Neftçala Rayonu İcra Hakimiyyəti başçısının 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı keçirilmişdir.
19 aprel 2017-ci il tarixdə Neftçala rayonunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlər barədə hesabat keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin 2017-ci ilin birinci rübündə ümumi məhsul istehsalının həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 37,6 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 54 milyon 189 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 800 min çoxdur. 2017-ci ilin birinci rübündə ümumi məhsulun tərkibində sənaye məhsulu 7 milyon 804 min manat və ya ümumi məhsulun 14,4 %-i qədər, kənd təsərrüfatı məhsulu 15 milyon 60 min manat və ya 27,9 %, nəqliyyat xidməti 545 min manat və ya 0,9 %, rabitə xidməti 170,0 min manat və ya 0,4 %, ticarət, iaşə və digər xidmət sahələrinin həcmi 19 milyon 162 min manat və ya 35,4 %, tikinti işlərinin həcmi 11 milyon 448 min manat və ya 21 % olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 73 %-ə çatmışdır. Adambaşına 629 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 36,3 % çoxdur.
2017-ci ilin birinci rübündə rayonda 8 yeni müəssisə yaradılmış, 452 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 11, fiziki şəxslər üzrə 452, mövcud müəssisə və təşkilatlarda 1 olmaqla cəmi 464 daimi yeni iş yeri açılaraq işsiz və işaxtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və digər tədbirlər üzrə işlərə 662 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 552 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 1678 nəfər işlə təmin olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.
Hesabat dövründə rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 7 milyon 804 min manatlıq sənaye məhsulu istehsal olunmuş, iş və xidmətlər yerinə yetirilmişdir. Sənayenin ümumi məhsulunda qeyri-dövlət bölməsinin xüsusi çəkisi 75,9 % təşkil etmişdir.
2017-ci ilin birinci rübündə Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən fiziki şəxslərin işi nəzərə alınmaqla 172,0 min ton yük, 1 milyon 942,0 min nəfər sərnişin daşınmışdır ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,2 faiz, sərnişin daşınması isə 4,8 faiz artmışdır.
Hesabat dövründə Rabitə müəssisələri tərəfindən əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 170,0 min manatlıq rabitə xidməti göstərmişdir. Göstərilmiş rabitə xidmətlərinin həcmi keçən illə müqayisədə 2,4 % artmışdır. Ümumi xidmətin 83,5 faizi bilavasitə əhalinin payına düşür.
Hesabat dövründə əhalinin nominal pul gəlirləri 66 milyon 126,0 min manat olmuş, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,4 % artmışdır. Adambaşına düşən pul gəlirləri 4,4 % artaraq 767,5 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqısı 266 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 54 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 18 % artaraq 46,8 milyon manata, pullu xidmətlərin həcmi 11,3 % çoxalaraq 6,2 milyon manata, iaşə xidmətinin həcmi 14,5 % artaraq 940,0 min manata çatmışdır.
2017-ci il üçün rayonun yerli gəlirləri və 6 milyon 169,0 min manat təsdiq olunmuşdur. 2017-ci ilin birinci rübündə büdcəyə 1 milyon 34 min manata qarşı 1 milyon 228 min manat vəsait daxil olmuş və ya 118,8 % icra olunmuş, yerli xərclər 1 milyon 496 min manata qarşı 1 milyon 21 min manat və ya 68,3 % icra olunmuşdur.
01 aprel 2017-ci il tarixə pensiya və sosial müavinət alanların sayı 14205 nəfər olmuşdur. Ünvanlı dövlət sosial yardım alanların sayı 1122 ailə olmuş, 137 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir.
2017-ci ilin birinci rübü ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 265 nəfər işaxtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş, 5 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir.
Cari ilin hesabat dövründə Rayon Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən rayona 49,2 milyon kvt.saat elektrik enerjisi verilmiş, o cümlədən elektrik enerjisinin 11,0 milyon kvt.saatı əhaliyə satılmışdır. Enerjinin dəyəri rayon üzrə 64,6 faizi və əhali üzrə 91 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 98,5 % təşkil edir.
2017-ci ilin birinci rübü ərzində Salyan Regional Qaz İstismar İdarəsi tərəfindən rayona 7 milyon 790 min kub metr həcmində təbii qaz verilmiş, o cümlədən əhaliyə satılan qazın ümumi həcmi 7 milyon 180,5 min kub metr olmuş, bunun da dəyəri rayon üzrə 82,4 faizi və əhali üzrə isə 86,8 faizi ödənilmişdir. Əhali abonentlərinin sayğaclaşdırılması 100% təşkil edir.
Rayonda 2017-ci ilin birinci rübündə aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin birinci rübündə kənd təsərrüfatının ümumi məhsulu 24,4 faiz artaraq 15,1 milyon manat olmuşdur. Göstərilən dövrdə diri çəkidə 3423 ton ət, 5087 ton süd, 1 milyon 505 min ədəd yumurta istehsal olunmuşdur. 2017-ci ilin məhsulu üçün 48783 hektar sahəyə taxıl əkilmişdir. Ölkə rəhbəri möhtərəm cənab Prezidentin tapşırığına əsasən rayonda 10000 hektar sahədə pambıq əkini nəzərdə tutulmuşdur. 5913 hektar torpaq sahəsi üzrə aidiyyəti şirkətlərlə müqavilə bağlanmış, 4087 hektar torpaq sahəsində isə fərdi qaydada pambıq əkini nəzərdə tutulmuşdur. Hal hazırda 2000 hektardan çox sahədə çiyid səpini aparılmış və bu işlər sürətlə davam etdirilir.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür. Hesabat dövründə Rayon Su və Meliorasiya təşkilatları tərəfindən 84 km suvarma kanalları, 127 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 15 ədəd, kollektor –drenlərdə 27 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 2017-ci ilin birinci rübündə iri buynuzlu mal-qaranın baş sayı 43,7 min baş, qoyun və keçilərin baş sayı 141 min başa çatdırılaraq ötən ilə müqayisədə müvafiq olaraq 854 və 2054 baş artmışdır.
Rayonda Xol zonasında 14 min 500 hektardan yuxarı suvarılan əkin sahələrinin tam suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Respublika rəhbərliyinin müvafiq sərəncamı ilə Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisi 2006-cı ildə başlanmış, 9,5 km hissəsi tam başa çatmış, 4 km hissəsində torpaq işləri tamamlanmaq üzrədir. Kanalın 2018-ci ildə tikilib başa çatdırılması nəzərdə tutulmuş, 2017-ci ilin birinci rübündə kanalın tikintisinə 146 min manat vəsait sərf olunmuşdur. Layihənin icrasının sürətləndirilməsinə ciddi ehtiyac vardır.
Rayon İcra Hakimiyyəti 2017-ci ilin birinci rübündə rayon ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir. Hesabat dövründə rayon ərazisində tikinti işlərində əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcmi 11 milyon 978 min manat təşkil etmişdir. O cümlədən tikinti quraşdırma işlərinin həcmi 11 milyon 448 min manat yerinə yetirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə investisiya qoyuluşu 2,9 dəfə, tikinti quraşdırma işləri 2,8 artmışdır.
Neftçala Sənaye Məhəlləsinin tikintisi işləri başa çatdırılmışdır. Hal-hazırda Neftçala Sənaye Məhəlləsində istehsal proseslərinin həyata keçirilməsi üçün tam hazır vəziyyətə gətirilmiş istehsalat bloklarında rezidentlər tərəfindən istehsalat avadanlıqlarının gətirilməsi və quraşdırılması istiqamətində işlər aparılır. Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sənaye müəssisələrindən biri olan avtomobil zavodunun tikintisi aparılır.
Neftçala şəhəri M.Ə. Sabir küçəsində Mərkəzi Rayon Xəstəxanasının binasının əsaslı təmiri işləri başa çatdırılmış, hal-hazırda tikintisi davam etdirilən Neftçala Elektrik Şəbəkəsinin yeni İnzibati binasının son tamamlanma işləri aparılır. Neftçala şəhər M. Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın əsaslı təmiri davam etdirilir.
Uzunluğu 55,1 km olan 21 yaşayış məntəqəsini əhatə edən, 37 min əhalinin yaşadığı Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunda tikinti işləri davam etdirilir. I rüb ərzində yolda 10 su ötürücü boru tikilmiş, torpaq yatağının tikintisi başa çatdırılmış, yol əsasının tikintisi üçün 3100 kub metr material tədarük edilmişdir. Hal hazırda işlər başa davam etdirilir.
Hesabat dövründə Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən rayonda ictimai-siyasi tədbirlərin hazırlanıb keçirilməsinə xüsusi fikir verilmiş, humanitar sahədə bir çox işlər həyata keçirilmişdir.
Cari ilin I rübü ərzində rayonun təhsil müəssisələrində təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının rayon turu keçirilmiş, rayon turunda iştirak etmiş 258 şagirddən 55-i respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanmış, onlardan 5 nəfəri I yerə layiq görülərək final mərhələsində iştirak etmək hüququ əldə etmişlər.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin təşkili ilə bağlı seçim turları keçirilmiş, Şorkənd kənd ümumi orta məktəbin şagirdi rayon üzrə ən yaxşı nəticə göstərərək respublika mərhələsində iştirakını təmin etmişdir.
Bundan əlavə Beynəlxalq fənn olimpiadalarının hazırlıq işlərinin təşkili ilə bağlı fənn müsabiqələri keçirilmiş, final mərhələsində rayonumuzu təmsil edəcək şagirdlər ilə motivasiya xarakterli görüşlərin keçirilməsinə başlanılmışdır.
Azərbaycan Uşaqlarının IV Forumuna iştirakçıların seçilməsi məqsədilə Lənkəran şəhərində təşkil olunan regional görüşlərdə və Azərbaycanın əməkdar elm xadimi, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş "Qələbəyə doğru" intellektual yarışmanın seçim turlarında Rayon İcra Hakimiyyətinin dəstəyi ilə məktəblilərimiz iştirak etmiş, yarışda rayonumuzu təmsil edən "Everest" komandası III yerə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində məktəblilər üçün respublikanın gəzməli-görməli yerlərinə təşkil olunmuş turlarda Neftçala rayonundan olan şagirdlər də iştirak etmiş, onlar mart ayında Quba, Qusar və Xaçmaz rayonlarına ekskursiyalar edərək, həmin yerlərin tarixi, mədəniyyəti və gəzməli yerləri ilə tanış olmuşlar. Şagirdlərin yolasalma mərasimləri Azərbaycan televiziyasında işıqlandırılmış, məktəblilər belə bir layihənin təşkilinə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
Hesabat dövründə rayonun tibb müəssisələrində əhaliyə göstərilən ambulator-poliklinik xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və səhiyyə müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi istiqamətində görülən işlər davam etdirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən fevral ayından rayon ərazisində əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış, bu məqsədlə 3-ü səyyar olmaqla 5 həkim briqadası yaradılmış, tərtib edilmiş qrafikə əsasən ilkin olaraq rayonun idarə, müəssisə və təşkilatların kollektivlərinin tibbi müayinələrdən keçməsi təmin edilmişdir. Aprel ayının 1-dək ümumilikdə rayon üzrə 25459 nəfər profilaktik tibbi müayinələrdən keçmişdir. Müayinələr nəticəsində 880 nəfər ambulator, 9 nəfər stasionar müalicələrə cəlb olunmuş, 13 nəfər isə Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə daha ixtisaslı müayinə və müalicə almaq üçün göndərilmişdir. Hazırda yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələri davam etdirilir.
Hesabat dövründə rayonda gənclərlə bağlı dövlət siyasətinin həyata keçirilməsi, uşaq və gənclərin asudə vaxtlarının təşkili istiqamətində, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Əlamətdar günlər münasibətilə inşa yazı və rəsm müsabiqələri, gənclər arasında milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin yüksəldilməsi, gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, bədən tərbiyəsi və idman sahəsində də müxtəlif yarış və birinciliklər təşkil olunmuş, müvafiq olaraq qaliblər diplom və qiymətli hədiyyələrlə təltif edilmişlər.
Ötən ay rayonumuzda təşkil olunan pnevmatik silahlardan atıcılıq üzrə ölkə çempionatının zona yarışında komandamız uğurla çıxış etmiş, 11 rayonun iştirakçıları arasında II yerə layiq görülərək yarışın final mərhələsinə vəsiqə qazanmışdır.
"2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq islam həmrəyliyinin əhəmiyyəti, islam dəyərlərinə hörmət etməklə Azərbaycanın müsəlman dövlətləri ilə qarşılıqlı faydalı münasibətləri mövzularında bir sıra maarifləndirici və təbliğat xarakterli tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Rayon İcra Hakimiyyəti başçısı aparatı 2017-ci ilin birinci rübündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. Hərbi xidmətə çağırışla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışla bağlı sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən 2017-ci ilin birinci rübündə 72 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdur.
2017-ci ilin birinci rübündə Rayon Polis şöbəsi tərəfindən rayon üzrə müxtəlif xarakterli 41 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə qeydə alınmış cinayətlərin açılması 100 % təşkil edir. Rayon üzrə ümumi cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 cinayət faktı çox olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyarı görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafik tərtib olunmuşdur.
2017-ci ilin I rübündə İcra hakimiyyəti başçısı tərəfindən 10 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 1037 nəfər iştirak etmişdir. Keçirilən görüşlərdə 40 nəfər 30 tənqidi qeyd və təkliflə çıxışlar etmişdir ki, bunlardan 5-i meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, 8-i yol və körpülərin inşası və ya təmiri, 4-ü təhsil müəssisələrinin təmiri və ya inşası, 4-ü elektrik təsərrüfatının yenidən qurulması, 3-ü mavi yanacaq ilə təminat, 2-si abadlıq və quruculuq işlərinin aparılması, 1-i içməli su ilə təminat, 2-si bankomatın quraşdırılması və 1-i məişət tullantılarının daşınmasından ibarət olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılmasından ötrü tədbirlər həyata keçirilmişdir
2017-ci ilin birinci rübündə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 135 müraciət daxil olmuşdur ki, bundan 104 müraciət ərizə, 31 müraciət şikayət xarakterli olmuşdur. Daxil olan müraciətlərdən 131 müraciət nəzarətə alınmadan, 4 müraciət nəzarət qaydasında araşdırılmışdır. 2016-cı ilin birinci rübü ilə müqayisədə müraciətlərin sayı 19 müraciət azalmışdır.
2017-ci ilin birinci rübündə Rayon İcra Hakimiyyətinə daxil olan müraciətlərdən 43 müraciət 4 müraciət nəzarət qaydasında olmaqla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuşdur ki, bu müraciətlərdən 35 müraciət ərizə, 8 müraciət isə şikayət xarakterli olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisindən 11 ərizə, 2 şikayət olmaqla 13 müraciət, respublikanın digər təşkilatlarında 10 ərizə, 17 şikayət olmaqla 27 müraciət, vətəndaşlardan bilavasitə İcra Hakimiyyətinə ünvanlanmış 44 ərizə, 4 şikayət olmaqla 48 müraciət Rayon İcra Hakimiyyətinə daxil olmuşdur.
2017-ci ilin birinci rübündə Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlərdən 10 müraciət kollektiv, 7 müraciət təkrar xarakterli olmuşdur.
Hesabat dövründə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 62 nəfər vətəndaş qəbul edilmişdir. O cümlədən, Rayon İcra Hakimiyyəti başçısı aparatında 22 nəfər, səyyarı qəbullarda 40 nəfər vətəndaş qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatında başçı tərəfindən qəbul olunmuş vətəndaşların müraciətləri mövzular üzrə araşdırılarkən 1 müraciət mənzil ilə təmin olunma, 15 müraciət işlə təmin olunma, 1 müraciət evini qəzalı olması, tikinti materialları ilə köməklik olunması, 1 müraciət torpaq məsələləri, 4 müraciət ünvanlı sosial yardım məsələlər barədə olmuşdur.
Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevin göstərişlərini, imzaladığı fərman və sərəncamlarını və Azərbaycan Respublikasının Qanunlarını əldə rəhbər tutub vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasının səmərəliliyini artırmaq məqsədilə bundan sonra da lazımi tədbirlər görəcək və gələcək fəaliyyətində öz işini günün tələbləri səviyyəsində quracaqdır.