Neftçala rayonunda polis günü qeyd olunub
02 iyul 2017-ci il tarixində Neftçala Rayon Heydər Əliyev Mərkəzində 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.
Polis işçilərinin peşə bayramı günü münasibəti ilə keçirilən tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev , hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, polis veteranları iştirak edib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Neftçala Rayon İcra Hakimiyyətinin təbrik məktubu oxunduqdan sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev peşə bayramları münasibəti ilə bütün polis işçilərini təbrik edərək bildirdi ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edərək, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir.Azərbaycan Polisi uzun, tarixi və şərəfli bir yol keçmişdir. Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev cənabları polis işçilərinə diqqət və qayğıkeşliklə yanaşır. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı,onların daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.
Tədbirdə polis orqanlarında səmərəli fəaliyyətinə görə Neftçala rayon Polis şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edilib.