Ümumi xidmətin 85 faizi bilavasitə əhalinin payına düşür.
Əhalinin nominal pul gəlirləri 137 milyon 185,0 min manat olmuş, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,1 % artmışdır. Adambaşına düşən pul gəlirləri 4,1 % artaraq 1592,3 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 276,3 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 108,9 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 16,4 % artaraq 93,6 milyon manata, pullu xidmətlərin həcmi 9,9 % çoxalaraq 13,4 milyon manata, iaşə xidmətinin həcmi 14,9 % artaraq 1,9 milyon manata çatmışdır.
2017-ci il üçün rayonun yerli gəlirləri və xərcləri 6 milyon 169,0 min manat təsdiq olunmuşdur. 2017-ci ilin 6 ayı ərzində büdcəyə 2 milyon 605,8 min manata qarşı 3 milyon 16,8 min manat vəsait daxil olmuş və ya 115,8 % icra olunmuş, yerli xərclər 2 milyon 985,1 min manata qarşı 2 milyon 525,4 min manat və ya 84,6 % icra olunmuşdur.
01 iyul 2017-ci il tarixə pensiya və sosial müavinət alanların sayı 13679 nəfər olmuşdur. Ünvanlı dövlət sosial yardım alanların sayı 622 ailə olmuş, 143 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır.
Hesabat dövründə Rayon Məşğulluq Mərkəzi tərəfindən 294 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş, 46 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 6 sahibkara 346,5 min manat məbləğində güzəştli kredit verilmişdir.
2017-ci ilin birinci yarısında rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 6 milyon 560,0 min ədəd nərə cinsli, 1 milyon 445 min ədəd uzunburun körpəsi yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır.
Rayonda 2017-ci ilin altı ayında aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 28,4% artaraq 74,0 milyon manat olmuş, 2017-ci ilin məhsulu üçün 51 min 154,4 hektar sahədən 118 min 750 ton taxıl istehsal edilmiş, hər hektardan orta hesabla 23,2 sentner məhsul toplanmışdır. Hesabat dövründə yazlıq bitkilərin kütləvi əkini əsasən başa çatmışdır. 13026 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun da 85,2%-i pambıq sahələrinin payına düşür. Möhtərəm Cənab Prezidentin tapşırığına əsasən rayonda 11111 hektar sahədə pambıq əkilmişdir ki, bu da keçən illə müqayisədə 7,2 dəfə, 2015-ci illə müqayisədə isə 48 dəfə çoxdur. Ümumilikdə rayon üzrə 944 mülkiyyətçi “MKT” MMC ilə 4555,5 hektar, “CTS Aqro” MMC ilə 51.8 hektar, “Neftçala kənd təsərrüfatı” MMC ilə 6503,7 hektar (280 ha tam təminatlı, 6223.7 ha qismən təminatlı) sahədə müqavilə bağlanmışdır. Hal-hazırda pambıq sahələrində becərmə işləri davam etdirilir.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 221,9 km suvarma kanalları, 247,6 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 27 ədəd, kollektor – drenlərdə 33 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir. Rayonda 14 min 500 hektardan yuxarı əkin sahələrini suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisinə 2006-cı ildə başlanmışdır. Hesabat dövründə kanalın tikintisinə 5 milyon 9.3 min manat vəsait xərclənmişdir. Hal - hazırda tikinti işləri davam etdirilir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 2017-ci ilin altı ayında iri buynuzlu mal-qaranın baş sayı 43 min 788 baş, qoyun və keçilərin baş sayı 139 min 206 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 225 və 2169 baş artmışdır. Göstərilən dövrdə diri çəkidə 7438,0 ton ət, o cümlədən 5466 ton quş əti, 9969,6 ton süd, 4 milyon 260 min ədəd yumurta, 280,2 ton yun istehsal olunmuşdur.
Rayon Hakimiyyəti 2017-ci ilin birinci yarısında rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir.
2017 -ci ilin 6 ayında rayon ərazisində tikinti işlərində əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcmi 29 milyon 718,4 min manat təşkil etmişdir. O cümlədən, tikinti quraşdırma işlərinin həcmi 28 milyon 14,2 min manat yerinə yetirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə investisiya qoyuluşu 29.9%, tikinti quraşdırma işləri isə 28,8% artmışdır.
Hesabat dövründə Neftçala şəhərinin daxili avtomobil yollarının təmiri həyata keçirilmiş, ümumi dəyəri 432,09 min manat həcmində 21 min 50 m2 asfalt örtüyü salınmışdır.
Uzunluğu 55 km 140 metr olan 21 yaşayış məntəqəsini əhatə edən, 37 min əhalinin yaşadığı Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə başlanılmışdır. 6 ay ərzində avtomobil yolunun 3 km hissəsinə ( 21000 m2) asfalt örtüyü çəkilmişdir. Ha-hazırda tikinti işləri davam etdirilir.
Neftçala şəhəri Məhəmməd Əsədov küçəsi bina 1A və Üzeyir Hacıbəyov küçəsi bina 1B ünvanında çoxmənzilli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunmuşdur.
2017-ci ilin 6 ayı ərzində Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin İran İslam Respublikasının “İran khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə təməli qoyulmuş avtomobil istehsalı zavodunun hal-hazırda tikinti işləri davam etdirilməkdədir. Bundan əlavə Neftçala şəhər M.Səfərov adına internat məktəbinin tədris korpuslarının təmiri və yeni yataqxana binasının tikintisinə başlanılmışdır, tikinti işləri davam etdirilir.
“Neftçala rayonunda 8000 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi” obyekti üzrə işçi layihəsi işlənilmiş, digər sənədlərin hazırlanması davam etdirilir. Eyni zamanda 12 km hissə lildən təmizlənmişdir.
Neftçala şəhəri M.Ə. Sabir küçəsində Mərkəzi Rayon Xəstəxanasının binasının əsaslı təmiri işləri və M.Ə.Sabir küçəsində Neftçala Elektrik Şəbəkəsinin yeni İnzibati binasının tikintisi başa çatdırılmışdır.
“50 saylı Yol İstismarı” MMC tərəfindən 2017-ci ilin I rübü ərzində xidmət etdiyi Respublika əhəmiyyətli R-46 Salyan-Neftçala avtomobil yolu üzrə 258.3 min manatlıq və yerli əhəmiyyətli avtomobil yolu üzrə 110.1 min manatlıq cari təmiri işləri görülmüşdür.
Hesabat dövründə Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir.
Cari ilin birinci yarısında rayonun təhsil müəssisələrində təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının rayon və yarımfinal turları keçirilmiş, olimpiadanın final mərhələsində iştirak etmək hüququ əldə etmiş 5 iştirakçıdan 3 nəfəri tarix, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə II və III yerlərə layiq görülmüş və qaliblər Təhsil Nazirliyinin medal və diplomları ilə mükafatlandırılmışlar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu ilin iyun ayında rayonun ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri üçün attestasiya imtahanı keçirilmiş, rayon üzrə IX sinfi 739 nəfər, XI sinfi isə 642 nəfər şagird bitirmişdir.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ən yaxşı təqdimat " müsabiqəsinin təşkili ilə bağlı seçim turları keçirilmiş, Şorkənd kənd ümumi orta məktəbin şagirdi rayon üzrə ən yaxşı nəticə göstərərək respublika mərhələsində iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq " layihəsi çərçivəsində məktəblilər üçün respublikanın gəzməli-görməli yerlərinə təşkil olunmuş turlarda Neftçala rayonundan olan şagirdlər də iştirak etmiş, onlar mart ayında Quba, Qusar və Xaçmaz rayonlarına ekskursiyalar edərək, həmin yerlərin tarixi, mədəniyyəti və gəzməli yerləri ilə tanış olmuşlar. Şagirdlərin yolasalma mərasimləri Azərbaycan televiziyasında işıqlandırılmış, məktəblilər belə bir layihənin təşkilinə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Təhsilin maddi – texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq addımlar atılmış, rayon ərazisində modul tipli məktəblərin inşasına başlanılmışdır. Yenikənd kəndində modul tipli 56 şagird yerlik məktəbin tikintisi başa çatdırılmış, daha 4 yaşayış məntəqəsində Şorkənd, Ərəbqardaşbəyli, Mikayıllı və Sübh kənd məktəbləri üçün bu tip təhsil müəssisələrinin inşası nəzərdə tutulmuşdur. Hal-hazırda isə belə bir məktəbin tikintisi rayonun Tatarməhlə kəndində davam etdirilir.
Hesabat dövründə rayonun tibb müəssisələrində əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və səhiyyə müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi istiqamətində görülən işlər davam etdirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən 5 həkim briqadası yaradılmış, tərtib edilmiş qrafikə əsasən rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin və yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələrdən keçməsi təmin edilmişdir. Ümumilikdə rayon üzrə 59287 nəfər profilaktik tibbi müayinələrdən keçmişdir ki, bunların da 1642 nəfəri ambulator , 13 nəfəri stasionar müalicələrə cəlb olunmuş, 16 nəfəri isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə daha ixtisaslı müayinə və müalicə almaq üçün göndərilmişdir.
Hesabat dövrü ərzində rayonda mədəni-xidmətin təşkili sahəsində müəyyən işlər görülmüş, bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirilmiş, əlamətdar və tarixi günlər münasibəti ilə ümumrayon bayram tədbirləri, mədəniyyət müəssisələrində görkəmli şəxslərin yubiley mərasimləri təşkil olunmuş, eləcə də peşə bayramları qeyd edilmişdir.
Hesabat dövründə rayon ərazisində sanitar-gigiyenik qaydalara riayət edilməsi üçün nəzarət işlərinin gücləndirilməsinə çalışılmış , baş verə biləcək yoluxucu xəstəliklərin qarşısının alınması ilə əlaqədar profilaktik tədbirlər davam etdirilmişdir.
2017-ci ilin birinci yarısında rayonda gənclərlə bağlı dövlət siyasətinin həyata keçirilməsi, uşaq və gənclərin asudə vaxtlarının təşkili istiqamətində, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür.
Cari ilin mart ayında rayonumuzda təşkil olunan pnevmatik silahlardan atıcılıq üzrə ölkə çempionatının zona yarışında komandamız uğurla çıxış etmiş, komanda üzvləri 11 rayonun iştirakçıları arasında II yerə layiq görülərək yarışın final mərhələsində qüvvələrini sınamışlar.
Hesabat dövründə rayon ərazisində ictimai-siyasi sabitliyin qorunması, siyasi partiyalar, dini qurumlar, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili istiqamətlərində tədbirlər həyata keçirilmiş, humanitar sahədə dövlət siyasətinin icra olunması ilə bağlı bir çox məqsədyönlü işlər görülmüşdür.
Ötən ilin aprel döyüşlərində həlak olmuş həmyerlilərimiz- "Azərbaycanın Milli Qəhrəmanı" mayor Samid Gülağa oğlu İmanovun və gizir Elimdar Səlimxan oğlu Səfərovun il mərasimləri keçirilmiş, onların ruhu ehtiramla yad edilərək ehsan süfrələri təşkil olunmuşdur.
Hesabat dövründə Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri, əlil və digər kateqoriyadan olan insanlar diqqət və qayğıdan kənar qalmamışlar. Milli və dini bayramlar ərəfəsində onların ailələrinə baş çəkilmiş, aztəminatlı ailələr üçün üçün bayram süfrələri təşkil edilmişdir.
"2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq islam həmrəyliyinin əhəmiyyəti, ölkəmizin müsəlman dövlətləri ilə qarşılıqlı faydalı münasibətləri mövzularında bir sıra maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatı 2017-ci ilin birinci yarısında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. 2017-ci ilin birinci rübündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən 118 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur.
2017-ci ilin birinci yarısında Rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 57 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 98,2 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 cinayət faktı az olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyarı görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafik tərtib olunmuşdur.
2017-ci ilin 6 ayında İcra hakimiyyəti başçısı tərəfindən 21 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 2156 nəfər iştirak etmişdir. Keçirilən görüşlərdə 97 nəfər 66 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlardan 11-i meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, 15-i yol və körpülərin inşası və ya təmiri, 8-i təhsil müəssisələrinin təmiri və ya inşası, 7-si elektrik təsərrüfatının yenidən qurulması, 6-sı mavi yanacaq ilə təminat, 5-i abadlıq və quruculuq işlərinin aparılması, 5-i içməli su ilə təminat, 2-si bankomatın quraşdırılması , 1-i işlə təminat, 3-ü məişət tullantılarının daşınması və 3-ü digər məsələlərdən ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılmasından ötrü tədbirlər həyata keçirilmişdir
2017-ci ilin birinci yarısında Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 257 müraciət daxil olmuşdur ki, bundan 209 müraciət ərizə, 47 müraciət şikayət, 1 müraciət minnətdarlıq xarakterli olmuşdur. Daxil olan müraciətlərdən 249 müraciət nəzarətə alınmadan, 7 müraciət nəzarət qaydasında araşdırılmışdır. 2016-cı ilin birinci yarısı ilə müqayisədə müraciətlərin sayı 62 müraciət azalmışdır.
2017-ci ilin birinci yarısında Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlərdən 20 müraciət kollektiv, 16 müraciət təkrar xarakterli olmuşdur.
Hesabat dövründə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 142 nəfər vətəndaş qəbul edilmişdir. O cümlədən, Rayon İcra Hakimiyyəti başçısı aparatında 45 nəfər, səyyarı qəbullarda 97 nəfər vətəndaş qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatında başçı tərəfindən qəbul olunmuş vətəndaşların müraciətləri mövzular üzrə araşdırılarkən 7 müraciət mənzil ilə təmin olunma, 25 müraciət işlə təmin olunma, 6 müraciət evini qəzalı olması, tikinti materialları ilə köməklik olunması, 2 müraciət torpaq məsələləri, 5 müraciət ünvanlı sosial yardım məsələlər barədə olmuşdur.
Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.